Vatsapda külək təlaşı və ya KİV-ə niyə inanmırıq?

Vatsapda külək təlaşı və ya KİV-ə niyə inanmırıq?
30 mart 2018
# 12:24

Dünən təhlükəli küləklə bağlı Vatsapda səs yazıları yayılmağa başladı.

TV-lərin, ümumiyyətlə KİV-in günlük hava durumu ilə bağlı xəbərləri ola-ola Vatsap xəbəri yeni nə deyir?

Vatsap xəbərində əlavə olaraq həyəcan və binaların altından keçməmək, avtomobilləri ağacların altında saxlamamaq, uşaqları tək buraxmamaq kimi məsləhətlər var idi.

Bilənlər bilir ki, Vatsap xəbərləri iki cür olur: tematik və cari. Tematik xəbərlərdən çoxunuz almısınız. Bunlar adətən hansısa naxışlarda İmam Əlinin adının yazılması haqda xəbərdarlıq və ya ailənə xətər toxunmasın deyə verilən duanı yeddi adama göndərmək xahişi kimi mövzulardan ibarət olur.

Cari xəbərlər isə ortaya çıxan ciddi problem, təhlükə ilə bağlı olur. TV-lərdən, ənənəvi mediadan xəbər çıxmadıqca, sosial media aktivləşir, ənənəvi media ləngidikcə, sosial media operativləşir və camaatı məlumatlandırmaq kimi bir funksiyanı öz üzərinə götürür.

Məsələn, bina yananda, içməli sudakı təhlükə məsələsi ortaya çıxanda, kiminsə uşağı dərmandan zəhərlənəndə, qəfil külək qopanda sosial şəbəkələrdə xəbərdarlıqlar dolaşır.

Vatsap xəbərlərinin şayiə olmaq ehtimalı var. Amma bu qədər paylaşılırsa, deməli ona inam da var və o, inam məsələsində, operativlik məsələsində ənənəvi medianı üstələyə də bilir.

Cəfəngiyat məsələsində isə “Allah” qışqıran şir”, “Üçayaqlı buzov”, “Yanmayan Qurani-Kərim” kimi “möcüzələr” təqdim edən ənənəvi media və TV Vatsapla eyni səviyyədədir.

Halbuki, maarifçi funksiyası olan peşəkar TV heç vaxt adi genetik pozğunluq olan üçayaqlı buzovu, ağappaq dəsmala bükülüb etibarlı yerə qoyulmuş, qatı açılmadığı üçün yanan evdən salamat çıxan müqəddəs kitabın yanmamasını allah möcüzəsi kimi təqdim etməz.

Deməli, “bəs adamların Vatsap xəbərlərinə niyə inanmalıyıq?” sualını “Niyə inanmamalıyıq?” kimi verə bilərik. TV bu qədər yayılan, adamları narahat edən mövzuları işləmir, müvafiq qurumlardan açıqlama almır, bu mövzuyla bağlı hansısa dəyirmi masalar etmir. Mətbuata açıqlama verən qurumlar isə bəzən olduqca absurd, qeyri-müəyyən, hətta şəxsi mövqeyinə uyğun edən cavablar verir.

Lakin dünən müsbət bir hal oldu. Vatsapda güclü və təhlükəli küləklə bağlı xəbərdarlıqların valideynləri narahat etdiyi, təşvişə saldığı vaxt Təhsil Nazirliyi məlumat yaydı. Bu müvafiq qurumun vəzifə borcudur. Amma həm də “Sizin narahatlığınız bizi narahat edir” deməkdir.

Qapalı sovet ölkəsində yaşamış və bu ölkədən ictimai qurumlara, TV-yə şübhələr qazanaraq qopmuş, bu günün yeni texnologiya və informasiya cəmiyyətində yaşayan insanın yalnız bir şeyə ehtiyacı var: ciddiyə aldıqlarından əmin olmaq!

Bu işi operativ, etibarlı, sensasiya güdməyən KİV sosial media ilə birlikdə həyata keçirməlidir.

# 2548 dəfə oxunub

Müəllifin son yazıları

# # #