Şəhərdəki əxlaqlı tək insan - Aqşin Yenisey

Şəhərdəki əxlaqlı tək insan - Aqşin Yenisey
16 noyabr 2023
# 10:32

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Hətta din də ölçü olaraq mənəvi keyfiyyətə üstünlük versə də, seçim zamanı kəmiyyətə, rəqəmsallığa yuvarlanır, riyazi hesablama aparır.

Tövrata görə, tanrı Sodom şəhərini xaraba qoymazdan öncə bütün şəhərdə bircə nəfər əxlaqı təmiz insan axtarırdı.

Əgər o bir nəfər əxlaqı təmiz insan tapılsaydı, tanrı minlərlə sodomlunun əxlaqsızlığını bağışlayacaq və şəhəri daşa basmayacaqdı.

Yaxud Mənsur Həllac moizələrində iddia edirdi ki, tanrı bir dəqiqə ərzində yetmiş min insanı arındırır. Bu da saatda dörd milyon, iki yüz min insanın arındırılması, filtrasiyası deməkdir. Yenə də rəqəmsal bir yanaşma.

Həllacdan öncə yaşamış Əli-b-Müfəvvəq isə xalqı inandırdı ki, əgər Ərəfə günü altı yüz min hacı toplanıbsa, tanrının onların günahını bağışlaması üçün aralarında cəmi altısının müğənni saxlamaması, yəni əxlaq qaydalarına sadiq olması kifayətdir.

Bu faktlar dini tarix kimi oxuyanlara kitablardan bəllidir.

Bunu yazmaqda qəsdim nədir?

Biz istisnalarla fəxr edən, istisna olanı özünün zəhmətinin bəhrəsi kimi görən bir xalqıq, toplumuq, camaatıq. Dinin və irfanın istisna olana verdiyi bu dəyər bizi arxayın edir ki, şəhərimizi tanrının daş-qalağından qoruyan o bir nəfər istisna əxlaq sahibi mütləq haradasa var, yoxdusa da, özünü yetirəcək.

Yaxud bir dəqiqədə yetmiş min insan arınırsa, tələsməyə dəyməz, növbə bizə də çatacaq.

Ola bilməz ki, altı yüz min hacımızın arasından cəmi-cümlətanı altı nəfər istisna çıxmasın.

Amma reallıq onu göstərir ki, istisnalara güvənmək cəmiyyətin əxlaqını, ictimai şüurunu daha da korlayır.

Bütün şəhər o bir nəfər istisnaya güvənib min hoqqadan çıxır. Heç kim bir dəqiqədə arınmış o yetmiş min nəfərdən biri olmadığını düşünmür.

O istisna altı hacının varlığına inam yerdə qalanlarına dünyəvi həyatın həzlərini tıxa-basa dadmaq üçün güc verir.

Demək ki, milli şüurumuzu formalaşdıran fundamental dəyərlərimizə əl gəzdirməsək, kosmetik dəyişikliklərlə heç nəyə nail ola bilməyəcəyik, bilmirik də.

# 1281 dəfə oxunub

Müəllifin son yazıları

# # #