Məşhur aktyor: “Saqqalımı qopartmaq istəyirdilər”

Məşhur aktyor: “Saqqalımı qopartmaq istəyirdilər”
24 dekabr 2014
# 16:12

Kulis.az “stajlı” və məşhur Şaxta Babaların xatirələrini təqdim edir.

Kazım Abdullayev (Akademik Milli Dram Teatrının aktyoru): 30 ildən çoxdur Şaxta Babanı oynayıram. Birinci il Sumqayıt teatrında Şaxta Baba olmuşam. Sonra mədəniyyət evlərindəki şənliklərdə də çıxış etdim. Beləcə, təcrübə topladım.

Uşaq başı aldatmırsan e, ciddi məsələdir, uşaqlar Şaxta Babaya inanırlar. Böyüklər teatra gəldiklərini bilirlər. Onları inandırmalısan. Amma uşaq elə bu başdan inanır. Bu əlavə məsuliyyətdir. O inamı itirməməlisən. Hələ ki, balaca bir inamları, nağıl dünyaları var, onu pozmayaq. Onsuz da bir azdan hər şeyi başa düşəcəklər, biləcəklər həyat nədir.

Mənim şənliyimdə iştirak edən uşaqlar indi yanıma öz uşaqlarını gətirirlər. Yaxınlaşıb deyirlər ki, sən bizim Şaxta Babamız idin…

Bir dəfə Şaxta Baba paltarını geyinib evə də getmişdim. Onda uşaqlar balaca idi. Evdəkiləri Şaxta Baba kimi təbrik etdim. Az sonra əynimi dəyişib qayıdanda onlar mənə həyəcan və təəssüflə dedilər ki, kaş evdə olardın - Şaxta baba gəlmişdi... (gülür)

Əsas məsuliyyətdir. Hələ bu 30 ildə bir dəfə olmayıb ki, içkili vəziyyətdə Şaxta Babanı oynayam. Amma belə edənlər olur. Həmişə düşünmüşəm ki, səndən araq iyi gəlsə uşaq yaxınlaşıb nə fikirləşər? Heç siqaret də çəkmirəm. Evlərə də getdiyim olub. Amma həmişə işimə ciddi münasibəti qorumuşam.

Bircə valideynlərlə çox çətindir, uşaqlarla işləməyə qoymurlar. Bir də görürsən ki, beş nəfər ailə üzvü-ata, ana, nənə, baba, xala, bibi bir körpə uşağı gətirib şənliyə, uşaq qucaqlarında dayanırlar şənliyin ortasında. Nə isə deyəndə xətirlərinə dəyir ki, mənim uşağım bəyəm uşaq deyil?

Məhərrəm Qurbanov (Musiqili Teatrın aktyoru): 15 il olar Şaxta Babayam. Bu il də teatrda mən və Novruz Qartal Şaxta Baba olacağıq. Şaxta Baba da elə həmin Şaxta Babadı, dəyişib eləməyib... Düzünü deyim, mən bu Şaxta Babanı oynamağa həvəsli deyiləm. Teatrın işidir deyə, haradasa məcburiyyət qarşısında oynayıram. Kosanı, Keçəli daha həvəslə oynayardım, nəinki Şaxta Babanı. Şaxta Baba bizim xalqımıza, adət ənənələrimizə uyğun obraz deyil. Dədə-babadan bizim Yeni ilimiz Novruzdan sayılır. Ona alternativ kimi bunu qəbul etmirəm. Düzdür, biz də bu təqvimlə gedirik, amma mən yeni ili Novruzdan sayıram… Bizdə də Xıdır İlyas kimi obraz var, o da gəlir, balıncın altına hədiyyə qoyur…

Mənim Şaxta Babanı oynamağım da təsadüfdən olub. Rəhmətlik Hacıbaba Bağırovun direktorluğu vaxtı idi. Şaxta Babanı başqa bir aktyor oynayırdı, o çıxışı ərəfəsində xəstələndi və mən onu əvəz etdim. O vaxtdan bu rolu mənə verdilər, dedilər ki, səndə yaxşı alınır. Onda cavan idim, amma indi oynadıqca əsəbiləşirəm. Amma əlimdən gələni edirəm ki, yaxşı alınsın, uşaqlar sevinsin.

Məktublar verirlər, uşaqlar saf-saf arzularını yazır. Amma aktyorun elə bir imkanı yoxdur ki, onların istədiklərini versin. Elə bir şey də istəmirlər e, gəlincik istəyirlər, ya da oyuncaq təyyarə. O məktubları evdə oxuyuram, birini oxudum lap yana-yana qaldım. Bir uşaq gəlincik istəmişdi. Orda oxusam uşaqların birinə pul verib aldırardım. Yəqin imkanları yoxdur, ala bilmirlər uşağa. Belə-belə şeylər…

Bir dəfə bir kübar görkəmli xanım, dedi ki, bayaq şənlikdə uşaqlara demisiniz ki, gəbənin üstünə gəlin, gəbə nə deməkdir? Yadıma düşdü ki bayaq elə bir söz demişəm. Mən özüm gəncəliyəm, bizdə xalçaya gəbə deyirlər. Ona dedim ki, ay xanım, bu gəbə dədə-baba sözüdür. Ədəbiyyatımızda da var. Belə şeyləri görəndə öz-özümə deyirəm ki, yaxşı edib oynamaq istəmirəm. Hələ bizim milli obrazımız deyilsə, xüsusən. Amma bilirsiniz, uşaqları sevindirmək həmişə xoşdur. Uşaqlar başqadır. Kaş ki, onların gördükləri ilə eşitdikləri bir olaydı. Biz bir şey danışıb başqa şey edirik. İstəyirəm uşaq soruşmasın ki, ay ata, ay baba, sən mənə bir şey deyirsən, amma televizor başqa şey göstərir, həyat başqa şey göstərir… Belə…

Qurban İsmayılov (Gənc Tamaşaçılar Teatrının aktyoru): Mən Gənclər Teatrında uzun müddət, təxminən 12-13 il Şaxta Baba olmuşam, amma bu, çoxdan olub. Uşaqların arasında Şaxta Babanın saqqalını yandırmaq istəyənlər də olub, dartmaq istəyənlər də. Bir dəfə belə bir əhvalat olmuşdu. Dövlət Gənclər Teatrında seansların birində Şaxta Baba həm foyedə olmalı, həm də tamaşanın finalında səhnəyə çıxmalı idi. Foyedən sonra arada olan fasilə vaxtı Şaxta Baba paltarında koridorda siqaret çəkirdim. Birdən bir uşaq məni gördü və tamaşa vaxtı mən səhnəyə çıxanda yerdən qışqırmağa bağladı ki, bu Şaxta Baba yalançıdı, həqiqi deyil, mən gördüm, o, bayaq siqaret çəkirdi… (gülür) Bu onu göstərir ki, uşaqlarda Şaxta Babaya inam var. Təbii ki, hamısında yox.

Amma xoşagəlməyən xatirələr də var. Məsələn hər gün 4, bəzən 5 seans demək olar ki, eyni şeirləri eşitməli olurdum. 3-4 məşhur şeir və mahnı var ki, gələn uşaqların əksəriyyəti onu danışırdı. Çoxu da rus dilində. Bu da yəqin ondan irəli gəlir ki, bizdə uşaq ədəbiyyatı kasaddı. Amma ümumiyyətlə, insanlara, xüsusən də uşaqlara sevinc bəxş edəndə adam zövq alır. Mən uşaqlarla birbaşa ünsiyyətdə idim deyə, arzularını məktub şəklində deyil, şifahi söyləyirdilər. Bizim uşaqların əksəriyyəti elə kodlaşdırılırlar ki, elə bilirlər, Şaxta Babanın gücü yalnız yeməli hədiyyə verməyə çatır. Bu da onu göstərir ki, bizim xalq realist təbiətlidir.

Bütün bunlara baxmayaraq, əgər uşaqlar Şaxta Babanın gəlişinə mahnı, şer, tapmaca hazırlayırlarsa deməli, inanmağın xeyri var…

Nicat Kazımov (Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor): 1993-cü ildən Şaxta Babanı oynayıram. 7-8 ildir ki, Gənc Tamaşaçılar Teatrının Şaxta Babasıyam. İndi Şaxta Babanı ancaq teatrda oynayıram, başqa heç yerdə. Bəxtim elə gətirib ki, uşaqlar həmişə mənim Şaxta Baba olduğuma inanıblar. Geyimə, qrimə çox diqqət edirəm. bilməyən adam olsa, tanımaz ki, bu Şaxta Baba mənəm.

Şaxta Baba artıq qəbul olunmuş obrazdır, onu dəyişmək və ya inkişaf etdirmək yersizdir. Həm də Şaxta Baba səhnədə deyil, foyedə oynayırıq, o, gözlənilən kimi gəlir, həm də bir az gecikir, yolkanın işıqlarını yandırır və uşaqlarla rəqs edib, əylənib gedir. Ola bilər, proqramın özü dəyişir, musiqilər, oyunlar dəyişir, Şaxta Baba bloku isə dəyişməz qalır.

Düzünə qalsa, mənim özümün Şaxta Baba olmaqdan zəhləm gedir. Çünki saqqala-bığa allergiyam var və o bir saatı mən nələr çəkirəm, Allah bilir. Amma təbii ki, uşaqların bundan xəbəri yoxdur. Geyimim daha çox, “Morozko” filmindəki Şaxta Babanın geyiminə bənzəyir. Kostyumum çox ağırdı. Amma uşaqlar sevinirsə gündə 5 seans oynamaq da problem deyil. Bir də şəkil çəkdirəndə valideynlərin uşaqlara münasibətindən zəhləm gedir. Onların öz uşaqlarına görə o biri uşaqları tapdamağı adamı əsəbiləşdirir.

Şaxta Babayla uşaqları aldatmaq məsələsinə gəlincə… Nağıllara inanmaq lazımdır. Nağıla inanmayan uşaq daha saf, daha səmimi olur. Nəinki uşaqlar, hətta böyüklər də nağıllara inanmalıdır. Nağıl bizə ümid verir. Nağılsız həyat maraqsızdır. Mən özüm şimalda Şaxta Babanın yaşadığına inanıram.

# 1388 dəfə oxunub

Müəllifin son yazıları

# # #