“Ayə, haredersən”i oxuyan Vüsal: “Bu aqressiya normaldır” - SÖHBƏT

<span style="color:red;">“Ayə, haredersən”i oxuyan Vüsal:  “Bu aqressiya normaldır” - <span style="color:red;">SÖHBƏT
2 dekabr 2017
# 09:00

Kulis.az “Ayə haredersen, ayə” parçası ilə son günlərin media qəhrəmanına çevrilmiş folk-rok ifaçısı Vüsal Rzasoyla müsahibəni təqdim edir.

- Oxuduğunuz parça sosial şəbəkə üzərindən çox şərh olundu. Bəyənənlər də oldu. Amma aqressiv yanaşanlar da oldu. Bəs şəxsən sizə yaxınlaşıb münasibət bildirənlər oldumu?

- Yaxınlaşıb salamlaşır, pozitiv münasibət bildiriblər, gülümsəyib xoş sözlər deyiblər, neqativ halla rastlaşmamışam.

- Vüsal sizin, indiyədək oxuyurdun, hətta qrupunuz da var idi, bu qədər rezonans doğurmamışdı, amma oxuduğun o məşhur parça bu qədər reaksiya doğurdu. Sizcə, bu, nə ilə bağlıdır?

- Çünki mən ona qədər yaratdığım musiqilərdə o parçada olduğum qədər səmimi deyildim. Buna qədər məndə yaxşı musiqiçi olmaq, yaxşı sənətkar olmaq eqosu, başqalarından fərqlənmək istəyi var idi. Amma o parçada o istək yoxdur. O parçanı oxuyarkən cəmiyyətdəki bütün adamlarla, bütün təbəqələrlə eyni səviyyədə olmaq həddindəyəm. Mənə çox xoşdur, çünki mən bunu ürəkdən etmişəm. O ifa ilə insanlar arasında mədəni fərqin olmadığını göstərmək istəmişəm. Harada insan varsa, orada həyat var, mənim üçün insanların intellektual fərqi yoxdur. Həm də sənətin sərhədi yoxdur, necə ki, insanlar arasında sərhəd yoxdur. İnsanlar birləşməlidirlər və sözügedən ifa ilə mən insanlar arasında o körpünü qurmaq istədim. O parçanı ən səmimi səslənmə ilə ifa etmişəm. Orada aşıq musiqisinin təsiri var. Mən aşıqların ifalarındakı səmimiliyi çox sevirəm.

- Bəs oxuduğunuza aqressiv yanaşma nədəndir, sizcə?

- Aşıq musiqisi necədir, bilirsiniz? Amma o, qəbul olunub. Bəlkə mən o adamlara bir az yad görünmüşəm, onlar mənim səmimiliyimə inanmayıblar, ya da ki, heç bunun səmimi olub-olmaması haqda düşünməyiblər. Sadəcə, nəyə görəsə ilkin reaksiyaları aqressiv olub. Amma mən onları da başa düşməyə çalışıram.

- Sizin ifanız haqda müxtəlif yazılar yazıldı. Yəqin bir çoxunu oxumusunuz. Bunlar sizin öz ifanıza yanaşmanızı dəyişdimi?

- Yəqin, dəyişdi nəyisə. Mən özüm də çalışıram ki, insanlara bunu açıqlayım. Düşünmürdüm ki, onlar buna ləhcə deyib, incisinlər. Bunu səmimi olaraq etmişəm. Mən insanlar arasında ləhcə fərqi yox, əlaqə görürəm. Bir xarici ilə söhbət edəndə tərcümə vasitəsilə onu anlaya bilirəmsə, onun da eyni insani hisslər keçirdiyini görürəmsə, insanlar arasında nəinki ləhcənin, hətta dilin belə fərqi yoxdur. Əsas olan insanların var olmasıdır. Məsələn, bir nümunə deyim, Litvada dörd böyük bölgə var. Onlar musiqilərini öz bölgələrinə uyğun oxuyurlar. Bu dörd ləhcə bir-birindən fərqlənir. Bu müxtəliflik çox gözəl səslənir. Amma onlar ortaq bir ləhcədə oxusalar, bu özəllik, bu yaxınlıq itəcək.

- Məhz “Hara gedirsən?” sualının seçilməsi, yəqin ki, təsadüfi deyildi.

- Mən o ərəfədə bir roman oxuyurdum: Herman Hessenin “Siddihardha” romanını... O roman mənə çox təsir etdi. Bilirsiniz, Siddihartha müəyyən yaşa çatdıqdan sonra evdən getmək qərarına gəlir, özündə nəyinsə çatışmadığını duyur. Brahman atası ona icazə vermir. Siddiharthanın yemədən-içmədən bir gün bir gecə eyni nöqtədə dayanması atasını məcbur edir ki, ağrılı ayrılıqla olsa belə oğluna icazə versin. Asan olmayan ayrılıqdan sonra Siddihartdha evdən gedir. Çox yerlərə səyahət edir, maddi dünyadan imtina edib meşədə yaşayır, şamanlarla yaşayır, üstündə nimdaş geyimlərlə gəzir. Şamanların da içində axtardığını tapmadığını hiss edir. Qayıdır şəhərə və orada bir qadına aşiq olur. O qadına deyir ki, mən indi səndən öyrənmək istəyirəm, sən mənim müəllimim ol. Cəmiyyətdə necə yaşamağı, insanlar arasında necə olmağı mənə öyrət. O qadın varlı idi, Siddiharthanı da varlı bir adamın yanında işə düzəldir. Siddihartha tacir olur, varlanır. Amma 40 yaşlarında hiss edir ki, bu həyat da onun axtardığı deyil. O, var-dövlətindən imtina edir və təbiətə üz tutur. Çayın yanında bir koması olan balıqçı öz suallarına cavabları çaydan almışdı, o müdrikliyə çayı dinləyərək çatmışdı. Siddihartha onun yanında yaşayır və müdrikliyi, özünüdərki o balıqçıdan öyrənməyə başlayır. Az sonra Siddiharthanın arvadı və hələ varlığından xəbəri olmayan oğlu onu tapır. Vəziyyət elə gətirir ki, qadını ilan çalır və Siddihartha oğlu ilə qalır. O, qadını itirdiyinə baxmayaraq, oğlunu tapdığına görə sevinir. Amma həyatı yenicə qaynayan gənc oğlu həyata cavabı öz müdrik atasından tapa bilmir. O evdən gedir, Siddihartha çox pis olur. Oğlunu geri qaytarır, amma oğlu yenə gedir. Balıqçı Siddiharthaya deyir: “Sən bilməlisən ki, hər kəsin öz ömrü var, oğlan öz ömrünü yaşamalı, öz həyatının dalınca getməlidir. Sən onun ömrünü yaşaya bilməzsən. Siddihartha çayın kənarında daha başqa həqiqətləri dərk edir...”

- Yəni, hər kəs öz həqiqətini özü tapmalıdır.

- Bəli. Hər kəs öz həqiqətini mütləq özü tapmalıdır. Bu, elə bir dövrə təsadüf etdi ki, mən Azərbaycan saz musiqisini öyrənməyə başlamışdım və geri qayıtmazdan əvvəl Avropaya özümlə saz aparmışdım. Və özümə uyğun bir şəkildə bu sazda ifa edirdim. Saza sevgi məndə bir ildir yaranıb. Birdən rok musiqisindən zövq almamağa başladım və o çatışmayan şeyin saz olduğunu kəşf etdim. Və Azərbaycana saz musiqisini öyrənmək üçün qayıtdım. Qazaxlı aşıq Barata qulaq asdım. Çox gözəl ifaçıdır. Onun qardaşı sazbənd Bəxtiyar mənim üçün bir saz hazırladı. O sazda aşıq Barat gözəl havalar çaldı. Mən saza heyran qaldım. Sazın nə qədər səmimi və gözəl, fəlsəfi olduğunu duydum.

- Vüsal, rokdakı etiraz ruhu sizi qane etmədi ki, siz saza qayıtdınız? Axı rok etirazdı daha çox, sazsa dünyayla barışmaqdır.

-Bir zamanlar mən rok qruplarda ifa edirdim. Bunlardan biri maraqlı “Teqnri” qrupu idi. Amma bu döyüşdən və bu etirazdan çox yoruldum .Mən vuruşmaq istəmirəm, bu mənim getmək istədiyim yol deyil. Rok musiqisi, buradakı etiraz, dünyəvi döyüşlər, mübahisələr iç dünyama getməyə mane olur. 2012 ya da 2013-cü il idi, mən musiqidən ayrıldım. Həm səslənmə olaraq, həm ideya olaraq rok mənə yadlaşdı. O vaxtlar Avropada səyahətdə idim. Almaniyada, Amsterdamda və Parisdə oldum. Qayıdanda İstanbul və Konyaya getdim. Orada Ruminin doğum günü ilə bağlı hər il mistik musiqi festivalı keçirilir. Ora dünyanın müxtəlif yerindən özünüdərklə məşğul olan insanlar gəlir. Özbəkistandan, Hindistanda, Hollandiyadan, hətta Ərəb ölkələrindən... Azərbaycandan da Alim Qasımov da gəlmişdi. Mənim Avropadan hippi dostlarımın Azərbaycan musiqisinə sevgisini gördüm. Bu da mənim öz musiqimizə sevgimin yaranmasına səbəblərdən biri oldu.

-Buna qədər saz musiqisi ilə tanış deyildiniz?

-Atam saz çalırdı. Mənim musiqi hissiyatım elə atamın çaldığı saz havaları ilə yaranmışdı. Sadəcə böyüdükcə mən məndə olmayan bir şey axtardım, gitara aldım, rokla məşğul oldum. Gitara və rok mənim üçün bir əyləncə, bir sevgi, bir xoşbəxtlik, bir romantikadır. Amma müəyyən vaxtdan sonra baxdım ki, saz mənə özünüdərkə, öz içimə səyahət etməyə imkan verə bilir.

Həmin o səs küyə səbəb olmuş ifa da bu hekayənin nəticəsidir. Siddiharthadan olan hekayəni qısa sözlərlə və ən inandığım və səmimi bir səslənmə ilə ötürmək... Həm də insanlar arasındakı fərqin olmamasını demək. Özünü intellektual sayan insanlara da deyirəm, ya da heç demirəm, düşünürəm ki, insanlar arasında intellektual fərq yoxdur. Sadəcə, var olmaq ən böyük həqiqətdir. Öz yaşadığını dərk etməkdən böyük həqiqət yoxdur. Və bu həqiqət olan yerdə, nə dil, nə ləhcə, nə intellektual, nə də ictimai fərq var. O nöqtədə bütün bu fərqlər yox olur. Mən də o nöqtədə dayanıb bu ifanı etdim.

Məni insanların mənim oxuduğuma aqressiv münasibəti narahat etmir, özümün onlara münasibətim narahat edir. Bu münasibətin təmiz olması, sevgili olması mənə vacibdir.

-Bu münasibəti təmiz saxlamaq çətin deyilmi?

-Daha çox mediatasiya etmək lazımdır. Harmoniyanı izləməyə vaxt ayırmaq lazımdır. Təbiət kirli qalmağa qoymur, o hər şeyi təmizləyir...

-Vüsal, müasir kino, müasir ədəbiyyat mənəvi ehtiyacınız olan qidanı ala bilirsizmi?

- Mənim üçün filmə baxmaq çox çətindir. Məsələn mən həyata baxanda, məsələn indi burada uçan göyərçinlərə, agaclara və otlara baxanda onların necə nəfəs aldıqlarını, yaşadıqlarını var olduqlarını duyuram. Mən bu həqiqətdən üzümü ekrana döndərib filmə baxa bilmirəm. Həyat varkən, durmadan davam edirkən ondan öyrənmək varkən... Ədəbiyyata gəlincə... Mən oxumaq xatirinə oxumuram. Bir kitab doğru bir vaxtda, bir məktub kimi mənə göndərilmiş kimi gəlirkən onu oxuyub özümə cavablar tapıram. Oxumaq bir mədəniyyətdir deyə oxumaq, film izləmək bir mədəniyyətdir deyə film izləmək mənə görə deyil.

Ekar Tollinin “İndinin gücü” əsəri var. Bu anda olmağın gücü, yaşamağı, öz nəfəsini duymağın nə qədər gözəl olmasını, kainatın sevgidən ibarət olan bir birlik olmasını duymaq haqda kitabdır. Bunun dəyərini anladır kitab. Mənim üçün bütün rəngləri sevmək, onların bir birinə lazım olduğunu bilmək yox, duymaq, təcrübədən keçirmək mənə vacibdir. Kainat bütöv bir tamdır. Biz burada bir sevgi ilə və bir sevgi üçün yaşamalıyıq.

-Siz dediniz ki, Avropaya getdiniz. Bu səyahət idi, yola çıxmaq idi yoxsa dostların çağırdığı yerə getmək, ya yeni layihələrə başlamaq üçün getmək?

-Bunlar səyahət idi. Bu səyahətlərdə mən çox musiqiçilər tanıdım. Öz həyat təcrübələrimizi bölüşdük. Bu səyahətdə gördüyüm insanlar belə gördüm ki özləri kimi insanlarla tanış olurlar və özlərini tanımağa bir birinə kömək edirlər. Əgər insan kainata, təbiətə inanaraq yola çıxırsa, Bir otelə, ya bir otaq nömrəsinə güvənmədən yola çıxırsa, Vilnüsdən Berlinə bileti yoxsa yeriyərək yola çıxırsa, tanımadığı insanlarla yoldaşlıq edərək gedib çıxırsa, Berlinə orada harada qalacağını bilmədən kainatın onu harasa göndərəcəyinə inanaraq, yola çıxırsa, onda möcüzələr baş verir.

-Bəs getdiyiniz istiqamətin seçilməsi necə? Axı siz Şərqə də gedə bilərdiniz, amma Qərbə getdiniz.

-İndi mənə Şərqə getmək maraqlıdır. Gedəsi olsam indi Şərqə gedəcəyəm. Onda yəqin ki, rokdan başladığıma görə gedib Qərbə çıxdım. Yenə musiqi saz məni geriyə qaytardı.

-İndi sazla bağlı hansısa layihə başlamısınızmı?

-Layihələrimiz var. Amma bu ifanın səs-küyündən sonra artıq bu layihələri təxirə salmışam. Öz ürəyimi birbaşa açmağa tərəddüd edirəm.

# 2857 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #