Sevgilinizdən muğayat olun

Sevgilinizdən muğayat olun
24 avqust 2011
# 10:49
Arıq, uzun bir kişiydi, məktəbə rus dili müəllimi vermişdilər; qürurlu yerişi vardı, adamın qarşısında şax dayanardı. Mən birinci dəfə onu görəndə hiss etdim ki, bu kişi işıq dirəyi kimi düz-düz gəzsə də, hər gecə evdə ağlayır. Məktəbdə hamı ondan çəkinirdi – direktordan tutmuş qapıçıya qədər – hamı. Həbsxanada yatmışdı: 14 il! 14 il bizim adını azadlıq qoyduğumuz sovxada yaşadıqlarımızdan uzaq yaşamışdı.

Məhkum haqqında belə bir fikir var ki, o, törətdiyi cinayəti , lazım gələrsə, yenidən təkrarlaya bilər; ona görə adamlar, adətən, məhkumluq həyatı yaşamış adamlardan uzaq durmağa çalışır: bəşəriyyətin qorxaqlığı burda üzə çıxır. Həbsxanada yatıbsa – təhlükəlidir! Beyrək zindandan çıxanda öz doğma bacıları ilə qatıq davası eləyirdi. Ya da bu, Anarın təfəkküründəki məhkum obrazıdı: Qıpçaq Məlikin şirini əliyalın öldürən oğlan qatıq (qarın) davası eləməz.

O da belə bir bəndə idi: tənha və təhlükəli. Onun heç kimlə işi olmadığı kimi, heç kimin də onunla işi olmazdı, lap adada tək-tənha ömür sürəndən sonra cəmiyyətə qayıdan Robinzonsayağı el arasında əhəmiyyətini itirmişdi, daha doğrusu, el onun barəsində daldada üyüdüb-tökürdü, o isə eldən əlini üzmüşdü. Sinifdə vətən haqqında söz düşəndə, sifətini turşudub, sağ əlini yuxarı qaldırırdı və bir dəri, bir sümük olan bu qorxunc əli heysiz-heysiz aşağı endirib tərkibində beş-altı “şı” səsi olan “Əşi...” deyirdi. Ən nadinc, yəni sinif otağına kərtənkələ gətirən gənclərə də əsəbiləşməzdi; yalnız gözlərini ağardardı, bu gözlər əsl qatil gözləri idi – ağardısa, demək, qan ağacaq. Ən sevimli mövzuları rus yazıçıları idı: həbsxanada çox oxumuşdu rus ədəbiyyatını. (görünür, ədəbiyyatı oxumaqdan ötrü bizim kişiləri aradabir içəri basmaq lazımdır).

Ümumiyyətlə, ədəbiyyat azadlıq hadisəsi deyil, insan o zaman kitaba və qələmə sarılır ki, azad olmadığını başa düşür. Azad adamın nəyinə lazımdır Kafka, Tolstoy, Dikkens?!

Bu arıq, uzun kişinin sözlərdən də xoşu gəlmirdi: az danışırdı. Ağzı kübar idi. Üç-dörd gün ərzində bir kəlmə deyərdi, ya da yox. Məsələn, rus dilində hansısa sözün izahını soruşurdun, pəncərədən göyə baxa-baxa sənə qulaq asırdı və bir həftədən sonra səni məktəbin bir küncünə çəkib həmin sualın cavabını verirdi – yenə də göyə baxa-baxa. Elə bil, onun göydə nəyisə qalmışdı, nəyisə itkin düşmüşdü səmavi səltənətdə.

Evli deyildi, gəncliyini həbsxanada çürütdüyü üçün fiziki, gəldigedər ehtiras onu öz toruna sala bilməmişdi, amma bütün arvad-uşaqlı kişilərdən səliqəli geyinirdi, ona baxanda adama elə gəlirdi ki, bu uzunduraza türk sultanları kimi xeyli kəniz qulluq edir. Həyatın öyrədə bilmədiyi, yaxud öyrətməyi bacarmadığı şeyləri həbsxana ona çox təmkinlə öyrətmişdi.

Həbsxana onun, o da bizim müəllimimiz idi. Rus dili müəllimi olsa da, bizə tənhalıqdan dərs deyirdi. Biz ona baxanda anlayırdıq ki, bu, mənəviyyat, əxlaq dəllalları boşboğazdan başqa bir şey deyillər, insanın mənəvi durumunu ovqatı təyin edir: bu gün və indi! Qatil, yaxud peyğəmbər olmaq ovqat məsələsidir.

Peyğəmbərlər də az insanın qətlinə bais olmayıb: birinin inandığı kütləni o birisi qılınclayıb. Bu gün və indi İsanın tərəfdarları Məhəmmədə inananları, Məhəmmədin tərəfdarları da İsaya tapınanları yox etmək istəyir, dünyada dini “soyuq müharibə” gedir. Budurmu Haqq, Mənəviyyat, Tanrı?! O, bu suallar haqqında düşünmürdü, o, Tanrının yazdığı həyatı yaşayırdı: səssiz, küysüz, lal-dinməz.

Eynən Tanrının özü kimi. Onun ölçüləri məişət darısqallığına sığmırdı. İnsanı məişətdən yuxarıda qiymətləndirməyi bacarırdı. Adam onunla danışanda növbəti günü fərəhlə yaşamaq istəyirdi: gör dünyada nə qədər insan var ki, onunla ünsiyyət, insana tezbazar ölüb, rədd olmağı aşılayır. Əcəli Allahın üstünə yıxmaq Allahsızlıqdı: insanı böyründəki insan öldürür.

Özündən sonra həbsxana söhbətləri də gəlib çıxdı kəndə bu, arıq, uzun müəllimin. Cinayət məcəlləsində olmayan bir maddə: Sevgi üstündə. Tələbəlik vaxtı beş il sevdiyi qızı öldürmüşdü; Məcnunun qatil növü! On dörd bıçaq! Hər bıçağa görə bir il məhkumluq həyatı.

Sevginin nifrətə çevrilməsi, özü də bu dərəcədə!!!

Əziz oxucular, (Düzdür, coxunuz yazıya qarşı əziz deyilsiniz) bu qəddarlığı necə izah etmək olar: hissin, yoxsa ağlın axmaqlığı?

İndi, üstündən on dörd-on beş il keçəndən sonra xatırladığım bu adamı daha yaxşı başa düşürəm: o, öz sevgilisini yox, sevgisini öldürmüşdü, öz sevgisinə əl qaldırmışdı. On dörd illik kişi azadlığını sevgisinə, bir qadının yoxluğuna qurban vermişdi. Çox dərin və mənasız bir kişi həyatı!

O gün kənddə qarşılaşdıq; arıq, uzun bir kişi, yerişi də şax!. Sağollaşanda yenə məni bir tinə çəkib gözləmədiyim halda astadan dedi: “Sevgilindən muğayat ol”. Mən də bu sözləri gənc oxucularıma çatdırmaq istəyirəm: “ Sevgilinizdən muğayat olun”.
# 3318 dəfə oxunub

Müəllifin son yazıları

# # #