Əri ola-ola dul qalan qadınlar

Əri ola-ola dul qalan qadınlar
8 avqust 2017
# 11:31

Kulis.az kinoşünas Aygün Aslanlının bu günlərdə təqdim olunan "Nar bağı" filmi haqqında resenziyasını təqdim edir.

Nar öz daxili strukturuna görə antik filosoflarda, dini kitablarda həmişə müxtəlifliyin vəhdəti, birliyi ilə asossiasiya olunub. Eyni zamanda sevgi, nigah və seksuallığın rəmzidi. Həm də cəhənnəmin...

Ola bilsin ki, keçən həftə premyerası olan “Nar bağı” filminin müəllifləri Çexovun “Albalı bağı”na göndərmə olsun deyə öz əsərlərini “Nar bağı” adlandırıblar. (Titrlərdə “Albalı bağı”ndan təsirləndikləri yazılmışdı). Bəlkə...

Amma digər tərəfdən bilənlər bilir ki, kinoda heç nə təsadüfən, elə-belə olmur. Ailə, insan münasibətlərindən danışan filmə “Nar bağı” adının qoyulması da təsadüf ola bilməz.

“Nar bağı”, rejissor İlqar Nəcəfin ikinci tammetrajlı bədii filmidi. Ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdidi. Əsas rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Rövşən Kərimduxt ifa edirlər. Filmin ilk premyerası bu ilin iyul ayında 52-ci Karlovi-Varı festivalında baş tutub, 13-cü Avrasiya Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb, aktyor Qurban İsmayılov isə “ən yaxşı kişi” rolu nominasiyasında qalib olub.

Film, Azərbaycanda hələ sovetlər zamanı vüsət alan, müasir dövrdə isə dərinləşib kəskin mənfi nəticələr verən bir problemdən - qazanc dalınca Rusiyaya gedib qayıtmayan kişilər, ərləri sağ ola-ola dul kimi yaşayan və özlərini diri-diri basdıran qadınlar, atasız böyüyən uşaqlardan bəhs eləyir.

Uzun illər əvvəl xəbərsiz-ətərsiz Rusiyaya getmiş Qabil (Səmimi Fərhad) elə getdiyi kimi, gözlənilmədən kəndə qayıdır. Bir neçə gün ailəsi ilə yaşayır. Ailə, nəhayət, hər şeyin yoluna düşdüyünə, xoşbəxt olduqlarına inanmağa başlayanda isə Qabil onlara daha ağır zərbə vurur və yenə yoxa çıxır...

Картинки по запросу nar bağı filmi

“Nar bağı”, Azərbaycan kinosunda sözügedən mövzuya ilk müraciət deyil. Rejissor Mirbala Səlimlinin 2002-ci ildə lentə aldığı “Odla qol-boyun” adlı qısametrajlı bədii filmi də eyni mövzuya həsr olunub. Amma “Odla qol-boyun”da problem daha çox melodram qatında həll edilibsə, “Nar bağı”nda müəlliflər realistik yanaşmaya üstünlük veriblər. Əhvalat heç bir emosional təzyiq, manipulyasiya olmadan, soyuqqanlı tərzdə nəql edilir: film boyu iri planlardan yox deyiləcək qədər az istifadə olunub, qəhrəmanlarla kamera arasında daim müəyyən bir məsafə, sərhəd var. O, hətta həlledici epizodlarda belə həmin sərhədi keçmir, obrazlar arasında ayrıseçkilik salmır. Yəqin, elə bu səbəbdəndi ki, istər gərgin psixoloji, istər xoşbəxtlik səhnələrinin, az qala, hamısında heç kim obyektivin qarşısında tək qalmır (panoram və kadrdaxili montajın köməyilə).

“Nar bağı”nda kamera, həmişə bir-iki addım aralıda dayanan, baş verənləri ağacların arxasından, pəncərədən, çayın o biri sahilindən, yol kənarından görən və göstərən hal şahididi. Hakimlik ixtiyarı tamaşaçıya buraxılıb.

Ancaq aktual sosial mövzu “Nar bağı”nın üst qatıdı. Onun bir də alt qatı var- submövzusu. “Nar bağı” məhkumluq haqqındadı. Bu filmdə günahkar, haqlı və ya haqsız yoxdu, öz talelərinə məhkum olan insanlar var.

Sara dünyaya gəldiyi ilk gündən yaşadığı həyata məhkum olunub. Çünki qadındı. Üstəlik davranışlarından hiss olunur ki, bu evliliyə məcbur edilməyib, bəlkə hətta ərini sevir də. Buna görə də üsyan, ya da etiraz eləmək bir yana, heç üz-gözünü turşutmağı da ağlına gətirmir. O, sadəcə boynuna qoyulmuş öhdəliyi layiqincə yerinə yetirməyə çalışır. Yeri gəlmişkən, aktrisa İlahə Həsənova xəsisliklə istifadə elədiyi mimikaları, zərif jestləri vasitəsilə qəhrəmanının intim istəklərini kənd qadınının xarakterinə xas mütiliklə son dərəcə orqanik şəkildə uzlaşdırmağı, hər halı ilə təbii, bütöv və yaddaqalan bir obraz yaratmağı bacarıb.

Похожее изображение

Şamil də (Qurban İsmayılov) məhkumdu – yeganə oğlunun səhvlərini düzəltməyə, onun atıb getdiyi ailəsinin qayğısına qalmağa... Hərçənd Şamilinki atalıq duyğusundan gələn könüllü məhkumiyyətdi. Buna görə də çox sevdiyi, ömrü boyu qulluq elədiyi bağını satmağa razılıq verir, pulun bir hissəsinin nəvəsinin adına banka yatırılmağını istəyir, baxmayaraq ki, oğlu Rusiyada vəziyyətinin düzəldiyini, çoxlu pulu olduğunu deyir.

Ancaq onların arasında zəncirin ən ağırını Qabil daşıyır. O öz qorxularının qurbanıdı və onlara məhkumdu. 12 il əvvəl qardaşının ölümündə günahlandırılacağından qorxur və qaçır. Sonra qızının həyatını xilas eləməkdən ötrü geri qayıdır, amma bu dəfə də həqiqəti deməyə qorxur və öz cəhənnəmini yaradır, bütün film boyu səmimi ürəyini açdığı yeganə insanı – oğlunu və təkrar ona güvənməyə başlayan atasını – həm gələcəyini, həm də keçmişini itirir, özünü ömürlük vicdan əzabına məhkum eləyir.

Və nəhayət balaca Cəlal... O, bütün baş verənləri kənardan – damın kirəmitləri arasındakı dəlikdən izləməyə məhkumdu. Amma digərlərində fərqli olaraq onun hələki seçimi var, hələki həyatın rəngli, yoxsa boz olmasına özü qərar verə bilər, bilir, məsələn, onu incidən şeylərlə qarşılaşanda həkimin verdiyi sarğını gözünün üstünə çəkir, vəssalam.

“Nar bağı” filminin ümumi atmosferi - qırmızı narların, yaşıl yarpaqların belə hərarətləndirə bilmədiyi, əksinə onların fonunda daha çox diqqət çəkən bozluq, soyuqluq, dialoqların azlığı da məhkumluq duyğusunun dərinləşməsinə xidmət eləyir.

Bircə metaforalar - Saranın yuxusu, Cəlalın divara çırpıb partlatdığı narlar, oğulun qayıtdığı gün evin damması, Habil və Qabil adları- sürprizi korlayır. Filmin ilk on-on beş dəqiqəsində, demək olar ki, ard-arda gələn bu səhnələr sanki... Sanki yox, tamaşaçıya onu nə gözlədiyini açıq-aşkar deyir və bu “açıqlığı”na görə həm bəsit təsir bağışlayır, həm də filmin tempini aşağı salır.

Похожее изображение

“Nar bağı” filminin sonunda Cəlalın gözü sağalır, Şamil yeni torpaq sahəsi alır... və Sara... Sara hamilədi... Mədəniyyət və Turizm nazirliyində oturan məmurlarımız bu finalı daha uyğun hesab eləyiblər... Düzü, ilk dəfə onlarla razılaşıram. Amma ona görə yox ki, Şamil təzə bağ salmağa, Sara da dünyaya yeni həyat gətirməyə hazırlaşırdı və hər şey unudulmuşdu. Yox. Şamil o bağı salmağa, Sara da o uşağı doğmağa məhkumdu... Çünki sistem yaşayır, onun dustaqlarından fərqli davranış gözləmək ağılsızlıqdı.

Nazirliyin versiyası ilə razılaşmağımın səbəbi Cəlaldı. O, artıq həyata hər iki gözü ilə baxır, hər şeyi olduğu kimi görür. Bəlkə nə vaxtsa anasını, babasını məhkum eləyən sistemi dağıtmağa çalışacaq? Nə bilmək olar.. Ümid sonda ölür...

xeber365.com

# 2574 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #