Bahalı maşın sahibləri niyə xoşbəxtdirlər?

Bahalı maşın sahibləri niyə xoşbəxtdirlər?
11 avqust 2017
# 14:30

Aliyə yazır

Xoşbəxtlik keçmiş zamanda

İnsan, heç kimi yox, özü-özünü xilas edə bilərmi? Yol gedə-gedə bu suala cavab vermək asan deyil, iri-iri maşınların arasında, o biri dünyaya vasil olmaq ehtimalımız artdığı vəziyyətdə belə suallar verməyin düşər-düşməzi olur.

Ölkənin magistral yollarından birindəyik. Ötmə əməliyyatı olmaz. Avtomobillər ard-arda düzülüb. Sürət aşağıdır, qarşıda ağır yük maşını gedir. Bahalı markalı maşınlar bu ləng gedən dəvə karvanından ayrılır, ötmə əməliyyatı edirlər.

Təntimiş sürücümüzə təsəlli verirəm: “Yol ver-bəlkə tələsir, xəstəsi var?”

“Pulu var!”. İki kəlmənin qəzəbi “bunlar qudurub”, təəssüfü “mənimki yoxdur” deyir.

Hansısa bir hadisə baş verəndə, 8 günün əsgəri hərbi xidmətdə öləndə, kasıb bir koma ailənin başına uçanda, imkanlı məmur kasıb birini tapdayıb öldürəndə bu qəzəb və təəssüf yenidən ortaya çıxır, istər-istəməz “biz və onlar” bölgüsü yaradır. Kasıblar və varlılar. Halbuki dünya yaranandan kasıblar və varlılar var. Məsələ puldadırmı? Əlbəttə. Amma tamamən yox. Məsələ pulda yox, pulun qanunu üstələməsində, almasındadır. Hər şey alınıb-satılanda biz və onlar bölgüsü şərtidir. Belədə biz də onlar ola bilərik, onlar da biz. Arada rasional fərq yoxdur.

Hər şey, TV də, reallıq da, dörd bir tərəf pulun gücünü tərənnüm edirsə, qlamur ideologiyası düşünən beyinləri zəbt edirsə, insan nə düşünməlidir? “Adəmi adəm eliyən paradır” deyəcək əlbəttə.

Bayaqkı maşındayıq, kondisioneri xarab maşının bürküsü bu dəfə yol yoldaşımı təntidir. Onu sakitləşdirirəm: “Hesab elə ki, 80 ci-illər üçün ən bahalı maşındayıq indi. O zaman heç kondisionerli avtomobil yox idi. Amma Qaz 24-ü olan adamlar xoşbəxt idilər. İndi kondisionersiz maşında özümüzü niyə bədbəxt hiss etməliyik ki?”

Səbrim sürücünü özündən çıxarır: “Orta əsrdəki at arabalarına baxanda biz çox sürətliyik. Ay necə xoşbəxt faytonçuyam!”

Sürət lap azalır. “Dəvələr” “hərami” görmüş kimi, ürkək-ürkək irəliləyir.

Niyə? Qanunu almaq olmaz. Pulumuz çatmır deyə? Yox. Müqəddəsdir deyə...

Bayaq da reallıqdan utandım deməyə. Adəmi adəm eliyən həm də bir para suallar vermək gücüdür. Özünə və başqalarına.

# 1880 dəfə oxunub

Müəllifin son yazıları

# # #