Rusiyanın Mədəniyyət Nazirliyi Moskva açıq kitab festivalında iştirakı nəzərdə tutulan iki tamaşanın nümayişini təxirə salmağı tələb edib. Maksim Kuroçkinin “Otyeyənlər” pyesi əsasında hazırlanan tamaşa ana söyüşünə görə, Oljas Janaydarovun uşaq tamaşası “Yastığın ürəyi” tamaşası isə “homoseksualizm təbliğinə” görə nümayişi qadağan olunub.
Festivalın təşkilatçılarına göndərilmiş məktubda mədəniyyət nazirinin birinci müavini bildirib: “Hər iki pyesin məzmunu rus mədəniyyətinin dəyərlərinə və əxlaq ənənələrinə ziddir”.
“Yastığın ürəyi” tamaşası allergiyası olan tənha oğlanla hiperallergik yastığın dostluğundan danışır.
“Otyeyənlər” satirik pyesində isə savadlı qasterbayterlərdən, şərq şahzadələrindən, rus “obıvatellərindən” söz açılır.
Tamaşaların nümayişini təşkil edən colta.ru saytının redaktoru Mariya Stepanova nazirliyin qərarını absurd hesab edir:
“Nazirlikdən gələn məktubda “nəzərdə tutula bilər” və ya, “əldə olunan məlumata görə” sözləri onu göstərir ki, orada pyesi heç kim oxumayıb”.
Mariya Stepanova pyeslərdə belə məqamları axtarmağın özünü absurd hesab edir: “Yastığın ürəyi” pyesində homoseksuallıq təbliğatı aşkarlamaq mümkün deyil, ona qalsa istənilən uşaq ədəbiyyatında cinayət təbliğatı tapa bilərik” - deyə Stepanova fikrini ifadə edib.