Kulis.az Anar Məcidzadənin yeni şeirlərini təqdim edir.
Sənsiz mənim bircə günüm olmasın
Sənsiz mənim bircə günüm olmasın,
Bir çiçəyim, bircə gülüm olmasın.
Nə ayrılıq, nə də ölüm olmasın,
Qalanları düzələndir, sevgilim.
Ağ olacaq bu dünyada qaramız,
Sağalacaq neçə-neçə yaramız.
Pozulmasa bircə bizim aramız,
Qalanları düzələndir, sevgilim.
Yer üzündə sevib, sevmək yaxşıdır,
Sevilmək də hər insanın naxşıdır.
Ürəyini məhəbbətlə danışdır,
Qalanları düzələndir, sevgilim.
Həyat bir gün yaxşı, bir gün yamandır,
Ürək eşqsiz sızlayan bir kamandır.
Bircə demə "gəl ayrılaq", amandır,
Qalanları düzələndir, sevgilim.
Bizim sevgi günəşi
Bizim sevgi günəşi,
Ömür boyu yanacaq.
Bu eşqdir bizim üçün,
Son yer, son dayanacaq.
Uçuruq göy üzündə
Birgə açaraq qanad.
Məhəbbətlə xoş olur,
Bu yer üzü, bu həyat.
Sən mənim ilham pərim,
Yuxumun hakimisən.
Sən də eşqin dəlisi,
Sən də mənim kimisən.
Boran, qar qışın payı,
Güllər baharın olsun.
Özgə bir söz demirəm,
Bu şair yarın olsun.
Səndən qalan xatirələr
Eşqini ürəyimə,
Yazmışam sətir-sətir.
Nə olar o günləri,
Yenidən mənə gətir.
Sənlə keçən o gündən,
Xatirələr qalıbdır.
Xatirə varaqlarım,
Solubdur, saralıbdir.
Mən səni sevməmişəm,
Ötəri hisslər kimi.
Səni bildim hər zaman,
Dərdlərimin həkimi.
İndi yoxluğunla tək,
Mən baş-başa qalmışam.
Yel vuran yarpaq kimi,
Solmuşam, saralmışam.
Bir səhər
Bir səhər yuxudan durub görərsən,
Əllərim telində itib batıbdı.
Bir səhər yuxudan durub görərsən,
Gözlərim gözündə yuxu yatıbdı.
Görərsən gəlmişəm, qonağınam mən,
Bəlkə də ömürlük köçüb gəlmişəm.
Sən hardasan biləsən, a zalım qızı,
Nələrdən, nələrdən keçib gəlmişəm.
Ömürlük ömrünə köçüb gələrəm,
Olaram mən sənin könül həmdəmin.
Əbədi taleyin, əbədi bəxtin,
Olaram mən sənin hər an, hər dəmin.
Səni sevmək
Mən səni sevirəm-dedim biləsən,
Sevgisiz bu həyat ölüm deməkdir.
Şair məhəbbətsiz qanadsız quşdur,
Şairə hər zaman sevgi gərəkdir.
Yazdım ürəyimdən gələn sözləri,
Köçürdüm ömrümün varaqlarına.
Bir gün ana olsan, sən şeirimi,
Deyərsən doğulan uşaqlarına.
Mən səni sevməyim nəyə gərəkdir,
Onsuz da qismətim payız dəmidir.
Mənim məhəbbətim bir liman kimi,
Vüsal məndən uzaq yolda gəmidir.