Əli Əmirlinin əsəri Kalmıkiya teatrında

Əli Əmirlinin əsəri Kalmıkiya teatrında
16 dekabr 2014
# 15:37

Kalmıkiya Respublikasının paytaxtı Elista şəhərində B.Basanqov adına Milli Dram Teatrında Əli Əmirlinin “Sevən qadın” lirik komediyasının premyerası olub. Kulis.Azın məlumatına görə rus dilində oynanan və böyük uğurla keçən tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Dramaturqun məlumatına görə tamaşa 12-13 dekabrda anşlaqla nümayiş olunub. Baş direktoru Qalina Şurayeva isə müəllifin ünvanına təbrik teleqramı göndərib: “Hörmətli cənab Əli Əmirli! B.Basanqov adına Kalmık Milli Dram Teatrının yaradıcı kollektivi adından Sizə kalmık tamaşaçısına həyəcan dolu pozitiv enerji və güclü emosiyalar bəxş edən qiymətli yaradıcılığınıza görə səmimi təşəkkürlərimi və dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, sizin “Sevən qadın” pyesiniz əsasında hazırlanmış eyniadlı tamaşa paytaxtımızın teatr həyatında əsil mədəniyyət hadisəsinə çevrilməklə, teatr sənətini sevən və qiymətləndirməyi bacaran insanlara özləri üçün Əli Əmirli adında yeni bir dramaturq kəşf etməyə imkan verəcəkdir.

Elə bir dramaturq ki, onun əsərlərində xüsusi bir dünya var, elə bir dünya ki, orada dərin hisslər, həyəcanlar, müdrik ironiya və müəllifin xeyirxah təbəssümü özünü parlaq şəkildə göstərir. Ümid edirik ki, Bəhram Osmanov kimi istedadlı rejissorun qurluşunda hazırlanan bu tamaşa nəinki böyük uğur qazanacaq, həm də Azərbaycan və Kalmık teatrları arasında möhkəm yaradıcılıq dostluğunun təməlinə çevriləcəkdir. Biz sizi çoxqatlı istedadınıza və yaradıcılıq fərdiyyətinizə görə sevdik”.

Onu da qeyd edək ki, “Sevən qadın” Bəhram Osmanovun quruluşunda ilk dəfə 2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdu.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

# # #