Kloun Coni: “Aktyor yazıq məxluqdur” - MÜSAHİBƏ

Kloun Coni: “Aktyor yazıq məxluqdur” - <span style="color:red;">MÜSAHİBƏ
2 oktyabr 2017
# 09:00

Kulis.az Bakı Uşaq Teatrının aktyoru, “İmtahan” serialından Nüsrət kimi tanınan aktyor Cavanşir Məhərrəmovla müsahibəni təqdim edir.

- Cavanşir bəy, “İmtahan” serialında Nüsrət necə oğlandır? Bir qədər bu son layihənizdən danışın.

- “İmtahan” yarı-dram, yarı-komediya janrında bir serialdır. Tələbə həyatından bəhs edir. Obrazım Nüsrət dəcəl bir oğlandır. Gündə bir qız sevir, uğursuz eşqlər yaşayır, mənasız zarafatlar edir... (gülür). O obrazda çox şeylər mənimlə uyğundur. Məsələn, mən də çox zarafat edirəm.

- Elə bil həmişə komik rollar verirlər sizə...

- Hə, teatrda da xarakterik rollar... Amma istəyirəm dramatik psixoloji nəsə oynayım, məsələn, tək bir insanın həyatını, ya bir yoxsulun obrazını. İstər kinoda, istər teatrda. Bir monotamaşalar festivalı var idi, Çexovun “Kalxaz” əsərində oynayırdım. Elə bilirəm tələskənlik oldu, uğursuz alındı. Maraqlı əsər idi. Elə bir obraz istəyirəm.

Bir də serialda da, teatrda da tərəf müqabilindən çox şey asılıdır. O deyir e, şahı şah edən əyanlarıdır. Burada da elə. “İmtahan” serialında kollektiv peşəkardır və adam ruh alır.

- Bəs teatrda?

- Elə teatrda da. Sadəcə? teatrımızda o şərait yoxdur, kənardadı, yerimiz darısqaldı. Bilirsiniz, Qaraçuxurdadır bizim yerimiz.

- Bilirəm. Həm də müxtəlif yerlərdə tamaşalar oynayırsız. Auditoriyalarınız fərqli olur...

- Kiməsə asan gələ bilər, amma ən çətini uşaqların qarşısında oynamaqdır, onları aldatmaq olmur, daha diqqətlidirlər, ən xırda şeylərə fikir verirlər, sual verirlər.

Bizim bir tamaşamız var - “Şrek və dostları” orada mən Şrekin uzunqulağını oynayıram, baxıram ki, uşaqlar eynisini istəyirlər. Yəni, obrazdan çıxmasın, təbii ki, mən Molla Nəsrəddinin uzunqulağını oynaya bilmərəm. Uşaqlar dəqiqlik istəyir.

Auditoriyalar doğrudan da fərqli olanda macəralar olur. Bir dəfə Şəkidə narkomaniya haqda tamaşa oynayırdıq, tamaşanın gərgin yerində ən qabaqda əyləşmiş tamaşaçı ucadan heyrətləndi: “Əəə haaaa?” (gülür) Özünü eşitməzliyə də vurmaq olmur reaksiya da verə bilməzsən. Gərgin yerdir, amma səhnədəkilər də peşəkardır, tamaşanı xilas etdik.

- Həbsxanada dustaqların qarşısında tamaşa oynamısınız. Necə qarşılayıblar?

- Tamaşaya dözə bilməyənlər olub. Ağlayanlar, kövrələnlər çox olub. Deyim sizə, həbsxana qaydalarına görə, əl çalmaq yaxşı bir şey kimi qəbul olunmur. Amma bizim tamaşalarımızı alqışlayıblar. Həm də biz eləcə oynayıb getmirik. Tamaşadan sonra qalıb söhbət edirik.

- Teatrda nə qədər oynasa belə aktyorlar teleefirdən sonra məşhurlaşır. Siz özünüz də, məsələn...

- Hə, bu məni narahat edir. Baxırsan yaxşı aktyordur, teatrda illərini qoyub, amma məni tanıyırlar onu yox. Adamın pisinə gəlir.

- Bəs aktyor daha böyük rollar üçün nə etməlidir və ya özünü necə təqdim etməlidir? Yoxsa oturub kiminsə onu görməyini gözləməlidir.

- İnternetin yaxşı tərəfi də var, pis tərəfi də. Pis tərəfi odur ki, aktyor qalır qıraqda, internetə kiçik səhnəcikdə çəkilənə gətirirlər film verirlər. Biz də qalırıq baxa-baxa ki, axı bu heç nə eləmir.

- Bəlkə bu yaxşıdır, o, özünü bir şəkildə təqdim edir...

- Haqlısız e, aktyorun özündən də asılıdır. Aktyor var 40 ildir teatrda işləyir, hələ bir yaxşı obraz oynamayıb. İndən belə də heç nə alınan deyil. Aktyor özünə sual verməlidir səhnəyə çıxmamışdan ki, mən kiməm və nə edirəm. O sualı verən aktyor indi azdır. Aktyor var elə oynayır, ürəyi partlayır, ölür. Aktyor da var, 20 ildir eyni şeyləri oynayır. Bir deyən də yoxdur, axı yoxdur səndə, bəlkə sən bu sənətdə kiminsə, bir istedadlı adamın yerini tutursan?

- Cavanşir bəy, Yaşar Nuri ilə necə qohumsuz?

- Atamın bibisi oğludur. Evinə gedib gəlirdim qohum kimi. İnstituta da məni bir qohum kimi hazırlaşdırırdı. Müəllim kimi. Amma mən onun adını çəkib, istifadə etmək istəməmişəm heç vaxt.

Məni hazırlaşdırırdı, danlayırdı da. Kimsə kömək edə bilər e, o demək deyil ki müəllim öyrədir. Mən uşaq yaşlarımdan tamaşalara gedirdim, filmlərə baxırdım. Bilirsiniz, hamı indi efir istəyir, məşhur olmaq istəyir, teatrda əziyyət çəkmək istəmir. Soruşsan, Həsən Əbluç kimdir, tanımırlar. Amma özləri tanınmaq istəyir. Bu məni narahat edir.

- Siz özünüz kimin kursunu bitirmisiz?

- Yaşar Nurinin.

- Dram kino aktyorluğunu, hə?

- Aha. Bilirsiniz, demək istəmirdim, amma məndə universitet alınmayıb. Yəni, İncəsənət Universitetində oxumamışam.

- Burada nə var ki? Peşə təhsili almayan nə qədər uğurlu aktyor var.

- Yox e, ona görə yox. Sadəcə, o vaxt testdən keçə bilmədim. Qabiliyyət imtahanında da başqa cür oldu. Rasim Balayev götürürdü məndən imtahan. Hazırlaşıb səhər 7-dən gəlmişəm. Hər şəkildə təsadüfi gəldiyi məlum olan bir qız gəlib elə qapıdaca bir iki sətir öyrəndi, məndən qabaq imtahana girib üç dənə beş aldı. Mən içəri girdim, hazırladıqlarımı göstərdim, Rasim Balayev dinlədi, dedi, oğlum, sən çox arıqsan, gələn il gəl. Gəlib Yaşar müəllimə dedim, dedi, ə bəs deyə bilmirdin, özün Nəsimini oynayanda ayaq üstə qırxın çıxırdı?

Nəsə, mən keçə bilmədim. Yaşar müəllim deyirdi qabiliyyətdən keçəcəksən onsuz da, tapşırılmağa ehtiyac yoxdur. Sonra da testdən kəsildim.

- Cavanşir bəy, bir aktyor kimi sizi rolsuzluq narahat edir, yoxsa pulsuzluq? Yəni yaradıcı, yoxsa maddi problemlər?

- Əlbəttə, maddi problemlər. Aktyorun beyni rahat olmalıdır. Səhnədə maddi problemlərini düşünməli deyil. Teatrda uzaq yol problemi, evdəki problemlər... Hər şey rahat olsa nə gözəl olardı. Ailəli gənc aktyorlar bu dəqiqə hamısı işdə evdəki problemləri düşünür. Uşağa nə alım, kommunalı necə ödəyim və s. İnandırım sizi, 80 faizi onu düşünür.

- Evlisiz?

- Hə, təzəliklə evlənmişəm.

- Bir elanınız yayımlandı mətbuatda - böyrəyinizi satmağınızla bağlı. Bu haradan gəldi ağlınıza?

- Onu yarızarafat, yarıgerçək demişdim. Amma gerçəklik payı çox idi. Jurnalist dostumun yanında demişdim, müsahibədə. O zaman problemlərim də çox idi. O elandan sonra hamı zəng edib soruşurdu. Hətta TV-yə çağırdılar, sonra dəvəti ləğv etdilər nəyə görəsə.

- Kloun kimi, animator kimi də işləyirsiniz, eləmi?

- Animator əvvəl işləyirdim. İndi kloun işinə gedirəm

- Kloun adınız nədir?

- Kloun Coni... Bilirsiniz, indi qeyri-peşəkarlar gəlib aşağı qiymətə işləyirlər və işin keyfiyyətini salırlar aşağı. Camaat da ucuza meyl edir. Bizim bazarımız ölür. Mən on iki ildir bu işlə məşğulam. Əvvəl olurdu ki, işimizlə bağlı xoşagəlməz şeylər yaşayırdıq. Ayağımızın altına partlayan paket atırdılar, nə bilim... Belə də... Ən çox Bakı kəndlərində, şəhərkənarı yerlərdə... İndi sənət kimi qəbul edirlər yavaş-yavaş...

- Teatrda o rolu oynayım deyə mövsümün açılışını həvəslə gözlədiyiniz rolunuz varmı?

- Var. “Kimdir Müqəssir?” tamaşasında Mahmudu oynayıram. Elşən Zeynallı qurub tamaşanı. Premyerası olacaq 10 məşqdən sonra.

- Səhnədə aktyorların bir-birinə qarşı etdiyi ən pis əməl nə ola bilər?

- Elə bir şey olmur. Bir o olur ki, məşqdə etdiyin improvizəni tamaşada kimsə səndən qabaq edir. Necə deyərlər, oğurlayır.

- Saçınızı uzadırsınız, bizdə ənənəvi deyil, fərqli görkəmdə olmağa meyl edirsiniz.

- Məncə, aktyor geyimi ilə, fakturası ilə seçilməlidir. Düzdür, o saç da başıma çox problemlər açdı... Bir dəfə yandı, bir dəfə filmə görə qırxdım, amma heç filmə də çəkmədilər.

- Yəni, fərqli obrazla rejissoru cəlb etmək istəyirsiniz?

- Bu, yanlış bir şeydir. Görkəmi yaxşı ola bilər aktyorun, amma içi yoxdursa neyləyəcək o görkəmi? Bizdə rejissorların çoxu onsuz da ştampa meyllidir, bir dəfə içki düşkününü oynadınsa, hər dəfə sənə o rolu verirlər. Elə rejissorlar var ki, dostsan, pul verməyəcək, ya az verəcək deyə səni çağırır. Sən elə dostuna yaxşı pul ver də. Aktyora belə münasibət olmaz eee...

- Sizdə Varisin “Sonuncu ölən ümidlərdir” romanını gördüm. Bu kitab əlinizə haradan keçib? Yəni, özünüz seçib almısız, ya kimsə məsləhət görüb?

- Serialda çəkilən Aydan xanımdan aldım. Dedi, maraqlı kitabdır. Həqiqətən, maraqlı kitabdır. Yolda-filanda oxuyuram.

- Dramatizmə çox meyllisiniz. Ekrandan komik qəhrəmanlar yaratsanız da...

- Bilirsiniz, məncə aktyor yazıq məxluqdur.

- Niyə axı?

- Nə bilim.

- Yəni, ona olan münasibətə görə, işinin nəticəsinə görə, təmin olunmamağa görə, özünün həyata olan münasibətinə görə, ya nəyə görə?

- Ümumi deyirəm. Bəlkə başqa yerdə yaşasam, belə düşünməzdim. Peşəkara qiymət verən azdır indi. Səhnədə Kral Lir oynayır aktyor, tamaşaçı elə bilir ondan xoşbəxt adam yoxdur. Pərdənin dalındakı aktyorun əsl simasını bilmir tamaşaçı. Bəlkə də o axırıncı qəpiyini verir nəqliyyata, gedir evinə. Olub məndə belə...

Bir dəfə axırıncı qəpiyimlə evə gedirəm. Bir siyahı da yazıblar ki, gələndə bunları al. Yorğunam, yuxulayıb, necə yuxulamışamsa əlimdən qəpiyi salmışam avtobusa. Tapa da bilməmişəm, camaatdan ayıbdı, yerdə qəpik axtaran deyiləm ki. Birtəhər düşdüm. Gedirəm, yol uzunu düşünürəm ki, yaxşı, avtobusla qurtardıq, bəs bu yazılanları nəylə alım? İnanın, belə düşünə-düşünə getdiyim yerdə birdən məhz o şeylərə çatacaq qədər pul tapdım yerdən – dörd manat! İndi buna nə ad qoyum?

- Həmişə sizinlə oyun quran biri var.

- Həə. Ola bilər.

# 1736 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #