Məni Tanrının əlindən alın - Aqşin Yenisey

Məni Tanrının əlindən alın - Aqşin Yenisey
24 avqust 2023
# 10:08

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Anadolu türkcəsində "ötəki" sözü var, çoxdandır bu sözün dilimizdəki qarşılığını axtarırdım. "Başqası", "o biri", "əkiz" və s. sözlərimiz "ötəki"nin tam qarşılığı deyil. Ötəki ekzistensial, varoluşsal ikincidir.

Nəhayət, bu səhər "əkstay" deyə bir söz uydurdum bir yazımda.

Kimdir əkstay? Məsələn, Habilin əkstayı Qabildir. Gilqamışın əkstayı heyvanlar aləmindən gələn Enkidu adlı yarıvəhşi bir məxluq idi. Koroğlunun əkstayları özündən güclü olan dəlilər idilər. Kefli İsgəndərin əkstayı Şeyx Nəsrullahdır. Mövlanənin əkstayı Molla Nəsrəddindir və s.

Əkstay nə dostdur, nə düşmən, yaxud həm dostdur, həm düşmən. Varlığın paralel dünyadakı təsdiqidir. Varlığın tək halı mümkün deyildir. Var olan var olduğunu sübut, hiss və dərk etmək üçün mütləq öz əkstayını tapmalı, onu yaratmalıdır. Tanrı öz əkstayı şeytanı yaradıb himayə etdiyi kimi. Məndən içəri var olan "mən", mən deyiləm, o içəridə olan "mən" müstəqil bir əkstaydır. Mənə münasibəti məndən asılı deyil.

Ona görə Eko kimi bəzi düşünürlər izah edirlər ki, xalq, mədəniyyət, fərd özünün varoluşsal, tarixi potensialını qiymətləndirmək üçün mütləq öz düşmənini, əkstayını yaratmalıdır.

Düşmənsiz yaşamaq son dəfə yaşamaqdır. Düşmənin yoxdursa, tarixin də olmayacaq. Tarixin yoxdursa, mədəniyyətin də olmayacaq. Mədəniyyətin yoxdursa, özün də məhv olacaqsan.

Əkstay həm də varlıqdan qaçış ünvanıdır. Varlığı üzə çıxardığı kimi, onu örtə, gizləyə, yox edə də bilir. Məsələn, çinlilər öz əkstayları hunları, türklər öz əkstayları monqolları bu şəkildə örtüb gizlədilər. Barbar öz əkstayı olan mədəniyyətə qovuşduqda onda gizlənib yoxa çıxır.

"Kim məni xilas edəcək var olmaqdan". İspanların "Kafkası” Fernando Pessoanın sözdür. Varlığın məhkumluq kimi araşdırıldığı ekzistensial Qərb düşüncəsinin canı bu bir cümləlik sualdadır. Sartr, Kamyu, Bekket, İonesko, Kafka, Prust, Müzil, Qombroviç və s. romançılar bu suala cavab axtarırdılar və XX əsr Qərb ədəbiyyatı "kim məni xilas edəcək var olmaqdan" sualına "heç kim" cavabını verdi.

Bu sualın daha əzablı forması adını çəkdyim romançılardan min illər əvvəl sufi şairlərdə fəryad şəklində ərşə qalxırdı. Mənsur Həllac Bağdad bazarlarında üst-başını çıraraq bağırırdı: "Məni tanrıdan qurtarın!". Çünki tanrı Həllacın əkstayı idi. Onun varlığının həm dostu, həm qənimiydi.

Çoxları elə bilir ki, fənafillah könüllü bir canatmadır və sufini məst edən tanrıda ərimək eşqinin verdiyi həzzdir. Əksinə, sufinin tanrıya qaçmaq istəyi qədər, tanrıdan qaçmaq istəyi də var. Küfr bu qaçmaq istəyinin təzahürüdür. Sufi eyni zamanda həm də asidir. Fənafullah tanrının, öz əkstayının cazibəsinə düşən və buna müqavimət göstərən Həllacın çıxılmazlığıdır. Sufi bu dözüləməz cazibənin daimi hipnozu altındadır.

Eşqdən məst olan sufi tanrının hipnozuna uğramış insandır. Məcnun hipnotik varlıq idi. Həllac "Məni tanrının əlindən alın" bağırmaqla bu hipnozdan xilas olmaq istəyir, amma öz varlığını tanımaq və ondan xilas olmaq üçün də başqa ünvan yoxdur. Sufi tanrıyla döyüşə-döyüşə ona məğlub olur. Tanrıda ərimə buna görə əzablıdır və buna görə aşiqin abdəst suyu öz qanıdır. Yəni tanrı ilə sufinin münasibəti ilan-qurbağa münasibətidir. Kosmik olduğu qədər də hipnotikdir.

Öz əkstayının hipnozuna düşdünsə, ona yeniləcək və onda yox olacaqsan. Bunu bildiyi üçün Həllac yazırdı ki, sevən də, sevilən də birdir, o ikiləşə, üçləşə bilməz. Hipnoz oldunsa, əriyəcəksən. Qurbağa ilanı görənə qədər qurbağadır, sonra baş verən hər şey ilana aiddir.

Əkstayın kimliyi çox önəmlidir. Məsələn, bizim bir çox milli problemlərimizin səbəbi əkstayımızın mifomanik erməni olmasıdır.

Onların bu mifomanik kimliyi ucbatından biz də bir türlü keçmişdən qopa, gələcəyə köklənə bilmirik. Ermənilərlə Qarabağda vidalaşmaq işin səthi, hətta bir müddətdən sonra onlara qarşı qəddarlıq etdik deyə özümüzü günahlandıracağımız təhlükəli tərəfidir.

Azərbaycan insanı ermənilərlə şüurunda vidalaşmalıdır. Tezliklə özümüzə gələcəkdə biz lazım olacaq düz-əməlli əkstay (qoy lap düşmən olsun) tapmayıq.

Yaxud bu gün Azərbaycan aydının əkstayı bilgizliyindən, zövqsüzlüyündən, ictimai narsistliyindən özünə kollektiv ruh yaratmış kütlədir. Və bu kütlənin içində, Qombroviçin sözləri ilə desək, xeyli sayda "mədəniyyətin xala-bibiləri" var.

Totalitar sistemdən çıxmışıq. Totalitar sistemlərdə mədəniyyətin xala-bibiləşməsi ideoloji praktikadır. Çünki totalitar sistemdə hər kəs bir tərbiyəçidir və bu tərbiyəçilər daha çox mədəniyyətin adından danışırlar. Keşişlər, mollalar, ravvinlər allahın adından danışdığı kimi.

Mədəniyyətin xala-bibiləşməsini, qohum-əqrabalaşmasını, yeznə-qayınlaşmasını, bəlkə də, dünyada heç bir xalq Azərbaycan xalqı qədər öz dərisində yaxından hiss etməyib.

Mədəniyyətin diqqətini xala-bibi ehtiyaclarına yönəldib xalqın, kütlənin bilgisizliyini, zövqsüzlüyünü, narsistliyini yaradan da bu mədəni xala-bibiləşmədir. Bu xala-bibiləşmənin nəticəsidir ki, bu gün ölkədə mədəniyyətin bütün sahələrində dılğır məişət mövzuları at oynadır.

Aydının əkstayı aydın olmasa da, gərək heç olmasa alaqaranıq olsun. Bizim aydının əkstayı zil qaranlıqdır.

# 1936 dəfə oxunub

Müəllifin son yazıları

# # #