Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
Müstəqil ölkə hələ müstəqil xalq demək deyil. Ölkə bir saatın içində də müstəqillik əldə edə bilər, amma xalq uzun illər müstəmləkəçiliyin komfort zonalarından çıxmaq istəməz.
Servantes, Stendal, Flober, Prust və Dostoyevskinin əsərlərini təhlil edən fransız filosofu Rene Girard “Romantik Yalan və Roman Həqiqəti” kitabında "Mimetik arzu" deyə bir nəzəriyyə irəli sürür. Girard deyir ki, Don Kixot öz fərdi azadlığını tələbə Amadisin bilgilərinə qurban vermiş cəngavərdir.
Onun cəngavərliyinin hədəflərini cəngəvarlər haqqında xeyli roman oxumuş tələbə Amadis təyin edir. Onun yerinə hədəflər qoyub, qərarlar verən bu tələbə Don Kixot üçün cəngavərliyinin komfort zonasıdır. Özü cəhənnəm, nökəri Sanço Panzanı da Amadisin qoyduğu və arzuladığı hədəflərə sürüyür, ona gələcəkdə qubernatoru olacağı bir ada vəd edir.
Girard yazır ki, başqasının arzusunu arzulamaq, ona can atmaq Don Kixotda və Sanço Panzada elə bir şiddətli və daimi hal alır ki, bunu öz iradələrinin istəyi kimi anlayırlar.
Bu üçlü münasibətdə Amadis müstəmləkə idarəçiliyini, Don Kixot icraçı müstəmləkə xalqını, Sanço Pansa isə havayı quyruq yolu gözləyən kütləni təmsil edir.
Biz toplum olaraq indi Don Kixotun vəziyyətdəyik. Uzun illər bizim yerimizə arzulayan, qərarlar verən, hədəflər təyin edən bir müstəmləkəçiliyin yaratdığı komfort zonalardan imtina etmək fikrimiz yoxdur.
Çünki xəyalımızda, ən azı, qubertantoru olacağımız bir ada var. Müstəmləkəçilikdən imtina bu adanın əldən çıxması və xəyallarımızın boş qalması deməkdir. Xalqın öz xəyallarını öz arzuları, öz hədəfləri ilə doldurması qısamüddətli məsələ deyil. Hətta assimliyasiya olmasının səbəbi da heç vaxt bu boşluğu doldura bilməməsidir.
Xırda istisnaları çıxmaqla arzularımız hələ də Girardın ədəbiyyat üzərindən şərh etdiyi müstəmləkə idarəçiliyinin "mimetik arzulardır".
İşin fəlsəfəsində ayrılıb reallığa qayıdaq.
İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların milli kimliyini kəllə-çarxa çıxarmışdı, kommunizm, tam əksinə, azərbaycanlıların milli heysiyyatını az qala yox etdi. Bu gün əlimizdə olan bütün ictimai ölçülər pul və inzibati nüfuz hesabına hökmranlığı qorunan sovet ideologiyasının qondardığı ölçülərdir.
Elmdə, ədəbiyyatda, siyasətdə, hətta geyim-keçimdə belə külli miqdarda azərbaycanlı özünü sözdə "nümunəvi” sovet vətəndaşı kimi aparır. Bunun daha qlobal forması dində yaşanan mənzərədir. Təkallahlılıq insanın göydə apardığı islahatdır. Yerdəki bütün işlək mexanizmlər çoxallahlılığın mirasdır.
Bizim ictimai mühit də bu qlobal gerçəkliyin bir başqa şəklidir. Şərtlər dəyişsə də, mexanizmlər dəyişməyib!
Çünki bu ictimai mexanizmlər müstəmləkəçiliyin yaratdığı komfort zonalardır. Bu zona irsi əksikliyi olana inzibati yolla aristokratik status vəd edir. Sanço Pansanın qubernator vədini yadınıza salın. Yəni toplumu yaradan, formalaşdıran dəyərin kökündə ədalət yoxdur.
Sənaye İnqilabı zamanı ispanlar da belə vəziyyətlə üzlədilər; ya üç əsrdən artıq davam edən inkivizisiya nəticəsində formalaşmış komfort zonalarını tərk edib luddist, sufrajist, feminist və s. kimi modern "əcinnələrlə” boğuşa-boğuşa yeni cəmiyyət quracaqdılar, ya da yaxşıları öldürüb pisləri saxladıqları öz keçmişlərinə dalıb inkivizisiyanın bəxş etdiyi "allahın gününü" görəcəkdilər.
İkincini seçdilər və hələ də Avropanın feodal simasını təmsil edirlər.
Ancaq bu gün bizim toplumda bu qondarma mexanizmləri yaradıcılığa sövq və məcbur edən ideoloji güc yoxdur. Bu da onları özlərini doqmalaşdırıb qorumağa məcbur edir, yaradıcılıq imkanlarını daha da sıfırlayır. Onlar cəmiyyətdə özləri kimi yaratmayanları stumillaşdırırlar. Hər addımda yaradıcılığın ayağının altını qazırlar.
Elə bufalo var ki, şiri bir zərbədə öldürür, amma ümumilikdə bufalo növünün potensialı bu canlını şirin naharı olmaqdan xilas etmir.
Bu milli potensialı dəyərləndirə bilməkdən məhrum edildiyi üçün müstəmləkə illərində Azərbaycanda tarlada yatan xalq, "Baksovet”də yaşayan "Xalq şairi"ni özünün yetirməsi kimi görürdü. Ona elə gəlirdi ki, hər gün fəxri ad, medal, mükafat alan şairi özü pambıq yığa-yığa yetişdirib. İndi də dərd çəkir ki, mənə birdən-birə nə oldu böylə, niyə day o "Xalq şairi"lərindən yetişdirə bilmirəm?
Və əlində nağd olan soğandan bərk-bərk yapışır.
Və o soğanı nağd edən dəyərləri, mexanizmləri də qorumağa çalışır. çünki yerinə qoyacaq heç nəyi yoxdur. Bu həm də milli özgüvən hissinin zəifliyinin göstəricisidir.
Bəzən sovetin "Xalq şairi”ni öz dövrünün hökumətinə yarınmaqda suçlayırıq. Yaxşı edirik, amma düz etmirik. Mənə görə, adı sovet şairi və yazıçısı olanlar öz hökumətlərinə yarınmırdılar, bu hökumətin yanındaydılar və səmimi idilər. Sovet hökuməti həqiqətən onların hökuməti idi. Onların "istedadı" sovet ideologiyası, ilham pəriləri siyasi büro üzvləri idi.
Bu hökumət gecə-gündüz televiziyalar, radiolar vasitəsilə onlara oxucu toplayırdı uzaq-uzaq ellərdən. Saatlarla Bakıda dövlət kanalında oturub Nikaraqua xalqının imperializmlə mübarizəsi haqqında şeirlər oxuyan xalq şairləri vardı. Bu gün isə şairi efirə çağırıb "halal” sosiska ilə güləşdiririk.
Sovet hökuməti onları milli şudralıqdan beynəlmiləl brəhmənliyə yüksətmişdi, heç bir irsi, mənəvi, zehni, ictimai haqqları olmaya-olmaya indi də Bakının üzünü ağardan, elə həmin hökumətin məhv etdiyi milli burjuanın evlərinə yerləşdirilmişdilər. Eşşək arabasından xidməti avtomobillərə hoppanmışdılar. Bizim bu gün yarınmaq dediyimiz, onlar üçün təşəkkür borcu idi.
Və sovet ədəbiyyatı səmimi-qəlbdən ana dilində müstəmləkə xalqları üçün mimetik arzular, hədəflər təyin edirdi. Xalq isə bunu öz iradəsinin arzuları, hədəfləri kimi anlayırdı. Eynən Don Kixot kimi.
Ad vermək, təqaüd ayırmaq, ev bağışlamaq - bunlar sortundan asılı olmayaraq bütün hakimiyyətlərə xas olan açıq və gizli qiymətləndirmə metodudur. "Şərəf" adlı ordeni hamıdan əvvəl deyil, hamıdan axırda kəşf edən ölkələrdən biriyik biz. Məni düşündürən bu deyil, cəmiyyətin bu qiymətləndirmə metoduna münasibətidir.
Bu gün də sənət adamlarına fəxri sovet titullarının verilməsini tələb və sifariş edənlər cəmiyyətin, xalqın nümayəndələridir, evdəkiləridir, yaxın çevrədir. Xalq şairdən tələb edir ki, ad al, titul al, medal al, özünü bizə tay tutma. Nə olsun, müstəqil ölkənin şairisən, hansı sənin əsarət mirası olan fəxri ad-sanın? Adın, titulun, medalın yoxdursa, sən nə şairsən, nə yazıçısan, nə alimsən? Yəqin, məclislərdə, tədbirlərdə özünüz də şahidi olmusunuz; nə boyda zəka sahibi olursan ol, titulun yoxdursa, toplumun gözündə heç kimsən, titulun varsa, öz adını söyləməsən də olar.
Niyə? Çünki xalq müstəmləkə idarəçiliyinin yaratdığı bu mimetik hədəfi öz iradəsinin ölçüsü, dəyəri kimi anlayır hələ də.
Xalq aşağıda şairi dirəyir, şair də gedib yuxarıda tutalım, Mədəniyyət Nazirliyinin gənc məmurunu bezdirir ki, mənə ad verin! Yoxsa üstümə nöyüt töküb özümü yandıracağam.
Yəni yaradıcı adamı sırtıqlığa, yarınmağa, ələbaxanlığa vadar edən cəmiyyətin ictimai mexanizmləridir. Mimetik arzuları, hədəfləridir. İndi mən də filmdəki rəhmətlik Səməndər Rzayev kimi üzümü bu köhnə mexanizmlərlə yaşamaqdan qürur duyan adamlara tutub deyirəm, ayə, ay camaat, yazıçını, şairi, alimi verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdinzsə, day o boyda sovet imperiyasını niyə dağıdırdınız? O qədər insanı niyə əliyalın tankların qabağına göndərirdiniz?