Tamaşaçıları sevgi etirafına məcbur etdilərAliyə yazır...

<b>Tamaşaçıları sevgi etirafına məcbur etdilər</b> – <span style="color:red;">Aliyə yazır...
3 noyabr 2017
# 16:36

Kulis.az Aliyənin “Verbatim – sənədli teatr nədir?” yazısını təqdim edir.

Sənədli teatr - verbatim gerçək mətnlərə, müsahibələrə, real insanların taleyinə əsaslanan, sosial analiz və sənətin qovşağında meydana gələn xüsusi bir janrdır.

Yaradıcı qrup tamaşanı aktual mövzulara, real insanlarla görüşlərə əsaslanaraq hazırlayır. İnsanların şahidliyi, verbatim texnikası (bədii, ənənəvi pyesdən imtina edərək sənədli, əsasən müsahibə formatında pyeslər), «dərin improvizə», teatral oyun və treninqlər bu janrın ayrılmaz parçalarıdır. Bu teatrda teatr illüziyası yaradan hər şeydən imtina ediblər- qrim, dekor, musiqi… Onların şüarı «bu teatrda oynamırlar»dır.

“Birlikdə yaşamaq” necə olur?

Tamaşanın adı “Birlikdə yaşamaq”dır, onu YARAT Müasir İncəsənət Məkanının keçirdiyi M.A.P. festivalına Rusiyanın “Eskiz v teatre” teatrı gətirib. Rejissoru Vika Privalova, dramaturqu Yevqeniy Kazaçkovdur.

İçəri keçən kimi videokamera ilə rastlaşırıq. Girənləri bir-bir çəkən kameranın ardınca başqa bir sürpriz: bizə dördkünc bir not kağızı verirlər. Tamaşaya gələn hər kəsə paylanan, nömrələnmiş bu not kağızında bir cümlə yazılıb.

Zalda spiralvarı düzülmüş stullar. Bayaq videokamera, sonra bir cümləlik not. İndi də stullar, yəqin olur ki, tamaşa verbatim üslubda olacaq, yəni sənədli olmalıdır və tamaşaçılar da iştirak edəcək. Ən ortada tamaşaçıların, daha düzü, iştirakçıların başının üstündə lampalar asılıb. Səhnəarxası səs izah edir: divarda rəqəmlər göründükcə hər kəs əlindəki kağızda yazılan cümləni oxusun. Zəif, yaşıl işıq yananda isə ilk sevginizdən danışa bilərsiniz.

İşıqlar öləziyir və səs yazısından bir qızın sevgi hekayətini dinləməyə başlayırıq. Birdən nitq kəsilir və divarda rəqəm görünür. -1. Əyləşənlər karıxmış halda bir-birinə baxır. Nə demək lazımdır? Kimin nömrəsidir? Bu çaşqınlığı teatrın aktyorları aradan götürür. Aramızdan biri həm replikanı, həm də əhvalatın ardını danışmağa başlayır. Anlayırıq ki, aktyorlar aramızdadır və gerçək sevgi əhvalatlarını oynayırlar. Səs yazısı, aktyorlar, not kağızındakı replikalar ayrı-ayrı sevgi əhvalatlarını danışır. Arada isə yaşıl işıq yanır, bu zaman tamaşaçı-iştirakçılar öz ilk sevgisini danışmalıdırlar. Bizim teatrsevərlər belə hala öyrəncəli deyil, danışmaq çətindir. Amma yenə də öz sevgisini danışmağa cəsarət edənlər tapılır. Bütün danışılanları birləşdirən bir şey var-bütün əhvalatlar sənədlidir, gerçəkdir.

Bəs gerçək sevgi əhvalatları kollajından qurulan bu sənədli tamaşanın məramı nədir? Pyesmi tapılmır ki, teatr tamaşaçılara üz tutub? Əsla. Teatrın əbədi-əzəli məramı dəyişməyib: o istəyir ki, bu qovhaqov zəmanədə teatra üz tutan adam bir anlıq özü ilə təkbətək qalsın, düşünsün, hiss etsin.

Kobud desək, teatr tamaşaçısına özü haqda düşünmək üçün vaxt kəsir. Ona görə də məsələni belə birbaşa qoyub. Hətta ilk sevgi tarixçəni danışmasan belə, o haqda düşünürsən və çoxdandır bunu düşünmədiyinə heyrət edirsən. Səni nə vaxtsa yaşadığın o sevgiyə qapılmağa qaranlıq atmosferdə eşitdiyin titrəyən, həyəcanlı, həsrətli, təəssüflü səslər vadar edir.

Danışırsan, səsin səslərə qarışır. Bu teatr tamaşaçını birbaşa şəkildə canlı ünsiyyətə çağırır, texnogen dünyanın soyuq dəhlizlərində bir dost kimi qabağına çıxır. İstərsən, bu dostluğu qəbul edirsən, istəmirsən, qalxıb tamaşadan gedirsən. Amma gəldiyin kimi getmirsənsə, deməli, səninlə nəsə baş verib.

Teatr da tarixi boyunca bunun üçün əlləşib. Tamaşaçıda nəsə baş versin. Ona görədir ki, teatr tarixi həm də teatrın tamaşaçılarla münasibətinin tarixidir. Bizim teatr məkanımız üçün yeni olsa, Rusiyada sənədli teatrın 20 ilə yaxın tarixi var.

Amma məhz bu üslub üçün kiçik bir təhlükəni də qeyd etməliyəm. Hansı təhlükədir o?

Yenə də teatrın bütün tarixi boyu qorxduğu saxtalıq, pafos. Elə verbatim janrı həm də bu qorxudan yaranıb.

Bəs təhlükə haradadır? Budur, burada: Selfi çağının narsist insanları özü ilə təkbətək olmaq imkanını populizmə, publikaya oynamağa dəyişməz ki? Yoxsa sevgi əhvalatlarını danışan iştirakçıların bəziləri pafosu niyə yerə qoymasın ki? Teatr bunu bilir, işıqları zəiflədir ki, maksimum öz dünyana köklənəsən. Bəlkə də teatrlıq heç nə yoxdur, eqosentrikliyə yoluxmuş insanla bu metod işə yaramır sadəcə. Sosial şəbəkə istifadəçisindən mediaya qədər hər kəsin oynadığı bir zamanda verbatim də çətindi...

Bu mənada “Eskizi v teatre” teatrının Bakı tamaşaçıları olduqca səmimidir - onlar susurlar. Cəmi bir neçə sevgi əhvalatı eşidirik. Onlardan da biri vicdan əzabı etirafıdır, hansısa pafosdan söhbət gedə bilməz. Buna sevinirəm.

“Troya zövcələri”

M.A.P. festival çərçivəsində Gürcüstanın Royal Distrikt teatrının təqdim etdiyi “Troya qadınları” tamaşasında da sənədlilik prinsipi var. Evripidin “Troya qadınları” faciəsi dövrün qadınlarının müharibə hekayələri ilə qovuşub və bir tamaşaya mətn olub. Bu mətni biz Bakı tamaşaçıları divardakı subtitrlərdən oxuyuruq. Və tamaşa qoyularkən nəzərdə tutulmamış, bu divar yazıları mətnin dirilməsi kimi bir təəssürat yaradır, tamaşaya yeni bir çalar gətirir.

Tamaşa olduqca xoş bir atmosferdə başlayır, beş gözəl qadın səhnənin mərkəzindəki stullarda əyləşib tamaşaçıya baxır, ətrafda çiçəklər var, quşların səsi eşidilir. Harmoniya, sakitlik, xoşbəxtlik hissi qadınların gülümsəmələri ilə tamamlanır. Bu hissin tam bərqərar olması üçün bir xeyli vaxt verilir. Ona köklənəndən sonra qadınlar yavaş-yavaş danışmağa başlayır. Bu yas adətləri haqqında söhbətdir – güllər nə üçündür, otaqdakı ölü adam canlı güllərlə uyuşurmu, uyuşmurmu, ölü ilə kim oturmalıdır, qadınların və kişilərin vəzifələri nədir bu yasda. Bu söhbətlərlə səhnədəki çiçəklər artıq bayaqkı harmoniyanın bir parçası olmaqdan çıxıb, yas gülünə, ölümü simvolizə edən bir bioloji materiala çevrilir, harmoniya və xoşbəxtlik məkanı kimi hiss etdiyimiz səhnə yavaş-yavaş ən ağır dərdlərin, ən ağlasığmaz faciələrin məkanına dönür. Elə faciə ki, xeyirxah düşmənlər oğlunun ölüsünü sənə versinlər deyə susmalısan.

Eynən yasa hər kəs öz dərdini çiçəklə birgə gətirdiyi kimi tamaşaya da güllər yağır; Evripidin faciəsindən çıxmış Hekuba, Kassandra və Andromaxa əzabın dərinliyində başqa müharibə qadınlarının faciəsini aşkarlayır.

İdeya Evripidin faciəsindəki ideyadır - müharibə mənasızdır, o, hər iki tərəfə yalnız məhrumiyyət gətirir, müharibə qəhrəmanları ölənlər yox, sağ qalan qurbanlardır.

Birlikdə ağrımaq necə olur?

Andromaxanın oğlunun edama alınması dərdinə əlamətlərindən yaxın zamanların olduğunu təxmin etdiyimiz bir müharibə əhvalatı da qarışır - qadın ərinin gözünün qarşısında öldürülməsindən danışır. Daha doğrusu, danışa bilmir, nitqini yarıda saxlayıb səhnə arxasına qaçır və biz öyrənirik ki, bu bədii-sənədli hissədir, öz əhvalatını tamaşa müəlliflərinə danışan qadın da məhz bu yerdə danışa bilməyib, ərinin qarşısında zorlanmasını danışmağa gücü çatmayıb və eynən bu səhnədəki kimi nitqini yarımçıq qoyub qaçıb. Və eynən bu tamaşadakı kimi qayıdıb ötürdüyü yerdən davam edib.

Bu əhvalatların hamısında gerçək nitqdən gəlmiş detallılıq var. Xatirələr belədir, orada mütləq xırda bir detal adamı hər şeydən çox incidir. Ağacdan asılmış bacının ayağından qəfil düşən ayaqqabı, atanın mavi köynəyini bənövşəyiyə boyayan qan, ananın dəfni günü tualetə yıxılmağın və bunun sənə gülməli gəlməsi, “bu armud ağacıdır” deyən bacının sözlərinə onu həmin ağacdan asılmış görəndə inanmağın faciənin uzun zamana hesablanmış gizli qəlpələridir.

Səhnədəki beş aktrisa gah troyalılar olur, gah Qafqazda müharibədən çıxmış qadınlar, gah da xarabalıq içində rəng axtarmaq oyunu oynayan balaca qızlar.

Bir də baxırsan tamaşa bitmək üzrədir, havasa “qurşun kibi ağır”. Aktrisalardan biri qabağa gəlib əvvəldə oxuyan quşların səsini xahiş edir; “O quşların səsini bir də qoşun” deyir... Qəsdən edir.

“Səhnə həmin səhnə, çiçəklər də yerdə. Bəs hanı əvvəlki xoşbəxtlik, əvvəlki harmoniya?” – düşünək deyə...

# 1932 dəfə oxunub

Müəllifin son yazıları

# # #