Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?

Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
17 sentyabr 2021
# 15:30

Kulis.az Aliyənin “Deşikli daşdan keçə bilməyən fb sakinləri və ya məzmunsuzluq faciəsi” yazısını təqdim edir.

Qobustan rayon mərkəzindən çox olsa 20-25 kilometr aralıda bir pir var. Ümumiyyətlə, oralarda yaşayanlar bilir ki, o ərazidə övliyaların, sufi şeyxlərinin ziyarətgahları, öskürək pirindən, itik pirinədək müxtəlif sahələr üzrə "ixtisaslaşmış" pirlər çoxdur. Bunlardan biri də həmin bu dediyim pirdir. Günbəzli məqbərənin yanında əcaib, labirint keçidli bir daş var. Ziyarətə gələnlər bu daşdakı deşikdən keçirlər, əgər ilişib qalsalar, keçə bilməsələr, dua və tövbə edib günahlarının bağışlanmasını o bir olan Allahdan diləyirlər.

Vaxtilə biz uşaqlar üçün bu daş gözəl pir gəzintisinin - böyüklərin mərhəmətlə davranaraq, bizi xoş söz və şirniyyata qonaq etdikləri, əziz qohumların yığışdığı gözəl gəzintinin ən əyləncəli məqamı idi.

O gözəl zamanlarda şirk söhbəti edən dinbazlar, hər şeyə gülən əsəbi maarifçilər yox idi, heç pirdə biznes açan fırıldaqçı mücövürlər də yox idi, biz təbiətlə, torpaq və daşla, başqa dünyayla, tarixlə təmasın kefini yaşayırdıq. Zarafat deyildi, ayda-ildə bir dəfə böyüklər də eynən biz uşaqlar kimi sehrli nəyəsə inanırdılar.

Və hətta kinorejissor yoldaşlardan biri gəlib bu həyəcanlı pıçıltılarla, məhrəm dərdlərin ahəstəcə dilə gətirən örpəkli qadınlarla, qəfil ucalan, günbəzə dəyib əks olunan zikr sədalarıyla mistik, əsrarəngiz görünən məkandan, "Keçid" adlı film də çəkmişdi. Ki, bu günlərdə feysbukda səhifələrdən biri həmin filmdən parçanı paylaşaraq, cəhalət axtaranların, din təəssübkeşlərinin sayəsində layk yığırdı.

Əlbəttə, daşdan-torpaqdan hər hansı xilas ummağın, rasional əsası, izahı yoxdur. Amma həyat o qədər də dayaz məsələ deyil. İnsan da, həyat da sirlə doludur.

Elə insanların daşı, torpağı bu ziyarətgahlarla müqəddəsləşdirməsi də!

Çün hər ziyarətgahın bir hekayəti var. Hekayət xalqın bədii yaddaşıdır. Biz nağıl danışıb uşaqların xəyal gücünü artırırıq, onları canlı-cansız hər şeydə - insanda, heyvanda, daşda, torpaqda, ağacda, suda güc olduğuna, sirr gizləndiyinə inandırırıq. Ki, sabah böyüyəndə o sirlərin dalınca düşsünlər, yeri gələndə dünyanı nağıl bilsinlər. Axı əfsanələr, inanclar bir şəkildə insanı ekzistensial faciədən qurtarmağa yönəldir, bütün kainatda onun hayqırtısına cavab verəcək bir nəsnənin olduğuna inandırır.

Bu, dinlə bağlı deyil, dindən ötə bir şeydir!

Pirlər həm də əfsanələrin, hekayələrin unudulmaması üçün bir nişangahdır.

Zamanla bədii detallar, metaforalar da qazanır.

Həmin o daş kimi!

Məsələn, elə həmin ətrafda, indi artıq itib-batmış bir pir daha var: Sığır piri.

Kəndlərdən birinin girəcəyində çay daşı təpəciyindən ibarət bu pirdə, deyilənə görə, camaatın heyvanını otaran bir çobanın xatirəsi yatır, onu çox-çox illər əvvəl itən heyvana görə cəzalandırıb, boynuna oğurluq atıblarmış. Çoban günahsız olduğunu sübut edə bilməyib, axırda kənddən küsüb və gəlib həmin bu yerdə qeyb olub. Yəni qəfil yoxa çıxıb.

Az sonra itən heyvan tapılıb, camaatsa etdiyinə peşman olub. O zamandan bəri günahsız çobanın qeyb olduğu yeri nişanlamaq üçün hər kəs o yerə bir daş atıb və beləliklə itən heyvanları tapan Sığır piri yaranır. Bu pirin nəziri də elə çətin deyildi: niyyət edən kəs təpəyə bir daş atacaqdı ki, o çoban unudulmasın.

Siz deyin, gözəl deyilmi?

Ən azı hər hansı məzmunsuzluqdan daha yaxşıdır.

Yox, elə deyilsə, ədəbiyyata da gülüb keçək!

# 17362 dəfə oxunub

Müəllifin son yazıları

# # #