Böyük rus rejissorundan “Arşın mal alan” haqda sensasion iddia

Böyük rus rejissorundan “Arşın mal alan” haqda sensasion iddia
17 sentyabr 2013
# 08:00

Mixail Rommun “Kino kimi” kitabında rejissor Rza Təhmasibin “Arşın mal alan” filminin (1945) Moskvada xüsusi komissiya tərəfindən qəbulu prosesi təsvir olunub. Maraqlı olduğunu nəzərə alaraq kitabdakı bu parçanı təqdim edirik:

“Komissiyaya filmlə tanış olub, fikir bildirmək tapşırılmışdı. Axşam yığışdıq, filmi bizə göstərdilər. Təbii ki, çox pis film idi. Sonra yuxarı qalxdıq, balaca otaqda müzakirəyə başlayan kimi çıxış etdim:

- Yoldaşlar, bu cəfəngiyata vaxt sərf eləməyəcəyik. Mənə güvənin. Yuxarıya məruzə eləyəcəyəm ki, ortabab filmdi, qadağa qoymağa da səbəb yoxdu, göylərə qaldırmağa da. Pis filmdi, amma yəqin ekranlara çıxacaq. Çıxır, çıxsın.

Mənimlə hamı razılaşdı, amma Eyzenşteyn:

- Yox, mən razı deyiləm, bu subyektiv fikirdi, sizin şəxsi zövqünüzdü, Mixail İlyiç, - dedi və güldü.

Mən:

- Necə bəyəm? Yəni sizin xoşunuza gəldi?

Eyzenşteyn:

- Bu nə deməkdi? Məgər «mənim xoşuma gəldi, ya da gəlmədi» demək olar? Biz son dərəcə məsuliyyətli bədii şuranın komissiyasıyıq. Filmə də elmi meyarlarla münasibət bildirməliyik.

- Bu filmə hansı elmi meyarlarla münasibət bildirmək olar?

- Bircə dənə meyar var: biz bu filmdə vahid üslubun olub-olmadığını, rejissorun üslub ardıcıllığını qoruyub-qorumadığını müəyyənləşdirməliyik. Əgər filmdə vahid üslub tapsaq, deməli, o- sənət əsəridi. Pisdi, ya yaxşıdı, bunu uzun illərdən sonra demək mümkün olacaq. İndi bu barədə danışmağa haqqımız yoxdu.

Mən Sergey Mixayloviçə baxdım və təəccüblə soruşdum:

- Ciddi deyirsiniz?!

Sergey Mixayloviç:

- Tamamilə.

Mən:

- Məni bağışlayın bu filmdə hansı vahid üslub tapmısız?

Eyzenşteyn cavabında:

- İndi deyərəm. Mən bu filmdə dəqiqliklə izlənilmiş xətt və vahid üslub həlli görürəm. Bu, Parisin pornoqrafik açıqcalarının tərzidi. Lakin Bakı nəşrində. Nəzərə alsaq ki, film, milli incəsənət nümunəsidi, onda üslubun Bakıya uyğunlaşdırılması təbiidi. Bunu sizə sübut eləyə bilərəm. Mən bu filmdə bircə qüsur görürəm: kostyumlardan sui-istifadə olunub. Mixail İlyiç, bir anlıq təsəvvür eləyin ki, bütün qəhrəmanların paltarlarının aşağı hissəsini soyundurduq. Görün, nə alınır? – dedi və bir dəstə kağız götürərək «Arşın mal alan»ı ildırım sürətilə kadrbarkadr çəkməyə başladı- ancaq şalvarsız. Özü də elə ədəbsiz şeylər çəkirdi ki… Filmdə gördüyümüz kompozisiyalar tamamilə inanılmaz hala düşmüşdülər. Məsələn, əynində smokinq, boğazında kəpənək qalstuk, başında quzu dərisindən papaq olan qəhrəman şalvarsız qeyri-adi təəssürat yaradırdı. Eyzenşteyn onun tüklü ayaqlarını və hansı oyunlar çıxardığını təsvir eləyirdi.

Gülməkdən ölmüşdük. Sergey Mixayloviç təxminən, ayır-ayrı səhnənin on beş-iyirmi dənə rəsmini çəkdi».

Kitabdan gətirdiyimiz sitat burda başa çatır. Lakin oxucuların məsələni daha yaxşı başa düşməsi üçün Eyzeşteynin xarakteri ilə bağlı bəzi məqamları da vurğulamaq gərəkdir.

Eyzenşteyn filmin vahid üslubundan danışanda qətiyyən zarafat eləmirdi. O, fikirlərinin komissiyanın protokoluna «xüsusi rəy» kimi əlavə olunmasını tələb eləmiş, Bədii Şuranın Bolşakovun rəhbərliyi ilə keçirilən ikinci iclasında filmdə vahid üslubun qorunduğunu, rejissorun üslub ardıcıllığını pozmadığını, bir film üçün bunun ən vacib keyfiyyət amillərindən biri olduğunu təkidlə bildirmişdi. Sonra isə əlavə eləmişdi: «bircə qüsur var: paltar çoxdu».

Rza Təhmasibin «nə mənada paltar çoxdu?» sualına da əli ilə qurşaqdan aşağını göstərərək qısa və konkret: «Burdan o yana» deyə cavab vermişdi. Və Bədii Şuranın protokolu Mərkəzi Komitəyə- şəxsən Stalinə Sergey Eyzenşteynin xüsusi rəyi ilə birlikdə göndərilmişdi.

Eyzenşteyn filmi həqiqətən bəyənmişdisə, bəs niyə onu «soyundurmuşdu», pornoşəkillərlə bəzəmişdi?

Çünki özü haqqında «sözlər mənim stixiyam deyil» deyən dahi rus rejissoru fikirlərini həmişə pornoqrafik şəkillərin köməyi ilə izah eləyirdi. Eyzenşteynə görə «incəsənət əsəri məzmunu ilə müasir məntiqi düşüncəyə meyllənsə də, forma baxımından psixikanın arxaik mexanizmlərinə təsir eləməlidi». (V.İvanov: «Naməlum Eyzenşteyn-sənətkar və avanqardın problemləri. Eyzenşteynin qalmaqallı rəsmləri və sənətinin «əsas problemi»).

Təəssüf ki, balaca bir məqalədə dahi rus rejissorunun həyat – yaradıcılıq fəlsəfəsini, ideyalarını geniş yazmaq mümkün deyil. Bircə onu deyə bilərik ki, istinad nöqtəsini Freydin psixoanalizindən götürən seksuallıq və onun rəsmlərlə əksi Eyzenşteynin yaradıcılığından qırmızı xətt kimi keçir. Rejissor «Potyomkin» zirehli gəmisi», «Aleksandr Nevski», «İvan Qroznı» və digər filmlərinin, quruluş verdiyi tamaşaların ideyalarını, tapdığı priyomları, vizual ifadə tərzini, məhz, bu tip metaforik pornorəsmlərin müşayiəti ilə əsaslandırırdı. Məsələn, İvan Qroznı rolunun ifaçısı Çerkasova obrazın xarakteristikasını izah eləyəndə «Fallos Çar» silsiləsini yaradıb. Ssenarist Babel Pirojkov hər dəfə arvadını kabinetə buraxmazdan əvvəl Eyzenşteynin çəkdiyi rəsmləri yığıb yandırırmış.

Bu yerdə haşiyə çıxaraq dahi rejissorla bağlı bir faktı da yazmaq istəyirəm:

Meksikada hindu adət-ənənələri və qədim hindu divar rəsmləri ilə tanış olan Eyzenşteyn Sovet İttifaqına qayıdandan sonra arxaik psixikanın sirlərini öyrənmək və onun kino dilində əksinə nail olmaq məqsədilə psixoloqlar- A.R.Luriya, L.S.Vıqotski, linqvist N.Y.Marrdan ibarət xüsusi komanda yaratmışdı. Məqsəd-hər bir müasir insanda qalıqları qalmış və emosional stress zamanı üzə çıxan qədim şüuru araşdırmaq idi. Alimlər həmçinin Eyzenşteynin ağlına gələn ideyaların, filmlərdə istifadə eləmək istədiyi səhnələrin, detalların geneologiyasını, mifoloji köklərini araşdırırdılar. Qısası, Eyzenşteynin filmləri haqqında deyilən «hər şey riyazi dəqiqliklə hesablanıb» fikri qətiyyən mübaliğə deyil.

O ki qaldı, «Arşın mal alan» filmi haqqında dedikləri və çəkdiklərinə… Bu, həm də onun filmi sənət yox, partiya ideologiyası baxımından dəyərləndirən qorxaq komissiya üzvlərinə özünəməxsus etirazı idi. Hardan bilirik? Eyzenşteynin şəxsi qeydlərindən (mətn kinoşünas Ayaz Salayev tərəfindən tərcümə olunub)

«Deməli, belə qardaşlar, iyulun 5-də bədii şuranın iclasında əməlli-başlı hay-küy düşmüşdü. Şura “Bakı” kinostudiyasında istehsal olunan «Arşın mal alan» filmini müzakirəyə çıxarmışdı. Filmə ən birinci yoldaş R. (Mixail Romm nəzərdə tutulur - A.S) hücum çəkdi. O, filmi sosioloji aspektdən atəşə tutdu, burjuaziya dövrünü rəğbət doğuran şəkildə təsvir elədiyinə, qəhrəman kimi 1910-11-ci illərin cavan tacirlərini seçdiklərinə görə ciddi tənqid elədi. Halbuki söhbət ən xırda detalına qədər bütün şərq aləminə bələd olan operettanın ekranlaşdırmasından gedirdi. Odur ki, bu məşhur süjetin finalını dəyişib faciəyə çevirmək «Romeo və Cülyetta»ya xoşbəxt final yazmağa bənzəyərdi.


Yoldaş O. da (yəqin ki, Bədii Şuranın rəhbəri Oxlopkov nəzərdə tutulur- A.S) öz növbəsində çılğınlıqla filmin tərtibatındakı zövqsüzlüyü qınadı, bəlağətli sözlərlə guya ekranda görmək istədiyi, amma görə bilmədiyi sirli şərqin gözəlliklərindən danışdı. Amma məncə, onlar öz iradlarında haqsız idilər.

Qoyun dərisindən papaqla uzlaşan qara frak, avropasayağı yay şlyapası ilə uzlaşan ağ kostyumun fonunda qara qafqazlı bığları, Sandunov hamamı zövqündə zal - bunlar filmin quruluşçu rejissorunun zövqsüzlüyü deyil. Əksinə 10-cu illər Bakı ticarət mühitinin əsl obrazıdı. Həmçinin bu yanaşma sırf estetik baxımdan o qədər cəzbedici və yenidi ki, hətta hardasa gömrükçü Russonun (məşhur fransız primitiv rəssamı Anri Russo - A.S.) Paris muzeyindəki şəkillərini, yaxud Pirosmanaşvilinin qara plyonkada çəkilmiş əsərlərini xatırladır.


Bakıya ilk gəlişimi xatırlayıram. Bu, mənim gördüyüm ilk Şərq şəhəri idi. O vaxt hər addımda Şəhrizadın nağıllarındakı bağlarla, fars miniatürləri ilə rastlaşacağımı fikirləşirdim. Amma indi filmə nöqsan tutulan həmin o özgə Şərqlə qarşılaşdım. Bəli, «Arşın mal alan» filmi, Şərq interyerlərini bizə «Bağdad oğrusu» və «Hindistan məqbərəsi» resepti ilə göstərmədi. Ancaq Allah haqqı, adları çəkilən əsərlər «Arşın mal alan»dan çox zövqsüzdü. Forma etibarilə milli, özünəməxsus bir filmi bizim ölçülərlə mühakimə eləmək kökündən yanlışdır».

# 7483 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #