Kulis.Az “Axşam oxusu” layihəsindən mərum yazıçı İsi Məlikzadənin hekayələrini təqdim edir
Alma ağacı
Cəfər hündür barıya dırmaşıb həyətə boylandı. Zakirin yer qazdığını görüb qışqırdı:
- Ey! Orda neyniyirsən?
- Ağac əkirəm, - deyə Zakir astadan cavab verdi.
Cəfər barını aşıb onun yanına gəldi. Zakir nazik zoğlu balaca alma ağacının birini Cəfərə uzatdı:
- Al, bağınızda əkərsən, bir-iki ildən sonra böyüyər, bar verər, -dedi.
Cəfər çiyinlərini çəkdi:
- Nəyimə lazımdır? Uşaqlar sənin adını bağban qoyublar, özün də ək.
- Pis iş deyil ki, sən də öyrən.
- Mən bilirəm.
- Bilmirsən...
- Bilirəm.
Onlar xeyli mübahisə etdilər. Cəfər acığa düşüb alma ağacını Zakirdən aldı. Zakir dedi:
- Əkməyini mən sənə öyrədərəm.
- Lazım deyil, mən özüm səndən də yaxşı bacarıram - deyib Cəfər getdi.
O, həyətin ortasında çala qazıdı. Ağacı basdırıb dibinə də bir vedrə su tökdü...
Aradan bir ay keçdi. Zakirin əkdiyi alma ağacı yavaş-yavaş dirçəlməyə başladı. Cəfərin ağacı isə günü-gündən quruyurdu. O, nə qədər fikirləşirdisə, bunun səbəbini anlaya bilmirdi. Zakirdən də soruşmaq istəmirdi. “Mənə nə düşüb Zakirdən öyrənim? Qoy o məndən öyrənsin”.
Bir gün Zakir onun əkdiyi ağaca baxdı.
- Bu niyə quruyur? --- deyə soruşdu.
Cəfər dilləndi:
- Mən ona yaxşı qulluq edirəm, hər gün su verirəm, ancaq, nədənsə bitmir ki, bitmir.
- Qəribədir, - deyə Zakir təəccüblə dodaqlarını büzdü.
Cəfər də başını yırğaladı.
- Mən hər gün su tökməzdən əvvəl onu çıxarıb kökünə baxıram, görürəm ki, bitməyib.
- Necə? Kökünə baxırsan? - Zakir güldü.
- Əlbəttə, kökünə baxıb yoxlayıram da. Bəs haradan bilim ki, tutub ya yox?
Zakir qəhqəhə çəkib güldü. Cəfər pərt olmuşdu. Zakirin gülümsəyən gözlərinə baxıb başını aşağı saldı. Deyəsən o da səhvini anlamışdı.
1962