"Şehli çəmənlərin işığı" – İsi Məlikzadədən HEKAYƏ

"Şehli çəmənlərin işığı" – <span style="color:red;">İsi Məlikzadədən HEKAYƏ
24 iyun 2018
# 16:30

Kulis.Az mərhum yazıçı İsi Məlikzadənin "Şehli çəmənlərin işığı" hekayəsini təqdim edir.

Altmış yaşı tamam olan günü Mirzə evdən çölə çıxmadı; həm qardan-borandan qorxurdu, həm də bazarlıq eləməyə ehtiyac yox idi, onsuz da Mirzənin ad gününə heç kəs gəlməyəcəkdi: arvadı öləndən bəri – beş il idi ki, Mirzə ad gününü keçirmirdi. Əlbəttə, Mirzənin oğlu, gəlini, nəvələri gələcəkdilər – onlarçün yeməyə bir şey tapılar: kolbasa var, pendir var, quru balıq var… peçenye də var – çay içərlər.

Mirzə mətbəxdə bir loxma çörəyi güclə yedi, elə bil boğazı tikilmişdi. Yatağından durandan ovqatı korlanmışdı, fikirləşirdi ki, ömür kitabından altmışıncı vərəq də düşdü – səssiz-səmirsiz düşən bu vərəqə heyfslənirdi – görəsən axırıncı vərəq deyil ki, bu?

Mirzə pəncərənin qabağına gəldi. Küləyin hirsi-hikkəsi səngimişdi. Ağacların, dirəklərin dibində qar təpələnmişdi, evlərin damı ağappaq idi. Bu ağlığın sonu, nəhayəti görünmürdü. Təkcə səma tutqun idi. Göyün bozluğu qəsəbənin başı üstündə pərdə kimi asılmışdı; hələ axşama çox vardı; ancaq hava alatoran idi. Qırx il idi ki, Mirzə bu diyarın boranına-çovğununa tab gətirirdi, amma Mirzənin ab-havadan belə darıxdığı olmamışdı. Görəsən, bu göyün sinəsi boşalacaqmı? Hələ çox yağacaq: bu ay da, gələn ay da, o biri ay da. Dünyanın hər yerindən qış ayağını çəkəcək, ancaq burda yenə taxtapuşların qırağından sırsıra sallanacaq.

Mirzə bu torpağa ilk dəfə qədəm qoyanda müharibə təzəcə qurtarmışdı, onda Mirzə davanın od-alovunu, cəhənnəmini görmüş cavanca oğlan idi. Ordudan buraxılandan sonra evlərində cəmi bir ay qaldı. Anasına bir şəkil göstərib dedi, yanımda dayanan bu qız Ninadır, gedib bunu gətirməliyəm, ana, izn verin. Arvad şəklə baxdı: əsgər geyimli, göyçək qız başını Mirzənin çiyninə söykəyib elə gülümsəyirdi, elə bil dünyanın ən bəxtəvər adamı idi, elə bil bu şəkli davada yox, toy günündə çəkdirmişdi. Arvad sevindiyindən ağladı, dedi, buna qurban olum, sənə də, izni Allah verib, oğlu, get gəlinimizi gətir. Mirzənin deyiklisi-filanı yox idi, bu qız onun ilk məhəbbəti, gözünün ilk ovu idi, həm də Mirzə onu bombaların, güllələrin altında, qan-qadanın, ölümün içində tapmışdı – niyə gedib gətirməsin? «Get, bala, get gətir, Allah sizi xoşbəxt eləsin. Qoşa qarıyasınız, oğullu-qızlı olasınız. Get gətir, başına dönüm».

Amma Nina gəlmədi. Dedi, faşist köpəyoğlu təhsilimi yarımçıq qoyub, gərək həkim olam mən. Haqq sözə Mirzə nə qulp qoya bilərdi? Gedib daş kömür mədənində işə düzəldi, gözlədi ki, Nina diplomunu alsın.

Sonra Ninanın oğlu oldu, Mirzənin başı qarışdı onu böyütməyə. Oğlan üç yaşına çatanda Nina bir qız doğdu. Rayona qayıtmaq sözünü Mirzə day dilinə gətirmədi… Mirzənin anası oğlunun yolunu gözləyə-gözləyə canını tapşırdı Allaha… Gün gəldi, ata da bu dünyadan köçdü. Daha doğma yurdda Mirzənin kimi var, nəyi var? Bir bacı qalıb, o da ərdədi. Həm də məvacibli işi, üz-gözün öyrəşdiyi dost-tanışı, doğmalaşdığın yerləri qoyub hara gedəsən? Həyatını təzədən necə qurasan, necə sahmana salasan. Burda yaxşı motorçu kimi ad qazanıb, sayılan mütəxəssislərdəndir. Zərrə-zərrə qazanılan hörməti birdən-birə heç-puç eləməyə kimin ürəyi gələr? Axı, o yerlərdə Mirzə kimin yadına düşür, kimə lazımdır?

Axşam Mirzə yun şala bürünüb oturdu televizorun qabağında, amma bir gözü qapıda, qulağı səsdə idi. Kaş bir adam girəydi içəri – kim olur-olsun – gəlib sözü, nəfəsi ilə Mirzənin ürəyindəki buzu əridəydi. Nina öləndən bəri bu mənzilin işığı, hərarəti azalmışdı. Nina tez getdi dünyadan. İnsan üçün əlli beş yaş nədir ki? Belə də iş olar: cavanlığında gündə yüz yol ölümün gözlərinə baxasan, onunla gizlənqaç oynayasan, sonra da əlli beş yaşında, dünyanın qulağıdinc vaxtında qəflətən öləsən? Ədalətsizliyə bir bax. Kimə giley eləyəsən, kimdən kimə şikayətlənəsən?..

Mirzənin oğlu gəldi. Gətirdiyi qocafəndi köynəyi dolabçanın üstünə qoyub dedi:

- Təbrik eləyirəm, papa. – Sonra soyuq dodaqları ilə atasının üzündən öpdü, dirənə-dirənə: - Uşaqları evdə tək qoymuşam, - dedi.

Mirzə anladı ki, oğlu elə-belə, atasına ayaqüstə dəyməyə gəlib. Soruşdu ki?

- Bəs arvadın hanı?

Oğlan gözlərini qıyıb stolun üstündəki teleqramı oxudu: «Əziz ata, sənə bu qədər də ömür arzulayıram. Hədiyyəni göndərəcəm. Səni hədsiz sevən qızın Maya». Oğlan teleqramı oxuyandan sonra atasının sualına cavab verdi:

- Lida növbədədir, papa, xəstəxananı qoyub gələ bilməz. İndi nizam-intizam məsələsinə ciddi fikir verirlər, həkimin həddi nədir ki, növbəni buraxıb beşcə dəqiqəliyə harasa getsin.

Mirzə gözlərini televizorun ekranına zilləsə də, orda heç nə görmürdü, elə hey başını yelləyirdi. Qəbri nurla dolsun Ninanın, özü həkim idi, istəyirdi ailədə hamı həkim olsun. Arzusuna çatdı: oğlunu da həkim elədi, qızını da. Xoşbəxtlikdən gəlin də həkimdir. Həkim çox, amma dərd-sər yenə azalmır, Mirzənin canı yenə ağrıyır, Mirzə gün-gündən qocalır.

Kişi köks ötürüb pıçıltı ilə dedi:

- Belə-belə işlər, Anatoli Mirzəyeviç.

Anatoli atasının sözlərini başqa yerə yozdu.

- Sən Lidadan incimə – dedi. – Lida sənin xətrini çox istəyir. Sabah növbədən çıxan kimi gələcək səni təbrik eləməyə. – Deyəsən, atasının bugünkü ovqatı, xəstə görkəmi, tənhalığı Anatolinin qəlbini ağrıtdı. Oğlan kişinin ağarmış qaşlarına baxıb, yüngülcə ah çəkdi, onun çiynini sığallaya-sığallaya, uşaq ovundururmuş kimi, mülayim səslə danışdı:

- Elə bilmə ki, övladların qədirbilməzdilər. Yox, papa, bir sənin yolunda ölümə də gedərik. Neynəyək ki, hamının başı qarışıqdı, hərənin öz qayğısı, vacib işləri var. Sən heç Mayadan da küsmə, bu qarda-boranda üç yüz kilometr yolu necə gəlsin? Körpə uşaqları var, əri hərbçidir, buraxmırlar, axı.

Oğlunu mütəəssir eləməmək üçün Mirzə gülümsəmək istədi, ancaq təbəssümü dodaqlarının cəvcəsində donub qaldı və Anatoliyə elə gəldi ki, atası ağlamsınır. Oğlu atasının çiynini qucaqladı. İstədi desin ki, «ayıb deyil?», ancaq bircə kəlmə:

- Papa. – dedi.

Mirzə toxtaq səslə:

- Get. Doktor, - dedi, - uşaqlar evdə təkdirlər.

Anatoli atasının o üzündən- bu üzündən üç dəfə öpüb getdi.

Otaq soyuq olmasa da, Mirzə hiss elədi ki, üşüyür, çiynindəki yun şala bərk-bərk büründü. Təzədən baş qaldırıb uğultu-çığırtı ilə özünü daş binalara çırpan hikkəli-qəzəbli küləyin səsinə qulaq asa-asan fikirləşdi ki, bu dünyada insanın yaşamaq, yaratmaq, əlləşib çarpışmaq borcundan savayı bir məcburi, mütləq borcu da var: ölmək! Deyəsən, vaxtdır, axı…

Mirzə qalxıb televizoru söndürdü, ayaqlarını parket döşəmədə sürüyə-sürüyə pəncərənin önünə gəldi. Alaqaranlıq çöldə ağ toz kimi sovrulan qarı görəndə yun şala daha da bərk bürünüb fikirləşdi ki, belə havada ölüb camaata əziyyət vermək heç insafdan, kişilikdən deyil. Bu an elə bil ürəyinin hansı guşəsindəsə bir şam yandı və bu şam onun yaddaşının zülmətində qalmış uzaq illərin üstünə şəfəq saldı. Mirzə «inqə» çağırıb dünyaya göz açdığı, nə vaxtsa torpağında ayaqyalın gəzdiyi, çəməninin şehində, göyünün yağışında islandığı, bağ-biabanlarında gərənayladığı diyarı yüngül, işıqlı bir yuxu kimi xatırladı. İndi martın axırıdır, yəqin orada ağaclar çiçək açıb, havadan ətir qoxusu gəlir, quşlar budaqdan-budağa qonub cəh-cəh vururlar, gecələr çaylarda, gölməçələrdə qurbağalar tənbəl-tənbəl quruldayıb adama mürgü gətirirlər.

O gecə Mirzənin yuxusu ərşə çəkildi. Mirzə gözlərini yuman kimi çiçək açmış ağacları, yamyaşıl çölləri gördü, quşların mahnısını, qurbağaların qurultusunu eşitdi. Ömrünün əlçatmaz, ünyetməz çağlarında qoyub gəldiyi bir torpağın ətri dəydi burnuna. Heç olmasa, bircə dəfə üzünü o torpağa sürtmək, canında o torpağın hərarətini duymaq arzusu ilə ürəyinin başı göynədi. Yadına bir bayatı düşdü:

Əzizim vətən yaxşı

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

Bu nədi, görəsən? Mirzənin ürəyinin hansı guşəsində qalmışdı bu bayatı? Qırx ildə bircə dəfə də dilinə gəlməmişdi. Bu sözləri kim qoşub, kim deyib belə? Yəqin ki, qürbətdə ölüm ayağında olanlar! Qürbətdə olmayan adam hardan bilər ki, «ölməyə vətən yaxşı»?

Bu fikirlər də, bu fikirlərin gətirdiyi ağrılar da Mirzə üçün xoş idi. Mirzə xəyalən körpəliyinə, gəncliyinə, işıqla, günəşlə dolu çağlarına qayıdırdı və bu qaranlıq otaqda Mirzənin ovqatı yavaş-yavaş yaxşılaşırdı. O, işıqlı, günəşli çağlarına dönəndə Mirzə tanış, doğma sifətlər içində cizgiləri güclə sezilən ala-tutqun bir sifət də gördü. Mirzənin gözlərinin qabağında sanki duman pərdəsi vardı. Bu ağımtıl pərdə get-gedə aydınlaşdı, durulaşdı və Mirzə kinə rəngində, dəmromlu bir sifət gördü, iri, yorğun gözlər gördü: dipdiri Həsən idi, durmuşdu Mirzənin qarşısında. Bu Həsən kimdir belə, bu Həsən hardan çıxdı? Mirzənin yaddaşının hansı ilməsində qalıb bu Həsən?

Həsən rayona bitişik kənddən idi, orda altı il oxuyandan sonra, nədənsə, çıxıb gəlmişdi rayon mərkəzindəki məktəbə, yeddincini burda, Mirzəgillə bir sinifdə oxuyurdu. Bəlkə ordan bezdirib qaçırtmışdılar, bəlkə də başqa səbəb vardı – bunu heç kim bilmirdi, heç kim də Həsəndən soruşmurdu. Həsən o qədər yolu hər gün piyada ölçərdi, dərsə bircə dəfə də gecikməzdi. Sakit, arıq oğlan idi. Əyin-başı nimdaş olsa da, təmiz idi. Qədək şalvarı, deyəsən, te-tez yuyulduğundan həm soluxmuşdu, həm də daralıb gödəlmişdi. Çox vaxt tənəffüslərdə partanın arxasından çıxmırdı, elə bil şalvarının bozluğundan, yöndəmsizliyindən utanırdı. Həmişə yorğun, yuxulu görünürdü. Baxışlarında, nədənsə, bir ürkəklik vardı. Həsən pis oxuyurdu. Onun bircə dəfə də dərs danışdığını bu sinifdə görən olmamışdı. Heç kim Həsənlə yaxınlıq eləmirdi, o da heç kimin işinə, söhbətinə qarışmırdı. Sanki sinifdə Həsən adlı oğlan yox idi. Mirzənin arxasındakı partada oturardı Həsən. Mirzənin sağ yanındakı partada isə alagöz, sarışın bir qız oturardı; adı ya Çiçək idi, ya Göyçək… Bu alagöz, sarışın qız Mirzəyə yaman baxardı. Hərdən gülümsəyə-gülümsəyə elə baxardı ki, Mirzə lap utanardı.

Bir gün coğrafiya dərsində Qeysər müəllim əlini xəritənin üstündə gəzdirə-gəzdirə uşaqlara nəyisə başa salmağa çalışırdı. Alagöz, sarışın qız ona qulaq asmırdı, qızın diqqəti Mirzənin yanında idi. Qeysər müəllim bunu görəndə danışığını kəsib qıza tərs-tərs baxdı. Həsən qızı xəbərdar eləmək istədi, «üzünü o yana döndər» dedi. Sarışın qızın qaşlarının ortası düyünləndi və Mirzə dilxor oldu. Həsən belə deməməliydi. Həsən heç cınqırını da çıxartmamalıydı, Həsən kimdir, nə karadır ki, bu göyçək qızı pərt eləyir? Mirzənin ürəyində qəribə bir hiss baş qaldırdı: təəssübkeşlik hissi deyildi bu, üstünlüyünü sarışın qıza və bütün sinfə bildirmək istəyi idi, Mirzənin ağlını yerindən oynadan yalançı qürur idi. Mirzə qalxıb geri çevrildi və sağ əli ilə Həsənə elə bir sillə çəkdi ki, əlinin içi gör-gör göynədi. Şapıltıya hamı başını Həsənə tərəf döndərdi və elə bil hamı indi gördü ki, bu sinifdə Həsən adlı bir oğlan varmış.

Həsənin rəngi elə ağardı ki, üzünün dəmrovu itdi, nazik dodaqları titrədi, nəmli iri gözləri bir az da iriləndi. Həsən pərtlikdən keyidi, nə günahın sahibi olduğunu dərk eləyə bilmədi, qaldı udquna-udquna.

Qeysər müəllim səbirli, təmkinli adam idi, amma – o da eynən Həsən kimi ağarmışdı – qışqırıb Mirzəni sinifdən qovdu.

Bu əhvalatdan sonra Həsən dərsə gəlmədi, day Həsəni görən olmadı, Həsən hamının yadından çıxdı…

Bəs Mirzənin heydən düşən vədəsində Həsən hardan peyda oldu? Onun iri, nəmli gözləri qaranlıq otağın hər künc-bucağından niyə belə biganə baxır görəsən? Birdən Mirzənin sağ əlinin içi gör-gör göynədi, sanki Həsəni indicə vurmuşdu. Niyə Həsən onda cavabını vermədi Mirzənin? Kaş onda Həsən də Mirzəni vuraydı, lap onun ağız-burnunu qanadaydı, yoxsa indi belə göynəməzdi Mirzə. Görəsən, indi Həsən hardadır? Görəsən o davaya getdimi? Ölübmü, qalıbmı?.. Gözləri elə nəmlidirmi?.. Yenə elə ürkəkdirmi?

Səhərə yaxın Mirzənin kirpikləri ağırlaşdı, Mirzə özünü ucsuz-bucaqsız bir bağda gördü, alça, ərik çiçəklərinin ətrini çəkdi sinəsinə, qaranquşların, sığırçınların cəh-cəhini eşitdi: Yuxuya gethagetdə, sayaqlayırmış kimi, pıçıldadı: «Ölməyə vətən yaxşı… vallah, vətən yaxşı…»

***

Çamadanın ağırlığından bir çiyni əyilmiş, qaşları ağ kişinin həyətə girdiyini görəndə Güldəstənin qıçları sözünə baxmadı – başladı titrəməyə – havası çatmayan adam təki gözləri dirəndi.

Ağqaş kişi, dodaqları səyriyə-səyriyə gülümsədi:

- Niyə belə baxırsan? – dedi. – Qardaşınam də… Mirzə…

Dizləri bükülhabüküldə Güldəstə: «Ay qardaş!» - deyib bir cikkə çəkdi ki, Mirzənin başının tükləri biz-biz oldu.

Beşcə dəqiqədən sonra qonum-qonşuya duy vuruldu ki, rəhmətlik Salmanın oğlu Mirzə gəlib. Yeniyetmələr, cavanlar key qaldılar: görəsən Mirzə kimdir və hardan gəlib? Amma yaşlılar, ağsaqqallar bilirdilər ki, Mirzə Güldəstənin gözünün ağı-qarası bircə qardaşıdır, özü də qırx ildən çoxdur ki, «dünyanın o başında» - «Dalni Vostok» deyilən yerdə yaşayır, bu eldə bir ocaq yandırmayıb, bir koma qaraltmayıb, bir ağac əkməyib, bu eldə bir namı-nişanəsi yoxdur onun. Görəsən nə olub, nə əhvalat baş verib ki, qırx ildən sonra, yazın çal-çağır vədəsində Mirzənin güzarı bu yerlərə düşüb?

Camaat «Dalni Vostok» sözündə bir sirr-müəmma, soyuqluq, əlçatmazlıq görürdü. Hamı bilirdi ki, «Dalni Vostok» deyilən yer burdan çox-çox-çox uzaqdadır və orda həmişə qar olur, buz olur, gün tez çıxıb, tez batır, həm də oranın günü adamın canını qızdırmır. Buzların içindən gəlmiş Mirzəyə baxmaqçün qonşular axışdılar Güldəstəgilə və gördülər ki, Mirzə solğun bənizli, ortaboylu, arıq bir kişidir. Gördülər ki, Mirzənin saçı da, qaşları da «Dalni Vostok»un qarı kimi ağappaqdır, özü də elə bir suyu bacısına oxşayır; burnu onun burnu kimi nazikdir, gözləri də eynən Güldəstənin gözləri: badamı, qonur…

Yeznə Qədirə xəbər getdi, Qədir «Jiquli» də özünü çatdırdı həyətə. Mirzəni öpüb basdı bağrına, başladı hönkürtü vurmağa, amma görəndə ki, Mirzə ağlamır, o dəqiqə səsini kəsdi…

Hələ Güldəstə qardaşı ilə nəfəs-nəfəsə doyunca oturmamışdı, hələ Güldəstənin uşaqları söz axtara-axtara, dirənə-dirənə danışan dayılarına qıraqdan gözüdolusu baxmamışdılar, hələ qonum-qonşu «Dalni Vostok» dan hal-əhval tutmamışdı – Mirzə dedi ki, qəbristanlığa getmək istəyirəm.

Yeznə Qədir Mirzəni «Jiquli»yə qoyub, apardı qəbristanlığa…

Ata-anasının qəbri yan-yana idi. Qəbirlərin torpağı çökmüşdü, yan-yörəsini ot-alaq basmışdı, baş ağacları çürüyüb qaralmışdı. Baxımsızlıqdan pis hala düşmüş bu qəbirləri görəndə Mirzədən çox Qədir utandı. Qədir hazırlaşdı ki, Mirzə ağlasa, o da ağlasın, amma Mirzə ağlamadı və Qədirin xirtdəyinə dirənmiş qəhər o dəqiqə sovuşub getdi.

Mirzə qəbristanlığa nəzər saldı. Dirilər var-yoxlarından çıxıb, burda ölülərə büsat düzəltmişdilər. Hara baxırdın qara, qırmızı, ağ mərmər idi. Adamboyu başdaşılar, qranitdən yonulmuş büstlər, dəmirdən şəbəkə hasarlar…

Mirzə ata-anasının az qala yerlə-yeksan olmuş qəbirlərinə baxdı, sonra qonur gözlərini, nədənsə, Qədirin üzünə zillədi. Qədir tez çöməlib qəbirlərin yan-yörəsindəki alağı yoluşdurmağa başladı. Bir azdan Mirzə də ona qoşuldu və qət elədi ki, günü sabahdan bu qəbirləri sahmana salacaq. Bu qəbirlər sahibsiz deyil, burada yatan kişinin, arvadın oğlu hələ ölməyib. «Gəlmişəm, əzizlərim, gəlmişəm… Bağışlayın ki, gec gəlmişəm».

Anası öləndə də gec gəlmişdi. Tez necə gələydi? Buracıq deyil, oracıq deyil. Mirzə teleqramı alandan sonra hazırlaşıb yola düşənəcən iş-işdən keçmişdi. Mirzə rayona çatanda anasının yeddisini vermişdilər, day başsağlığına gəlib-gedən yox idi. Evdən təzədən ağlaşma başlandı. Güldəstə qardaşını qucaqlayıb ağı dedi. Onda Güldəstə cavan idi, Qədirlə təzəcə evlənmişdilər. Sən demə, Güldəstənin yanıqlı səsi varmış, elə dil ağladı ki, Qədir özünü saxlaya bilmədi – hönkürdü, nə hönkürdü. Amma Mirzə sanki daş idi, odun idi – dayanıb durmuşdu, elə bil ağlamaq yadına düşmürdü. Bunu görəndə Qədir hönkürtüsünü kəsdi. Gözlərindən hələm-hələm yaş çıxmayan Salman kişi də arxasını həyətdəki tut ağacına söykəyib ağladı. Kişi, deyəsən, arvadının ölümündən çox neçə illik ayrılıqdan sonra oğlunu dədə yurdunda gördüyünə kövrəlib ağlayırdı. Yavaş-yavaş hamı kiridi.

Mirzə gözlərini qollu-budaqlı tut ağacının yorğun gövdəsinə zilləyib, uşaqlığını yadına saldı. Bu ağacın lap təpəsinə dırmanardı, mət kimi ağ tutu dənə-dənə qırıb ağzına atardı. İndi payızdır, ağacın yarpaqları tökülüb, ağac lütlənib, adam buna baxanda kövrəlir. Həm də bu ağac Mirzəyə yəqin ona görə belə qəmli görünür ki, Mirzənin anası ölüb. İndi bu həyətdə gözlərinə dəyən hər şey Mirzəni kədərləndirir, hətta atasının çal saqqalı da, alnındakı dərin qırışlar da… Mirzə boğazını arıtlayıb, deyəsən danışmaq xatirinə atasından soruşdu ki, anam son nəfəsində nə dedi, nə vəsiyyət elədi. Kişi çiyinlərini çəkib, təzədən ağlamaqçün bir himə bənd adamsayağı hüznlə səslə cavab verdi ki, Səmaya rəhmətlik heç nə demədi, vəsiyyət-zad eləmədi, gecə qəflətən keçinib, heç xəbər də tutmamışıq.

İki gündən sonra Mirzə qayıdıb getdi – iş adamı idi, icazə alıb gəlmişdi, burda çox qala bilməzdi.

İndi qəbirlərin alağını təmizləyə-təmizləyə Qədir istədi soruşsun ki, qağa, genə tez qayıdacaqsan? Amma bunun əvəzində başqa söz dedi. Dedi:

- Qağa, başına dönüm, bəs adam el-obasını, qohum-əqrabasını belə yaddan çıxardar? Ağlamaqdan bacın az qalıb kor olsun. Adın gələndə, inandığım haqqı, Güldəstənin dodaqlarında bir damcı qan qalmır. Mənim sözlərimi danlaq, məzəmmət kimi qəbul eləmə, qurbanın olum. Hər şey bir yana, axı burda sənin atanın, ananın qəbri var. Bu torpaqda sənin doğmaların, əzizlərin yaşayır.

Mirzə bir əlcə yerin alağını təmizləyib heydən düşmüşdü, güclə nəfəs alırdı. Onun badamı, qonur gözlərində dəfolunmaz bir ağrının əzabı görünürdü.

Qədir indicə dediyi sözlərdən peşman oldu.

- Qağa, başına dönüm, yoxsa xətrinə dəydim?

Mirzə dikəldi, yolduğu bir çəngə alağa tövşüyə-tövşüyə baxdı və tövşüyə-tövşüyə Qədirin gözləmədiyi bir söz dedi:

- Ölməyə gəlmişəm, Qədir.

Qədir əlindəki alağı tulladı yerə. Ağzını açıb mat-mat Mirzəyə baxdı. Handan-hana:

- Bıy, əşi, səni istəməyənlər ölsün, - dedi və qəhərlənə-qəhərlənə gözlədi ki, yəqin indi Mirzə ağlayıb ürəyini boşaldacaq, amma gördü ki, Mirzə ağlayana oxşamır, çox toxtaqdı, onda Qədir də toxtadı. Dedi: - Qağa, bu nə sözdü danışırsan?

Mirzə yenə tövşüyə-tövşüyə:

- Əcəlim çatıb, - dedi, - amma Güldəstə bilməsin ha. Eşitdin, Qədir? Ölməyə gəlmişəm vətənə. – Yenə ata-anasının qəbrinə baxdı, fikirləşdi ki, günü sabah usta tapıb bu qəbirləri düzəltdirmək lazımdır, yoxsa sonra gec olar.

Mirzə təzədən üzünü matı-qutu qurumuş Qədirə tutub, yorğun-yorğun gülümsədi, solğun bənizinə təbəssüm işığı yayılanda Mirzə o qədər gözəl, yaraşıqlı göründü ki, Qədir onun ölümünə heyfisləndi, istədi ağlasın. Qəhərdən boğula-boğula:

- Qağa… - dedi.

Mirzə başını qaldırıb tərtəmiz səmaya baxdı. Havanı ciyərlərinə elə çəkdi ki, qansız dodaqları səyridi, elə dodaqları səyriyə-səyriyə də dedi:

- Ölməyə Vətən yaxşı, Qədir… Vətən yaxşı.

Qəbristanlıqdan çıxandan sonra Mirzə rayonu, maşınla da olsa, gəzmək, qırx il bundan qabaq qoyub getdiyi yerlərə axırıncı dəfə baxmaq qərarına gəldi. Qədir tələsdi, qorxdu ki, birdən Mirzənin sözü gerçək olar, Mirzə doğma yurdu görməmiş ölər – «Jiquli»ni o küçəyə sürdü, bu küçəyə sürdü, göstərməli nə vardısa, hamısını Mirzəyə göstərdi, Mirzə gördü ki, bura tamam başqa aləmdi, bura onun qoyub getdiyi tozlu-palçıqlı rayon deyil, burda yastı damlardan, qarğı çəpərlərdən əsər-əlamət qalmayıb. Nə araba var, nə arabaçı. Maşınlar belədən eləyə şütüyür, elədən beləyə… Bütün küçələrə asfalt döşənib. Burda daşdan evlər tikilib ki, tamaşasına adam iki göz də borc almaq istəyir. Təzə bazar, təzə xəstəxana, ikimərtəbəli univermaq, mədəniyyət sarayı, musiqi məktəbi… Bunları görəndən sonra arxayın ölmək olar. Amma ölməmişdən əvvəl o iki qəbri abıra salmaq lazımdır. Bir də Həsəni axtarmaq, sağdırsa, tapıb onun könlünü almaq lazımdır, yoxsa Mirzənin sağ əlinin içi o dünyada da gör-gör göynəyəcək. Ondan sonra rayonun ortasındakı bağda, bir palıd ağacının kölgəsində oturub doğma yurdun havasından doyunca udmaq və bu torpaqla halallaşmaq olar. Vəssalam! Yox, nə vəssalam? Səhərdən bəri Mirzənin ürəyini didim-didim didən qaranlın bir məsələ qalır, indi, bu dəqiqə onu aydınlaşdırmasa, Mirzə bu dünyada nisgilli köçəcək.

Mirzə dedi:

- Qədir, mən bura gələndə dədə-baba evimizə getmək istədim, amma çaşıb qaldım, evi tapa bilmədim, adamlardan soruşmağa da utandım. Yəni təzə evlərin içində itib-batıb evimiz? İndi kimlər olur orda? Qədir dodaqlarının qıraqları ilə gülümsəyib, maşını bağın ayağından geri döndərdi.

Rayonu tən yarıya bölən ensiz Qarqar çayının üstündəki dəmir körpüdən keçdilər… Bax, bu çaydan bir az aralıda od dəyirmanı vardı – indi yoxdu. Yerində ikimərtəbəli bina tikilib, deyəsən, idarədi… Sağ yanda gümbəzli hamam olmalı idi. Hanı bəs? «Bizim ev gümbəzli hamamın qabağındaydı».

Qədir maşını saxladı.

- Bu da sizin ev, - deyib gülümsədi. Gördü ki, Mirzə bulud kimi tutulub, o da ciddiləşdi. Dedi: - Ev də adam kimidi: yiyəsiz, baxımsız qalanda tez qocalır… Hökumət dəyərini verib sökdü, yerində də görürsən də…

Evin yerində balaca daş meydança salınmışdı, meydançanın içində söykənəcəkli taxta skamyalar qoyulmuşdu. Lap ortada hovuz vardı. Mirzə gözlərini dibi görünən dayaz hovuza zilləyib soruşdu:

- Bəs tut ağacı hanı? Burda tut ağacı vardı.

Qədir cavab vermədi, fikirləşdi ki, Mirzə qəribə adamdı, atasından o boyda evi yerlə-yeksan olub, yurdu dağılıb, onun dərdini çəkmir, bir qartımış ağac hayındadı…

Qonum-qonşu gecə yarıdan keçəndə dağılışdı. Mirzəni sorğu-suala tutub əldən salmışdılar. Uşaqlar yatışandan sonra otaqda Mirzə, Qədir, bir də Güldəstə qaldı. Güldəstə deyəsən, səhərə qədər Mirzəylə diz-dizə oturmaq fikrində idi. Sandıqdan saralmış bir şəkil çıxardıb:

- Sən yadıma düşəndə buna baxıram, - dedi. Heç yadımdan çıxırsanmı? Ay tövbə!

Bu şəkil nə vaxtın şəkli idi, görəsən? Burda Mirzə də cavan idi, Nina da, uşaqlar da körpə idilər. Bu şəkli Güldəstəyə kim göndərib? Bu şəkildən Mirzəgildə, deyəsən, yoxdu heç. Mirzə şəkli alıb, arxasına baxdı və öz xəttini tanıdı: «Sevimli ata-anama!» nədənsə, bu sözlərdən zəhləsi getdi. Şəkli bacısına qaytardı və hiss elədi ki, bacısı bu şəkillə bağlı onun nəsə deyəcəyini gözləyir.

Mirzə dedi:

- Heyif Ninadan, yaxşı adam idi.

Güldəstə şəklə zənlə baxa-baxa:

- Gəlinimizi görmək bizə qismət olmadı, - dedi, sonra da əlavə elədi ki: - Maşallah, yaxşı uşaqların var, kuklaya oxşayırlar.

Mirzə gülümsədi:

- İndi day kuklaya oxşamırlar, - dedi, - yekəliblər… Orda Tolikin beş-altı yaşı olar, Maya da ondan üç yaş kiçikdi.

Güldəstə qardaşının qəlbinə dəyməkdən qorxurmuş kimi ehtiyatla danışdı:

- Qurbanın olum, bir nisgil ürəyimi parçalayır, axı. Ayaqlarının altında ölüm, a Mirzə, bəs belə də dərd olarmı ki, sənin balalarının ayağı bu torpağa dəymədi! Balaların bizi tanımırlar, biz də onlara həsrətik.

Mirzə yumruğunu ağzına dirəyib, iki dəfə öskürdü və Güldəstə başa düşdü ki, qardaşı cavab tapmaqda çətinlik çəkir, başa düşdü ki, indi bu söhbətin, bu şikayətin məqamı deyildi.

Güldəstə təzədən şəklə baxıb, kövrələ-kövrələ soruşdu:

- Dərdin mənə gəlsin, qardaş, balaların sənə görüm-baxım eləyirlərmi?

Qədir arvadına gözlərini ağartdı, amma Güldəstə ərinin hədəsini vecinə almadı. Qədir gözlərini təzədən zillədi Mirzənin ağzına.

Mirzə gülümsəyə-gülümsəyə dedi:

- Mənim pensiyam onların maaşından çoxdu, bilmirəm nəyə xərcləyim, hara xərcləyim. Hərdən mən onlara görüm-baxım eləyirəm.

Mirzənin gözləri süzülürdü, bənizi bir az da ağarmışdı. Qədir arvadına təpindi.

- Dur, kişinin yerini sal, aaz!

Yatağına uzananda Mirzə bu qərara gəldi ki, sabah Həsəni soraqlasın. Bəlkə Həsənin sümüyü də sürmə olub? Sağdırsa, qoy Mirzəni bağışlasın, ölübsə, qəbri nurla dolsun… Sonra Mirzə nazik adyalı sinəsinə çəkib qulaq verdi ki, qurbağalar indi quruldayar, bir azdan quruldayar. Ha gözlədi, qurbağa qurultsu eşitmədi. Bunlara nə oldu, bunlar hara yoxa çıxdı görəsən? Qurbağa od dəyirmanı deyil, gümbəzli hamam deyil. Salman kişinin ev deyil – sökələr, izi-tozu da qalmaya. Yəni bu həndəvərdə ikicə qurbağa yoxdu ki, ağız-ağıza verib quruldaya?

Huşa gethagetdə Mirzə o biri otaqda nazik bir inilti eşitdi: Güldəstə inildəyirdi. Demək, Qədir dilini dinc saxlaya bilməyib, Mirzənin vətəndə ölmək niyyətini danışıb Güldəstəyə. Eh, ay Qədir, ay Qədir… Dörd övlad atasısan, nəvən də var, saçın-saqqalın ağarıb, amma ağzında su isinmir.

***

Xərcin çoxluğu Mirzəni qorxutmadı, Mirzə Şuşadan boz mərmər gətirtdi, qəbirlərin ikisini də eyni biçimdə düzəltdirdi. Ustaya Mirzə özü kömək eləyirdi: qəbiristanlığın ortasındakı hovuzdan su gətirirdi, palçıq qarışdırırdı, amma qəribə idi ki, əvvəlki təki yorulmurdu, təng-nəfəs olmurdu, hiss edirdi ki, bədəninə təpər gəlir. Bu gün dəmir şəbəkəni – qəbirlərin hasarını da gətirib qoyacaqdılar və buradakı iş tamam olacaqdı. İşini belə tez qurtarmağı Mirzənin ürəyincə deyildi, ona elə gəlirdi ki, görəcəyi işlər azaldıqca ölümü yaxınlaşır. Mirzə tez ölmək istəmirdi, düzünə qalsa, heç ölmək istəmirdi; bura gəldiyi iyirmi gündə əməlli-başlı dirçəlmişdi. Güldəstə də, Qədir də səhər-səhər yerlərindən duran kimi Mirzəyə baş çəkirdilər, altdan-altdan onun rəng-rufuna fikir verirdilər. Mirzə hər dəfə süfrədəki nemətləri xımır-xımır yeyəndə Güldəstənin qonur gözləri nəmlənirdi. Güldəstə o biri otağa keçib, üzünü tavana tuturdu: «İlahi, kərəminə min şükür, - deyirdi, - bircəcə qardaşımın yanaqlarına qan gəlib. Sənə atam-anam qurban, ya rəbb, mənə qardaş vayı, qardaş dağı göstərmə, Mirzədən qabaq mənim canımı al». Güldəstə qardaşının əvəzində ölməyə, doğrudan da hazır idi, çünki Qədir demişkən, Mirzə axırda oğulluq, övladlıq borcunu başa düşüb, valideynlərinin ruhunu şad eləyib. Hərçənd vaxtı çox ötürüb, amma nə eybi, kişi fərli iş görüb. Ləng tərpənmək, gecikmək, onsuz da Mirzənin keçmiş peşəsidir.

Atası öləndə də Mirzə dəfnə gecikdi. Kişi də payızda köçdü dünyadan. Onda da hava bir az sərintəhər idi, yer-yurd xəzəllə dolu idi, qolu-budaqlı tut ağacı da lümlüt idi. Hər şey anası öləndə olduğu kimi idi, intəhası Salman yox idi bu həyətdə, indi onun əvəzində Qədir kürəyini tut ağacına söykəyib gözləyirdi ki, Mirzə ağlasa, o da ağlasın. Mirzə dodaqlarını çeynəyə-çeynəyə Güldəstənin ağısına qulaq asdı, bulud kimi tutuldu, bıçaq vursaydın Mirzənin bir damcı qanı çıxmazdı, di gəl ki, gözləri nəmlənmədi. Bu Mirzə daşdı, qayadı, ağacdı nə di görəsən? Anası öldü – ağlamadı, atası öldü – ağlamadı. Bəs nə vaxt ağlayacaq bu? Mirzə tut ağacının cadar-cadar gövdəsinə baxdı, ağac qocalmışdı, qurumaqçün bir himə bənd idi. Mirzə fikirləşdi ki, bir də yolu doğma yurda düşsə, şahtutu yerində görməyəcək, yəqin şahtut axırıncı payızını yaşayır. Həyətdəki xəzəl də, indi sahibsiz qalmış ev də ağaclar da adama kədər gətirirdi. Mirzə dərindən ah çəkdi, üzünü Qədirə tutub, hüznlü səslə soruşdu: «Atam öləndə nə vəsiyyət elədi, nə soruşdu?» Qədir kürəyini ağacın qartımış gövdəsindən araladı, hələ də zümzüməylə ağlayan arvadına baxa-baxa dedi: «Kişi neçə gün səni arzuladı… Rəhmətliyin dilində elə sənin adın idi».

Mirzə iki gündən sonra qayıtdı: icazə almışdı, iş adamı idi, burda çox qala bilməzdi, həm də vaxtının çoxunu yol aparırdı – oracıq deyil, buracıq deyil, get ki, çatacaqsan…

«Jiquli»nin siqnalını eşidəndə Mirzə fikirdən ayrıldı. Gördü ki, Qədir maşından düşüb gülümsəyə-gülümsəyə ona tərəf gəlir.

Qədir dedi:

- Qağa, on iki Həsən tapmışam, amma heç hansı sən axtaran döyül. Çopur Həsən var… Qayqanaq Həsən… Moyka Həsən… Köndələn Həsən… Kukla Həsən… Çoxu da səndən cavandı.

- Mən axtardığım Həsənin üzündə dəmrov vardı.

Təəccübdən Qədirin qaşları dartıldı.

- Başına dönüm, qağa, indiyə dəmrov qalar?

- Rayona bitişik binədən gəlmişdi,

- İndi binə nə gəzir? Rayon addayıb keçib binənin üstündən. Amma tapacam, fikir eləmə, sağdırsa, əlimdən qurtara bilməz.

Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin qaramtıl üzündə gəzdirdi. Qədir necə qayğıkeş, necə istiqanlı adam imiş. Bu ucaboy, arıq kişinin gücünə, təpərinə, fərasətinə bax. Çörək zavodunda işini də görür, bazarlıq da eləyir, həyət bacada da əlləşir, hələ desən, Mirzənin qulluğunda da durur.

Qədir qəbirlərin mərmər sinədaşlarına baxa-baxa dedi:

- Qağa, bunları mən də düzəltdirə bilərdim, amma kürəkən bir ayrı, oğul bir ayrı.

Mirzə yeznəsinə dil-ağız eləmək istəyirdi ki, yük maşınında qəbirlərin hasarını gətirdilər. Dəmir şəbəkə çox böyük idi, içinə dörd beş qəbir sığardı.

Qədir soruşdu:

- Qağa, bu boyda hasar nəyə lazımdı?

Mirzə başını mənalı-mənalı tərpətdi.

- Bəs özüm? – dedi, amma ba fikirdən indi bir az qorxan kimi oldu. Söz ağzından çıxmışdı, dalını gətirməliydi. – Aralarında yer yoxdu, yanlarında yer seçmişəm… Anam tərəfdən… Sağda atam, solda mən, ortada anam…

Adamın öz ölümündən belə arxayın danışa biləcəyi Qədirin ağlına heç cür batmırdı; Mirzə elə danışırdı, guya sabah həyət-bacada görəcəyi işi götür-qoy edirdi.

Mirzə gözləri yol çəkə-çəkə:

- Belə-belə işlər, - dedi, sonra özünə gəlib, yan-yörəyə baxdı.

Bahar günəşinin qırmızımtıl-sarı şəfəqi yerə çökmüşdü və bu şəfəqdən yaşıl tər otlar, çiçəklər, ağaclar – hər şey alov rənginə çalırdı. İlıq havadan qızılgül ətri gəlirdi, uzaqda-yaxında quşlar cikkildəşirdi. Mirzə fikirləşdi ki, ilin bu əyyamında ölümdən danışmaq, vallah, axmaqlıqdır.

Mirzə rahat köks ötürüb, gözlərindən təbəssüm tökülə-tökülə güzgü təki tərtəmiz göyə baxdı.

Elə bu vaxt yük maşınının sürücüsü – cavan oğlan – Qədiri səslədi.

- Qədir dayı, mənə Həsən məsələsi demişdin ha!

Qədir hələ heyrətdən özünə gəlməmişdi – key-key soruşdu:

- Nə Həsən, ə?!

Oğlan dedi:

- Tapşırmışdın ki, harda Həmən görsəm, sənə xəbər eləyim. Birini tapmışam… Rayona lap yaxındakı kolxozda – «Şəfəq»də işləyir. Mexanikdi… Yaşı altmış olar, familiyası da Novruzovdur.

Qədir Mirzənin üzünə baxdı.

- Sənin Həsəninin familiyası Novruzovdu?

Mirzə başını buladı:

- Yadımda deyil.

***

Səhərisi gün rayonun yaxınlığındakı kolxoza Mirzə tək getdi.

Uzun talvarın altında çoxlu pambıqyığan maşın vardı, burda adamlar vur-həşirlə işləyirdilər. Mirzə kənardan hamıya göz qoydu, amma axtardığı Həsənə bənzəyən adam görmədi. Həsəni soruşdu. Maşınlardan birinin yanında ortaboy, dolubədən bir kişi qabağa gəlib, əllərini çirkli əskiyə silə-silə:

- Həsən mənəm, - dedi.

Mirzə zəndlə kişiyə baxdı. Yox, əşi, o Həsən hara, bu Həsən hara? O, arıq idi, onun boğazı armud saplağı kimi idi, gözləri də alma boyda. Bu, cantaraqdır, bunun biləkləri pəhləvan biləklərinə oxşayır, gözləri o qədər də iri deyil.

Mirzə başını bulayıb mızıldandı:

- Bağışlayın, mənə başqa Həsən lazımdı.

Kişi gülümisədi.

- Nə fərqi var? – dedi. – mən də dünyadakı Həsənlərdən biri. Əgər Həsənə işiniz düşübsə, mən hazır.

Mirzə sağ əlini sinəsinə qoyub:

- Var olun, - dedi. – O Həsən arıq oğlan idi… Üzündə dəmrov vardı… Xəstəhal… Gözləri də…

Kişi, Mirzənin sözünü yarımçıq kəsdi:

- Həsənin oğlanlığından gör nə qədər vaxt keçir, hər il bircə kilo ətlənsə, bircə qırıq dəyişsə…

Mirzə də onun sözünü yarımçıq kəsdi:

- Otuz doqquzuncu ildə biznən yeddinci sinifdə oxuyurdu. İmtahanlara bir ay qalmış çıxıb getdi.

Kişi səsini alçaldıb, gözlərini qıya-qıya dedi:

- Çünki Qeysər müəllimin dərsində sən ona bir sillə vurmuşdun.

Mirzənin içindən bir sızıltı keçdi, sağ əli gör-gör göynədi, dili topuq çaldı.

- Mən… Mənim yanımda… mənnən qonşu bir qız otururdu. Yanımdakı partada… Alagöz, sarıbəniz… Adı da ya Çiçək idi, ya Göyçək.

Həsən:

- Yox, - dedi, - nə Çiçəkdi, nə Göyçək… Adı Qəşəngdi… Gözləri ala.

- Hə.

- Saçları sarı.

- Hə.

- Sən tərəfə çox baxardı.

- Doğrudu.

- İndi mənim arvadımdı o… Matın-qutun qurumasın, həmin Həsən mənəm. Mən səni görən dəqiqə tanıdım.

Mirzənin qıçlarına zəif bir əsməcə gəldi. Mirzə bilmədi Həsənə əl versin, yoxsa qucaqlasın onu.

Həsən özü qucaqladı Mirzəni.

- Xoş gördük! – dedi. – Hərdən yadıma düşürdün. Ürəyimdən keçirdi ki, səni bir görəydim, sənə «sağ ol» deyəydim. Sən onda məni vurmasaydın, mən Qəşənglə evlənməyəcəkdim… Onda gözlərimdən alov püskürdü. Həmin dəqiqə özümə söz verdim ki, Mirzənin acığına bu qızı alacam.

Mirzə, Həsənin qolları arasından çıxıb, onun qabarıq sinəsinə, enli çiyinlərinə nəzər saldı.

- Bir buna bax, - dedi. – Onda skeletə oxşayırdı, adam bundan ürpənirdi.

- Onda otuz doqquzuncu il idi, qardaş, indi səksən beşdi. Gör neçə il keçib. – Həsən yaxınlıqdakı maşının yanında işləyən oğlanı göstərib: - Kiçiyimdi, - dedi, - mənə oxşayır?

Mirzə gözlərini qıyıb oğlana baxdı.

- Yox, sarışındı, anasına oxşayır, - dedi və birdən oğlanı səslədi:

- Ay bala, onu düz qoymursan! – Mirzə oğlana yanaşdı, açarı ondan alıb özü başladı işləməyə.

Həsən dedi:

- Sən olan tərəflərdə pambıq əkmirlər, bu maşına hardan bələdsən?

Mirzə əllərini Həsənin əlindəki əsgiyə sildi.

- Mən matorçuyam, - dedi. - Daş kömür mədənində cürbəcür maşın var. Davada da tankçı olmuşam. Matorlardan başım çıxır. Davada olmusan?

- Məni qırx dörddə apardılar. Topçu idim, yüngül bir yara da almışam. – Həsən birdən-birə söhbətin səmtini dəyişdi.

- Nə əcəb güzarın bu yerlərə düşüb?

Mirzə cavabı ləngitdi, istədi desin ki, ölməyə gəlmişəm, ancaq demədi; bilirdi ki, köçünü o dünyaya hazırlayan adama oxşamır. Gördü ki, Həsən gözlərini zilləyib onun ağarmış qaşlarına, dedi:

- Torpaq çəkib gətirir.

Gecə yatağına uzananda Mirzə canında xoş bir yorğunluq duydu… Yuxuya nə vaxt getdiyindən özünün də xəbəri olmadı…

Obaşdandan siqnal səsinə oyandı. Sonra Qədir artırmadan çağırdı onu:

- Qağa, çöldə səni bir kişi gözləyir!

Mirzə pijamada tez küçəyə çıxdı. Tez də qayıtdı. Şüşəbənddə dayanıb nigaran-nigaran ona baxan bacısına dedi:

- Həsən «Jiquli»ynən gəlib dalımca. Bir az yemək qoy, aparım, bəlkə gec qayıtdım. Maşınları yığıma hazırlamaq lazımdı… İş çoxdu.

Mirzə otağa keçib paltarını tələm-tələsik dəyişdi. Güldəstənin mətbəxdə bağlama düzəldə-düzəldə ağlamağından xəbəri olmadı.

1985

# 2554 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #