“Mosfilm”də işləyən qrimçi: “Fəxrəddin Manafov mənə dedi ki, cəsarətli ol” - MÜSAHİBƏ

<span style="color:red;">“Mosfilm”də işləyən qrimçi:  <b>“Fəxrəddin Manafov mənə dedi ki, cəsarətli ol”</b> - <span style="color:red;">MÜSAHİBƏ
18 yanvar 2018
# 12:15

“Bu bizim qrimçimizin işə məsuliyyətidir” - çəkiliş arası nəfəsdərmədə rejissor qrim rəssamının guşəsinə işarə edib deyir. Sonra başa düşürəm ki, o, kənarlarına lampalar bağlanmış qrim güzgüsünü deyir – “Adelia (dostlar onu belə çağırır) hər çəkilişə bu ağırlıqda güzgünü özü ilə daşıyır”.

Müsahibimiz qrim rəssamı Adilə Məmmədovadır.

- Adelia, bildiyimi qədəri ilə bizdə qrimçilik peşəsini öyrədən hansısa təhsil müəssisəsi yoxdur. Bu tip xüsusi peşələr fərdi öyrədilir. Bizim kino sahəsində üç ya dörd belə peşəkar var. Necə oldu ki, siz bu peşəni seçdiniz?

- Uşaqlıqdan “make-up” sənətinə həvəsim var idi. Bir də memar olmaq istəyirdim. Hərçənd məktəbi bitirəndən sonra jurnalistikaya qəbul olundum. Yəni, ixtisasca jurnalistəm. Bir müddət də “Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” qəzetində də işləmişəm. Bundan əvvəl Memarlıq və Şəhərsalma Baş İdarəsində işləmişdim. Qəzetdə işlədiyim vaxtda kino istehsalını izləməyə imkanım olurdu. Çünki, redaksiya kinostudiyanın həyətində yerləşirdi.

Dostlarım məni “Azərbaycanfilm” kinostudiyasının baş qrim ressamı Elbrus Vahidovla (Elik) tanış etdilər. O zaman Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi çəkilirdi. O filmdə ilk dəfə təcrübə keçdim. Elbrus müəllim mənə imkan yaratdı ki, çəkiliş qabağı Fəxrəddin Manafovun qrimində düzəliş edim. Sonra kinorejissor Eldar Quliyevin “Dərvişin qeydləri” filmində qrim rəssamının assistenti işlədim. Bir də sərbəst işləməkdə mənə qrim rəssamı Polina Tkaçenko dəstək oldu. Onunla birgə layihələrdə işlədik.

- Bəs ilk təcrübən necə oldu?

- Çox həyəcanlanırdım. Amma yaxşı alındı. Fəxrəddin müəllim dedi ki, cəsarətli ol! Çünki sonra deyəcəksən ki, ilk qrim etdiyim aktyor Fəxrəddin Manafov idi (gülür). Sonra Rasim Balayevlə işləmək çox xoşuma gəlib. Söhbət edirdik, iş də yaxşı gedirdi.

- Ümumiyyətlə, aktyorları qrim edərkən hansısa tələb və ya kaprizlərlə rastlaşırsan?

- Professional aktyor və aktrisalar filmdəki obrazı qrim etdiyimi bilirlər. Bəzi hallarda kaprizlərə rast gəlirəm; belə olanda da vizual əsərin önəmini xatırladıram.

- Adelia, peşənizlə bağlı hansısa başqa təhsil almısızmı?

- “Azərbaycanfilm” kinostudiyasının göndərişi ilə Sankt-Peterburqda 9 günlük master-klassda iştirak etdim. Orada plastik qrim üzrə dərslər aldıq. Əsas texnikanı öyrətdilər. Praktiki məşğələlər idi. Məsələn, mənə plastik qrimlə qadını kişi obrazına çevirmək tapşırılmışdı - kurs yoldaşım Martadan Konfutsi yaratmışdım.

- “Mosfilm”də işləmək bizim ölkədə yəqin ki, hər kino işçisinin arzusudur. Və sənin orada işləməyin diqqəti çəkdi...

- “Mosfilm”də işləmək nəinki bizim, hətta Rusiyanın özündə də bəzi kino işçilərinin arzusudur. Mənim dəvət olunduğum layihədə qrim üzrə rəssam mənimlə birlikdə Sankt-Peterburqda master-klassda iştirak etmişdi. O məni dəvət etdi. Mən də əlbəttə ki, qəbul etdim. Layihə də böyük idi, film də maraqlı idi – fantastik janrda obrazlar işləyəcəkdik. “Qalaktika qapıçısı” filmi apokalipsis mövzusuna toxunurdu, 30 il sonranın Moskvasından danışırdı və orada yadplanetlilər, amazonlar kimi obrazlar var idi. Orada qrim də, saç düzümləri də çox fərqli idi.

- Belə iri layihədə iş zamanı sənə nə yenilik oldu?

- Təsəvvür edin ki, layihəyə 12 qrimçi cəlb etmişdilər. Onlar hamısı köməkçi idilər. Mən qrim rəssamının əsas köməkçisi idim. O qədər material var idi ki, heç mən bilmirdim bunlar nədir. Bir də onlar çox punktualdırlar. Heç vaxt gecikməzlər. Çox şeylər öyrəndim.

Demək olar ki, mənim yaradıcılığımda yeni səhifə açıldı. Böyük film layihəsini reallaşdırmaq üçün qrim rəssamının hətta sərtliyinin də vacib olmasını öyrətdi mənə. Mən xaraktercə yumşaq insanam, kiminsə xətrinə dəyə bilmirəm. Ancaq işdə bəzən bu xarakter mənə mane olurdu. 6 ay müddətində fasiləsiz çalışdığım bu işdə qrim rəssamının fantaziyasının tükənməz olmasını öyrəndim. Plastik qrim etmək üçün yeni materialları öyrəndim.

- Heç orada öyrəndiklərinizi burada tətbiq etdiyiniz oldumu?

- Bizdə hələ ki plastik qrim olan filmlər çəkilmir, ancaq ümid edirəm ki, gələcəkdə ehtiyac olacaq. Bizim yerli rejissorlara, prodüserlərə demək istəyirəm ki, əgər filmlərində plastik qrimdən istifadə etmək istəyirlərsə bu işin zaman alacağını nəzərə alıb öncədən müraciət etsələr yaxşı olar. Çünki lazımi qrim materiallar xaricdən sifarişlə gəlir.

- “Mosfilm”dəki kinolayihədə hansı məşhur kinoulduzlarla işlədin?

- Orada məşhurlar çox idi: Yevgeni Mironov, Mixail Yefremov, Nataliya Yakovleva, Primakova... Yefremov olduqca kaprizlidir; heç qrimi sevmir. Deyirdi ki, hər dəfə özümə söz verirəm ki, gələn müqavilədə ora bənd yazacağam ki, qrim olmasın.

- Film nə zaman təqdim olunacaq?

- Gələn ilin yanvarında təqdim olunmalıdır.

- Daha sonra hansısa iri və ya beynəlxalq layihəyə dəvət oldumu?

- Moskvada olanda Almaniyanın məşhur rejissorlarından biri Veit Helmer Bakıda çəkəcəyi filmə dəvət etdi. "İtirilmiş və tapılmış" adlı filmdə iki ay müddətində dünyanın müxtəlif ölkələrindən olan məşhur aktyor və aktrisaları ilə işlədim. Baş rolda isə Kusturitsanın "Andeqraund" filmindən tanınan Miki Manoyloviç cəkilirdi.

- Filmə dəvət alanda ssenarini oxumağa ehtiyac hiss edirsən?

- Əlbəttə ki. Mən obrazları tanımalıyam. Bir də olur ki, rejissor obrazın xarici görünüşünü tamamən sənə həvalə edir. Hətta bütün hallarda make-up xarakterə uyğun olmalıdır, mən qəhrəmanın necə insan olduğunu bilməliyəm. Məsələn, indi aktrisa Günay Əhmədi qrim edirəm. O, məşuqə obrazını yaradır. Vulqar da ola bilər, amiranə də, eleqant da.... Burada eleqant qadındır.

- Heç insanı gəncləşdirmək və ya qocaltmaq kimi daha mürəkkəb qrim işləri etmisənmi?

- Olub. Amma daha 20 yaşlını 80 yaşda və ya 80 yaşlını 20 yaşda eləmək yox. Bilirsiniz, bunun üçün silikon tələb olunur. Bizim Hollivuda çatmağımıza çox var. Orada artıq “foam latex”, “foam silicone”la işləyirlər. Hətta o da, elə kövrək materialdır ki, 10 dəfə düzəldəndə, onun üçü yaxşı çıxırsa bu artıq müsbət haldır. Bir də ki, qrafikanın və işıq qurulmasının çox böyük önəmi var. İşığı elə qurmaq olar ki, iş yaxşı görünər, elə qurular pis görünər.

- Çəkilişlə əlaqədar səfərlərdə olmalı olursan. Uşaqlarla çətin olmur ki?

- Nənələri baxır. Ümumiyyətlə, ailəm çox dəstək olur mənə. Kömək edirlər, uğurlarıma sevinirlər. Məni hər zaman dəstəkləyirlər.

- İşinizin müqabilində zəhmətə uyğun əməkhaqqı ala bilirsizmi?

- Hər layihədə fərqlidir məbləğ. Yəni, layihənin büdcəsindən asılıdır. Ümumiyyətlə, siz bayaq soruşdunuz, “Mosfilm”lə müqayisə... bizdə maliyyə, büdcə problemi olur filmlərdə. Mən çalışıram ki, işləmək üçün yaxşı materiallar alım. 4 il əvvəlki materiallarla indikilər arasında yerlə göy qədər fərq var. İstəyirəm iş keyfiyyətli alınsın, bu da maliyyədən asılıdır. İri layihələr olanda bu xərclər nəzərə alınır, xırda layihələrə öz materiallarımdan yararlanıram. Özüm də imkan düşdükcə xaricdən, daha çox Amerikadan sifariş edirəm.

- Bahalıdır bunlar?

- Sonuncu filmə 800 avro dəyərində qrim material aldım, 450 dollarlıq material da Amerikadan sifariş etmişdim. Belə baxanda 5-6 vasitə idi. Amma keyfiyyətli şeylərdir.

- Bir qrim ustası kimi “high class” səviyyədə bir film varmı sizin üçün?

- “Bulud atlası” tarixi fantastik filmi. İstərdim ki, o filmdə köməkçinin köməkçisi işləyim. O filmdə hər aktyordan beş-altı obraz yaradılır, həm də müxtəlif dövrlərin adamlarını... Əvvəllər, normal şəkildə oturub filmə baxırdım. İndi daha çox qrim işinə baxıram. Yəqin ki hamıda belədir - hər departament öz sahəsinə fikir verir.

- İndi müxtəlif kosmetik prosedurlar çıxıb. Tibb və kosmetika birləşib burun kiçiltmə, dodaq böyütmə, tatuaj, yanaq düzəltmə və s. kimi əməliyyatlar təklif edir. Xeyli aktrisalarımız da bundan yararlanır. Bir qrim rəssamı kimi buna münasibətin necədir?

- Bilirsiniz, kinokamera süniliyi sevmir. İndividuallığı sevir. Bu əməliyyatlarla hamı eyni üz quruluşunu alır. Məncə simalarına toxunmasınlar. Dərinlik itir, sünilik gəlir. Tatuları spirtli boyalarla bağlamaq olur. Amma yenə də nəsə simadan yox olub gedir. Neyləsən də, silikon dodaq elə silikon dodaq kimi görünür. Yəni, etməsələr daha yaxşı olar.

# 1384 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #