Ələm uçurdan, çırtma səsiylə qarpız seçən adamlar

Aqşin Yenisey, yazıçı

Aqşin Yenisey, yazıçı

26 yanvar 2023
# 13:40

Kulis.az Aqşin Yeniseyin "Dekorativ kommunizmdən dekorativ demokratiyaya" adlı yazısını təqdim edir.

"Kütləni əyləndirmək üçün Məhəmməd Əlinin təlxəyi bir gün Qahirə bazarında bir qadını bir piştaxtanın üstündə oturtdu və hamının gözünün qabağında onunla cinsi əlaqədə oldu. Dükan sahibi isə bu zaman qəlyanını çəkirdi...

Yenə bir dəfə xalqı özünə güldürmək və özünü gözə soxmaq istəyən bir gənc Qahirə-Şubra yolunda böyük bir meymunun altına uzandı və onunla cinsi əlaqədə oldu.

Bir müddət əvvəl bir dilənçi öldü. Axmağın biri idi. Buna baxmayaraq, xalq onun müqəddəs olduğuna inanırdı, onu Allaha yaxın hesab edirdilər. Müsəlman qadınlar onun yanına gedər, sidiyi ilə özlərini murdarlayırdılar. Səhərdən axşama kimi aktiv olan cinsi orqanı ilə küçələrdə dolaşır və tərbiyəsizlik edirdi. Axırda yorulub əldən düşdü və öldü.

Qahirədə anadangəlmə lüt gəzən bir molla var idi, öz başına bir təkkə (sufi papağı), cinsi orqanının başına da digər bir təkkə qoyardı, işəmək istəyəndə cinsi orqanının təkkəsini əlinə götürürdü, uşağı olmayan qadınlar ona yaxınlaşır, sidiyinin altına uzanır və əllərini, üzlərini yuyurdular”.

Ömründə ilk dəfə Şərqə səfər edən məşhur fransız yazıcısı, modernist Qustav Floberin şərqlilərin gündəlik həyatı haqqında yazdığı təsvirlərdəndir.

Floberdən təxminən əlli il sonra Şərqə gələn ingilis orientalist siyasətçi, Böyük Britaniyanın Hindistan təmsilçisi Lord Kromer "Himayə altındakı xalqların idarə olunması" əsərindən:

"...Böyük Britaniya dövləti hökumətlə bağlı bəzi prinsiplərə sadiq qalaraq bu qədər böyük bir imperiyanı necə idarə edə bilər? Təbiət etibarilə yerlilərin dünyasını çox yaxşı bilən və eyni zamanda bir Anqlo-Sakson kimi davranmağı bacaran "yerli məmurlara" etibar etməli olacaq. Bu insanlar yalnız Londondan əmr alacaqlar. Onların əsas məqsədi yerli əhalinin maraqlarını qorumaqdır. Daha sonra bu maraqlar imperatorluğun mənafelərinə uyğunlaşdırılmalı və hətta zərurət yarandıqda yerli xalqın maraqları naminə imperiyanın maraqları bir kənara qoyulmalıdır. İmperatorluğun başına gələ biləcək təhlükəni yalnız mərkəz bilməli və lazım olanı etməlidir. Niyə? Çünki "maşın"ın müxtəlif hissələri arasındakı ahəngdar iş qaydasından" yalnız mərkəz cavabdehdir. Buna görə də ona tabe olan hökumətlər arasındakı münasibətləri mümkün qədər müsbət sferada tutmağa məsul tək güc mərkəzi gücdür..."
Kromerdən az sonra Şərq xalqlarını araşdıran növbəti məşhur ingilis diplomatı, müstəmləkə strateqi, orientalist Artur Balfur bu xalqlar haqqında deyir:

"Şərq adlanan bütün bölgələri başdan-başa dolaşaraq şərqlilərin tarixini gözdən keçirsəniz, "özünüidarəetmə" (Self-Govemment), prinsipinin ən kiçik izini belə tapa bilməzsiniz. Həqiqətən, onların əzəməti ilə seçilən keçmişdəki bütün böyük əsrləri despotizm və mütləq gücün işidir. Fatehlər fatehləri əvəz edib, güc gücə qalib gəlib, lakin heç bir dövrdə, heç bir inqilabi hərəkatda nə əvvəldə, nə də sonda bu xalqların heç biri Qərbdə "özü-özünü idarəetmə" dediyimiz şeyi, yəni öz müqəddəratını təyinetmə fikrini ağıllarına belə gətirməyiblər. Bu, bir həqiqətdir. Üstünlük və ya gerilik məsələsi deyil. Həqiqi bir Şərq müdriki bizim Misirdə və ya Şərqin başqa yerlərində gördüyümüz, öhdəlik götürdüyümüz hökumət işlərinin bir fikir adamına layiq iş olmadığını, bunun bir toz-torpaq, palçıq işi olduğunu, zərurətə xidmət etmək olduğunu deyəcək”.

Balfur İran İnqilabını görmədi, görsəydi, Şərqdə uğurla nəticələnən inqilabın, xalq işinin də despotizmə, mütləq gücə xidmət etdiyinə şəxsən şahid olacaqdı.

Yuxarıdakı abzasda ən ciddi həqiqət Şərq müdrikinin hökumət işini qara adamların işi kimi görməsi və zərurətə xidməti axmaqlıq hesab etməsi fikridir. Çünki Şərq müdrikinin vətəni, ölkəsi bu gün də yerdə yox, göydədir. Qara camaatı da irəliləyən dəqiqələrdə padşahlara layiq cənnət gözləyir.

Mən də sizə bunu deyirəm ki, müdrikli-cahilli bu cür düşünən xalqlar uğurlu sistem qura bilməzlər. Yaponiya, Cənubi Koreya da Qərbin Şərqə təqdim etdiyi idarəetmə modelləridir; yəni qara iş, "zərurətə xidmət” hesab etdiyiniz idarəçiliyi bizə verin, özünüz gedin ələm uçurdun, çırtma səs ilə qarpız seçin, tantonuzla, kimanonuzla fəxr edin. Sizdən sistem quran olmaz! Hələ demokratik sistem qurmağı yalnız yuxuda görə bilərsiniz. Ta o vaxta qədər ki, idarəçiliyi Yaponiyada, Cənubi Koreyada olduğu kimi Qərbə həvalə etməmisinizsə.

Çünki Qərb düşüncəsində belə bir yanaşma var ki, Qərb demokratiyası özü də xristian inancının təkamülünün nəticəsidir. Yəni mənşəcə dinidir. Arnold Toynbi, Bassam Tibi kimi müəlliflər liberal-demokratiyanın bir protestant-xristian düşüncəsinin məhsulu olduğunu vurğulayırlar. Protestantlıq xristianlığın daxilində alternativin mümkünlüyünə yol açmasaydı, kim bilir, Qərb siyasi düşüncəsi monarxizmdən qurtula biləcəkdimi? Tanrının fikrinə qarşı çıxmaq mümkündürsə, kralın fikrinə qarşı çıxmaq niyə mümkün olmasın? Demokratiya Qərbin bu suala verdiyi cavabdır. Belə çıxır ki, hətta demokratik düşüncə də dini düşüncə ilə uzlaşmanın ortağı kimi yaranmadıqca özünü doğrulda bilməyəcək. Necə ki, müsəlman dünyasında bu uzlaşma mümkün olmadığı üçün həqiqi demokratların hamısı bu torpaqlarda Don Kixot təsiri bağışlayır.

Kütləvi narsisizmin himni bu sözlərlə başlayır: Sistem günahkardır! Biz mələk idik, sistem bizi şeytana çevirdi. Bəs bu sistem hardan çıxdı, kim doğdu, kim tərbiyə etdi bu sistemi yaradanları? Müdrikləri zərurətə xidməti allaha xəyanət hesab edən, cahilləri padşaha layiq cənnətə ümid bağlayan bir cəmiyyətdə sistem dəyişsə, guya nə olacaq? Atatürkün türk xalqını yenidən yaratmaq üçün sistemin gücündən yararlanmasını bu gün də xalq ona bağışlamır. Türk demokratlar xalqın dilindəki "diktator” kəlməsinin qarşısına cürbəcür təyinlər artırmaqla vəziyyətdən çıxmaq istəyirlər. Çünki dini düşüncə ilə demokratik düşüncə nəinki uzlaşıb, hətta sistemin xoşməramlı zorakılığına görə bir-birilərinə düşmən kəsiliblər.

Şimalı və Cənubi Koreyada mövcud sistemlərin oxşarını həm kommunistlər, həm kapitalistlər Hindistanda, Əfqanıstanda, Cənubi Amerikada və s. ölkələrdə də yaratmışdılar. 1980-ci illərin kommunist Əfqanıstanı bu günün kaptalist Cənubi Koreyası idi. Bəs bu xalqlar əllərinə düşən ilk fürsətdə nə etdilər, mövcud sistemi dağıtdılar. Yaxşısınımı qurdular? Bunu onların müxalifət liderlərindən soruşmaq daha düzgün olardı. Xalq sistemin obyekti yox, subyekti olanda özünü dəyişə bilər. Necə ki, Balfurun dediyi kimi, Avropa xalqları öz sistemlərinin həm subyekti, həm obyekti olduqları üçün bunu bacardılar. Qondarma sistemlər xalqın məzmunu yox, formasını, şəklini dəyişir. Necə ki, bu bloklardan biri yetmiş il bizi formaca başqa bir xalqa çevirmişdi; ən ucqar kəndində belə kitabxana olan yalancı, saxta bir xalqa. Sistem yaratmaq işi öz öhdəmizə düşən kimi ilk işimiz o kitabxanaları dağıtmaq oldu. Sabah nə vaxtsa sistem qurmaq işi Koreya xalqının öz ümidinə qalsa, allah bilir, biz siyasi xəritədə necə bir Asiya ölkəsi görəcəyik. Necə ki, bunu Əfqanistanda, Hindistanda gördük, cənubi Amerikada gördük. Bütün Cənubi Amerika ölkələri müstəmləkəçilik mirası olan ABŞ konstitusiyası ilə idarə olunur. Amma sistemi yaradan narrativlər Cənubi Koreyada olduğu kimi yuxarıdan deyil, aşağıdan gəlir deyə bu gün bütün Cənubi Amerika qitəsi dünya yazılı ədəbiyyatında "dünyanın ən mənəviyyatsız qitəsi" kimi ad çıxarıb.

İkinci Dünya müharibəsindən sonra Şərqə gələn ABŞ-ın bu torpaqlarda iki əsas rəqibi vardı - Fransa və İngiltərə. Bu iki ölkənin timsalında Avropa orientalistlərini Şərqdən çıxarmaq üçün ABŞ elə bir idarəçilik modeli tətbiq etməliydi ki, Şərq xalqlarının özləri üçün də gözlənilməz olsun. Yaponiya, Cənubi Koreya bu Amerikamərkəzli orientalizm siyasətinin uğurlu nəticəsi oldu, amma bu uğur yapon və koreya xalqlarının uğuru deyildi, onları idarə edən amerikalıların uğuru idi.

Müsəlmana təklif və diqtə olunan demokratiya, insan haqları, söz və fikir azadlığı da bu orientalist idarəçiliyin yeni, daha mütəşəkkil formasıdır. Bizim insan haqlarımız, söz və fikir azadlığımız daha çox onlara lazımdır. Özümüzə lazım olan kimi haqqımızı da tapdalayırlar, səsimizi də batırırlar. Neoliberal dəyərlər cəmiyyətin içində təbii, milli proseslərin nəticəsi kimi yetişməyibsə, demokratiya dekorasiya xarakterli olaraq qalacaq. Yetmiş illik dekorativ kommunizm kimi bir şey.

# 2628 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #