Özünü doğrayan azərbaycanlı yazıçı

Özünü doğrayan azərbaycanlı yazıçı
17 mart 2014
# 09:00

Tofiq Qəhrəmanov – intibah havalı yazıçı

Gözlüyün altından zəndlə baxdı, bir az ironiyaqarışıq ədayla “Niyə yazırsan?” - dedi. Məndən təxminən 7-8 yaş böyük olan bu adamın sualına elə o tondaca ötkəmliklə cavab verdim: “Mə nə bilim? Bilsəydim bura gəlməzdim ki.”

“Bura” dediyim yer 3-cü kurs tələbəsi olduğum ozamankı Lenin adına APİ-nin “Gənc müəllim” qəzetinin redaksiyası idi. Bu gözlüklü adam isə çoxlarının söhbətə girməyə cəsarət etmədiyi yazıçı, eyni zamanda bu qəzetin əməkdaşı Tofiq Qəhrəmanov. “Mə nə bilim e?” - deməyim, həm də mənasız nəzm parçalarıyla zəhləsini tökən tələbələri sərt və ironik danışıq tərzi ilə dolayan bu adamın qabağından qaçmamağım xoşuna gəlmişdi deyəsən. Yanındakı sınıq-salxaq stulu göstərib “Keç otur” dedi.

Oturmağına oturmuşdum, amma onun cəmi iki səhifə yarımlıq hekayəmi diqqətlə oxumağına bir az ürkək-ürkək tamaşa edirdim.

Nəhayət, yazını bitirib başını qaldırdı və gördüm ki, bayaqkı ironik ifadə sifətindən silinib. Bir az rahatlansam da, onun gec dillənməsi lap ürəyimi üzdü. Burnunun üstünə enmiş gözlüyünü geri itələyib bir az gülümsünən təhər oldu və “sən yaza bilərsən” dedi. Üstümdən elə bil dağ götürüldü. Özümə gəlməyə macal tapmamış “amma...” deməyi boğazımı qurutdu. Hekayədəki “bəyaz qar” sözünün üstünə qələmi qoyub sınayıcı nəzərlərlə məni süzdü və “bəyəm qarın ayrı rəngi də olur?” dedi. Başımı buladım, nədən ki, boğazım qurumuşdu, səsim çıxmırdı. Belə-belə hekayədən təxminən ona qədər söz çıxartdı. Tək bir sözə - “şaqqanaq şəkməy”ə ilişəndə dözməyib “olmaz” - dedim, bu söz qalmalıdır. “Axı qaqqanaq deyirlər” - desə də razılaşmadım. Artıq dilim açılmışdı: “Bu şaqqıltıyla gülmək mənasındadır” - deyəndə gülümsünüb buyurdu:

- Olsun, qoy qalsın... Çox sevindim ki, sən yazına, sözünə sahib çıxmağı bacarırsan... Unutma, yazı müqəddəs şeydir. İncil kimi, Quran kimi...

...Beləcə, ilk hekayələrimdən biri olan “Birinci pillə” “Gənc müəllim”də çap olundu. Həm də bu hekayə Tofiqlə mənim aramda körpü rolunu oynadı. Biz onunla yavaş-yavcaş dostlaşdıq. Üç ildə institutda eşitmədiyim söhbətlər edirdi Tofiq. Qara Qarayev, Toğrul Nərimanbəyov, Vısotski, Anna Axmatova,

Boris Pasternak, İosif Brodski... haqqında bilmədiyim şeylər danışdı mənə. Və mübahisələrimiz qızışırdı.

O, “Anarçı”, mən isə “Əkrəmçi-Sabir Əhmədovçu” idim. Yox, bu şəhər-kənd söhbəti deyildi. Bu bir növ hər kəsin mənsub olduğu ədəbi məktəbə bəslədiyi hörmətin ifadəsi idi... Onun Anara çoxlu sayda məktubları vardı. Fəqət o məktublardan heç nə hasil olmadı.

...Tofiq haqqında “Yazı” dərgisinin 1-ci sayında yazmışdım:

“Gördüyüm yazı adamlarının ən istedadlısıydı o. Təkcə yazısına görəmi? Deyil. O, bir klassik musiqi aşiqiydi – Şopeni, Bethoveni, Oqinskini, Qara Qarayevi ilk dəfə onun Yuxarı Dağlıqdakı balaca otağında dinləmişdim. Bu darısqal iş otağının yarısını kitablar, yarısını da vallar tutmuşdu. Tariximizin, ədəbiyyatımızın, dilimizin mükəmməl bilicisiydi. Və gözəl nasir idi.

Amma kor tale onun əlindən nə almaq mümkündürsə almışdı. Axırda gün işığına da həsrət qoydu. Amma sınmadı, əyilmədi, fədakar həyat yoldaşının əzmkarlığı sayəsində yeni-yeni nəsr əsərləri yazdı, namizədlik dissertasiyası müdafiə etdi... (O diktə edir, xanımı makinada yazırdı.)

Onun hekayə və povestləri öz dövrünə görə bir yenilik idi. Və bu yeniliyi o dövrün mühafizəkar naşirləri görmək istəmirdilər, yaxud görə bilmirdilər. “Bahara lap az qalırdı”nı çap etdirənəcən onun öz baharını qara-borana bələdilər. İndi gözdən düşən “Azərbaycan”, “Ulduz” dərgilərində onu çap etməməkçün min oyundan çıxırdılar. Gah əlyazmasını itirirdilər, gah üzünə qarşı qızıl-qırmızı yalan deyirdilər. Adamı çərlədəcək dərəcəyə gətirirdilər. İki gözündən də əlil olan bu gözəl yazıçıya olmazın əzabını verirdilər. Ona pulun nə qədər gərəkli olduğunu bilə-bilə əsərlərini çap etmirdilər ki, qonorar ala biməsin. Onu gün-gün, saat-saat, dəqiqə-dəqiqə öldürürdülər. Yəqin ki, bir çox istedadlıların hamisi olan Əkrəm Əylisli olmasaydı, onun üzünə bütün qapılar bağlı qalacaqdı.

Axırıncı dəfə görüşəndə “artıq qollarım qalxmır, son dəfə haçan ət yediyim yadıma gəlmir” - demişdi. Amma qürurluydu. Heç kimin qabağında əyilmirdi. Nə bir qapı döydü, nə birinə dərdini danışdı.

Amma o vurhavurun içində xeyirxahları da yox deyildi. İsmayıl Vəliyev kitablarını təmənnasız çap edirdi – 200-300 tirajla olsa da! Amma o biri nəşriyyatlarda on min, iyirmi min, hətta otuz min tirajla, indi it dəftərində adı olmayanların cild-cild kitabları çıxırdı. Qonorarı da şal arasına yığıb daşıyırdılar. Biri belə də demişdi o vaxt: “Bir dəstərxan arası pul aldım son kitabıma görə”.

Tofiqinsə “Cəlladımız zalım idi” (Yanvar faciəsi saatbasaat bu sənədli əsərdə verilmişdi) kitabı yalnız dostlara paylanacaq sayda işıq üzü görmüşdü.

Tofiqin gözlərini müalicə etdirməkçün bircə sanballı kitabını buraxsaydılar, qonorarı bəs edəcəkdi. Bunusa etmədilər. Axı necə etsinlər? Ata oğula yazdırırdı qonorarı, oğul qaynataya, kürəkən qaynanaya, qayına, bacanağa... Hə, bizdə bacanaq ədəbiyyatı çiçəklənmişdi. Üç-dörd şair kimilər bacanaq olduqları bəs deyildi, qayınlarını da döyə-döyə şair eləmişdilər...

Son vaxtlar mən də Tofiqə tez-tez baş çəkə bilmirdim. Sağ olsun Tehran Əlişanoğlunu!

Müəllim, ustad bildiyi bu insanın sağlığında öz qapısını, öləndən sonra əsərlərinin qapısını o açardı tez-tez...

...Axırıncı dəfə görüşdüyümüzdə bir yüngülcə süfrə də açmışdıq. Hərəyə iki yüz qram araq da içdik, ordan-burdan danışdıq. Tofiq qəribə şeylər danışırdı. “Bunu belə edərsiniz, filan yazımı filan cür verərsiniz... ağzı bağlı bir zərf qoymuşam onu açıb oxuyarsınız...”

O, biz dostlarına vəsiyyət edirmiş deməyəsən...

Səkkiz martdan neçə gün ötmüşdü, bilmirəm. O məşum hadisəni eşidib qaçdım Yuxarı Dağlıq küçəsinə. Danışdılar ki, qapını içəridən bağlayıb, özünü doğrayıb... O, balaca elm məbədi, ürfan otağı qana bələnmişdi.

Bir istedadlı yazıçının qanını öz əliylə tökdülər. Ki deməsinlər biz öldürmüşük.

Ona ölümündən sonra Rəsul Rza mükafatı verdilər. Niyə? Kimə? Axı heç o mükafatı alası oğul-uşaq da yox idi.

O mükafatı verməklə Tofiqin qanını ikinci dəfə tökdülər.”

...Yuxarı Dağlının adını dəyişmişdilər. Deyəsən Abdulla Şaiq küçəsi qoymuşdular. “Alə, Abdulla Şaiqin bura nəxlü var, alə?! Heç olmuya Cəfər Cabbarlı qoyeydülər...” - deyib zarıyırdı. Qeyri-müəyyən səmtə (daha o heç görmürdü) baxıb: “Mən uduzdum, qədeş, süzün şkola qalüb gəldi”, - deyib acı-acı gülümsündü. Mən onun nəyə işarə vurduğunu bilsəm də, susdum. Heç vaxt yenilməyini istəmədiyim dostumun etirafı məni sevindirmədi...

... Bu yaxınlarda Əkrəm Əylisli ilə görüşdük. Söz sözü çəkdi və mən Tofiqdən danışdım.

Ustad “Gözəl yazıçıydı, heyf ondan” - dedi...

...Bir neçə adam var ki, onları heç cür unuda bilmirəm. Sabir Əhmədli, Eldar Baxış, İsa İsmayılzadə və Tofiq Qəhrəmanov... Onların içi intibah havasıyla dolu idi. Limhalim. O qədərki, hamıya pay çatardı.

# 5395 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #