Sonu belə olurmuş

Sonu belə olurmuş
14 may 2013
# 10:38

Sonu belə olurmuş

Səni sevəndən bəri,
Əldən gedib dincliyim.
Bilmirəm ki, özümdən,
Yoxsa səndən inciyim?
Sən ki gedəndən bəri,
Gündüzüm gecə oldu.
Özüm də heç bilmədim,
Sənsizlik necə oldu.
Sevgi ağaca bənzər,
Bar verəndə gülürsən.
Əsl eşqin qədrini,
Ayrılanda bilirsən.
Biz sevəndə sevindik,
Heç ayrılmarıq dedik.
Ayrılıq qismət oldu,
Dərdi alıb, qəm yedik.
Dərd əlində qalmışıq,
İndi oyuncaq kimi.
Ürəyimiz də yanır,
Quru oduncaq kimi.
Bu sevgini, bu eşqi,
Həyat çox gördü bizə.
Qıydı həyat bizlərə,
Qıydı saf eşqimizə.
Səni sevəndən bəri,
Gah gülüb, gah ağladım.
Bütün həyatımı mən,
Həyatına bağladım.
Göy üzündə bir olub,
Birgə qanad çalmadıq.
Ayrılsaq da həyatda,
Hicrana alçalmadıq.
Əsl eşqin, sevginin,
Sonu belə olurmuş.
Bir baharda açan gül,
Bir payızda solurmuş.
Getdi, gəlmədi

Hər dərdimə əlac idi dünyada,
Dərdimə dərmanım getdi, gəlmədi.
Çox gözlədim yollarını mən aşiq,
Gül üzlü cananım getdi, gəlmədi.

Soldu çiçəklərim, baharım mənim,
Məni tənha qoydu o yarım mənim.
Artdı qüssə-kədər, azarım mənim,
Qaralıbdı qanım getdi, gəlmədi.

Söyləmişdi vəfalıdır eşqimə,
Məndən başqa könül verməz heç kimə.
Bəs nə oldu dərman idi dərdimə?
Dərdimi qananım getdi, gəlmədi.

Heç qurumaz daha bağrımın qanı,
Ümidsiz etdi ondan eşq umanı.
Anarın o idi təkcə gümanı,
Mənim tək gümanım getdi, gəlmədi.
Bəxtəvərik
Bir yaşayaq bu eşqi,
Bir yaşayaq həyatı.
Qoşaq eşqə nəğmələr,
Qoşaq neçə bayatı.
Ulduzları seyr edək,
Yarı zülmət, yarı işıq.
Sən olasan gecəmə,
İşıq saçan, yaraşıq.
Ümidlə doğulmuşuq,
Ümidlə yaşarıq biz.
Sarsılmaz məhəbbətə,
Nəğmələr qoşarıq biz.
Yar yarına can verər,
Yarına “can” söyləməz.
Sevənlər sevdiyindən,
Sevgisin əsirgəməz.
Ona ürək demərəm,
Əgər sevməsə ürək.
Sevgi oyuncaq deyil,
Sevgini sevmək gərək.
Bu dünyaya göz açıb,
Bir zaman doğulmuşuq.
Sevib-sevilərək biz,
Axır ki bir olmuşuq.
Bu dünyanı sevərik,
Bu həyatı sevərik.
Şükür olsun Tanrıya,
Dünyada bəxtəvərik.
Mən belə dünyadan necə küsməyim?
Ömürdən doymamış canı alandır,
Biz gedərik, o əbədi qalandır.
Könlümüzü dərdə-qəmə salandır,
Mən belə dünyadan necə küsməyim?
Fərqi yoxdur ya dürüstdür, ya inci,
Bəzən ağlar qoyur doğrunu, dinci.
Kədəri çox, yaman azdı sevinci,
Mən belə dünyadan necə küsməyim?
Ağlamaq istəsən göz yaşı verməz,
Dost istəsən, ömür yoldaşı verməz.
Kiminə yaz, kiminə qışı verməz,
Mən belə dünyadan necə küsməyim?
Mərdə zəhər verir, namərdə yağı,
Çəkir sinəmizə, o çəkir dağı.
Ayırıbdı bizdən gül Qarabağı,
Mən belə dünyadan necə küsməyim?
Şeytandımı, yoxsa mələkdir dünya?
Kimə dostdur, kimə kələkdir dünya.
Kimə tikan, kimə çiçəkdir dünya,
Mən belə dünyadan necə küsməyim?
Ömürdən doymamış canı alandır,
Biz gedərik, o əbədi qalandır.
Könlümüzü dərdə-qəmə salandır,
Mən belə dünyadan necə küsməyim?
# 2292 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #