Aktyor Anar Heybətov: “Küçədə gedəndə dalımca pis sözlər eşidirdim”

Aktyor Anar Heybətov: “Küçədə gedəndə dalımca pis sözlər eşidirdim”
8 noyabr 2013
# 16:59

Anar Heybətov. Akademik Mili Dram teatrının aktyorudur. Teatrda və kinoda müxtəlif janrlı obrazlar yaradıb. “Pərvanələrin rəqsi” serialında Kamran rolu ilə daha geniş populyarlıq qazandı. Kulis.az aktyorla müsahibəni təqdim edir.

- Bildiyimə görə tar məktəbinə getmisiniz. Aktyorluğu seçməyiniz necə oldu?

- Məktəbdə tədbirlərdə rollar ifa etmişəm. Cəbr-həndəsədən bizə Tofiq Bayramın həyat yoldaşı Zərifə xanım dərs deyirdi. O yarızarafat-yarıgerçək mənə deyirdi ki, sən gərək artist olasan. Bülbül adına orta ixtisas musiqi məktəbinin tar şöbəsini bitirmişəm. Amma heç vaxt belə həvəsim olmayıb. Yoldaşlarım kimi məşhur muğam ifaçılarını müşayiət etməyi arzulamamışam.

Məktəbi bitirəndə atamın və rəhmətlik anamın təkidi ilə könülsüz şəkildə Konservatoriyaya sənəd verdim. Bu yerdə Xalq Artisti Ramiz Quliyevə minnətdarlıq etməkdən doymuram, məni imtahandan kəsdi. Sonra bir il zərgərlik zavodunda işlədim. İşlədiyim zamanda da “Şou Əlili”nin konsertlərində aparıcılıq edirdim. Sonra da İncəsənət universitetinə, aktyorluğa sənəd verdim.

- Pərvanələrin rəqsi” serialından sonra daha çox tanındınız. Bunu nədə daha çox hiss etdiniz?

- Tanınmaq da oldu, sevilmək də. Hardasa özümüzü xoşbəxt sayırıq ki, ötən mövsümdə “Pərvanələrin rəqsi” ilə tamaşaçılara nə isə verə bildik. Bu ilki seriallara adda-budda baxdıqlarımdan, internetdən məlumat aldıqlarımdan hələ məni tutan bir serial yoxdur. Niyə belədir, bunun səbəblərini özümüz də axtarırıq.

-Serialın uğuru nədə idi sizcə?

- Bu serialda hər şey bir-birini tamamlayırdı. Məncə, Rövşən İsax kastinqi uğurlu etmişdi. Bir rola çox aktyorları sınaqdan keçirdi. Tək Kamrana nə qədər aktyoru yoxlamışdı. Böyük filmlərdə olduğu kimi.

- Tamaşaçılar bəzən aktyoru obrazla eyniləşdirirlər. Belə hallar yaşamadınız ki?

- 2007-2009-cu illərdə ANS-in “Bakfilm” studiyasının istehsalı olan “Qaydasız döyüş” adlı serialda MTN işçisini oynayırdım. O zaman balaca bir narazılıq olmuşdu ki, Anarın siması mənfi qəhrəman tipinə uyğun deyil. O zaman özümə dedim ki, əgər tamaşaçının nifrətini qazana bilsəm, bu, mənim uğurumdu. Serial efirə gedən vaxtlarda küçədə gedəndə dalımca pislər sözlər eşidirdim. Əlbəttə obrazın ünvanına... (gülür)

“Pərvanələrin rəqsi”ndən sonra gənc xanımlardan çox məktublar aldım. Yəqin ki, Kamrana olan simpatiyalarından dolayı mənə yazırdılar. Onlara evli olduğumu yazırdım. Əksəriyyəti inciyir ki, niyə mənə cavab yazmırsan? Danışmaq, hətta görüşmək istəyirlər. Onlara anlatmaq istəyirəm ki, aktyor kimi oynadığım rolu seviblər, bəyəniblər, həyatda məni görsələr bəlkə bəyənməzlər. Pis adam deyiləm e, misal üçün deyirəm. Elələri var ki, yazırlar ki, məni də seriala çək. Elə bilirlər orada çəkilmişəmsə, kimi istəsəm seriala çəkərəm. Mənim özümü çəkən lazımdı (gülür)

- “Pərvanələrin rəqsi”ndəki Kamran obrazı haqda belə fikir var ki, o sevmədiyi qadınla evlənməklə, xəyanət etməklə çoxunun həyatını məhv etdi. Sizin özünüz bu mövzuda nə düşünürsüz?

- Çəkilişlərdən əvvəl müzakirələrdə Rövşən aktyorlardan öz obrazını müdafiə etməyi tələb edirdi. Aktyor öz obrazına bəraət qazandıra bilməsə, dəqiq oynaya bilməz. Haqlı olsa da olmasa da onu bəraətləndirə bilməli, anlamalıyıq. Kamran arvadına xəyanət edir. Amma axı arvadı da ona xəyanət edir-ondan gizlədirlər ki, heç vaxt övladı olmayacaq. Bir yandan da ikitərəfli qohumdular. Belə ailələr var. Bəyəm hamı sevib ailə qurur? Olur ki, tanış olur, bəyənir. Elə ailə quracağı adama hörməti olsa bu da yetər.

- Serialın problemləri...

- Birinci, onu deyim ki, biz seriala sənət kimi baxmırıq. Yəni, bu bədii film deyil. Serialsa bir mövsümlük işdir. Uzağı iki il ömrü var. Amma bu o demək deyil ki, biz serialda xaltura etmişik. Yox. Biz işə ciddi yanaşmışıq.

Amma olur ki, gedirsən çəkiliş üçün kastinqə. Baxırlar, razılaşırlar. Qonorarda razılaşmırsan. Səni başqa birinə asanlıqla dəyişir. Halbuki sən ona yüzdə-yüz lazım idin.

- Deməli, güzəştə gedə-gedə serialı bərbad vəziyyətə qoyurlar...

- Hə... Çox vaxt aktyor deyilən məbləğə razılaşır ki, yoxsa gedib başqasını çəkəcək. Misal üçün məni bu yaxınlarda bir seriala çağırmışdılar, adını deməyəcəyəm. Onların dediyi qonorar məbləğinə görə razılaşmadım. Soruşdular nə qədər qonorar istəyirsən? Dedim ki, sizin dediyinizdən sonra mən nəzərdə tutduğum məbləği deməyə belə utanıram...

Yəni, mən də elə böyük məbləğ deməmişdim. Hər şeyi nəzərə almışdım. Sonra başqa bir aktyor dostumuzu çəkdilər. Amma bilirdim ki, onlara mən lazımam. Yəni, söhbət tək məndən getmir. Əslində gərək belə olmasın, bu işlərdə güzəştə getmək olmaz. Kim lazımdısa seriala, onu da çəkməlisən.

Lap adam bilsə ki, keyfiyyət, peşəkarlıq olacaq, “Pərvanələrin rəqsi”ndən də yaxşı bir iş qoyacaq ortaya, vallah, lap pulsuz da işləyərsən ki, bu sahəni yüksəldək, bəlkə üç ilə, beş ilə normal qonorar verərlər...

- “Pərvanələrin rəqsi” serialına görə aldığınız qonorardan razı qaldınız?

- Yox. Qətiyyən. Amma orada iş var idi. İşin keyfiyyəti, tamaşaçı rəğbəti qat-qat o puldan üstün idi. Yalnız bu barədə işdən razı qaldıq. Biz də işləyiriksə, deməli yaşamaq minimumunu çıxarmalıyıq.

Türk serialının uğuru həm də ondadır ki, məsələ təkcə aktyorun işində deyil. Orada hər kəs öz işini görür, həm də keyfiyyətlə görür. Bizdə faktiki olaraq 5-6 adam işləyir. O buna, bu ona kömək edir. Ona görə də bizim serialları türk seriaları ilə müqayisə etmək düz deyil. Aktyorların aldığı qonorarları isə heç müqayisə etmək olmaz. Biz çəkiliş meydanına onlar kimi ayıq başla deyil, iki min dənə problemlə giririk.

- Çəkildiyiniz serialdan sonra teatrda oynadığınız tamaşalarda tamaşaçı sayında artım oldumu?

- Yox. Bir də serial tamaşaçısı ayrıdı, teatr tamaşaçısı ayrı. Bəlkə də elə etmək olar ki, onları da teatra cəlb edək. Məsələn, Rusiyada serialda oynayan məşhur aktyorlarla tamaşalar hazırlayırlar.

- Teatrdakı işlərdən razısınız? Hazırda məşq etdiyiniz rol var?

- Mehriban Ələkbərzadənin hazırladığı “Topal Teymur” (H.Cavid) tamaşasında Orxanı məşq edirəm. Rejissordan da çox razıyam. İstədiyini başa sala bilir. Elə rejissor var nə istədiyini bilmir. Eləsi var istədiyini bilir, amma başa sala bilmir. Sən də məcbursan yalandan “hə, hə” deyəsən. Elə rejissor var hikkəsindən adamı dinləmir ki, sən məndən çox bilirsən? Amma Mehriban xanım aktyorları dinləyir, təkliflərini müzakirə edir.

- “Hamlet”də, “Şah Qacar”da Fuad Poladov kimi səhnədə hökmran olan aktyorla tərəf müqabili olmusunuz. Belə bir aktyorla bir səhnədə olmaq necədi? Onunla bir səhnədə olub diqqəti çəkmək, parlamaq olarmı?

- “Hamlet”də o Hamleti, mən Laerti oynayıb. “Şah Qacar”da da o Qacarı, mən onun qardaşı Cəfərqulunu oynamışam. Tərslikdən, hər ikisində bir səhnədə olmuşuq. Onunla bir səhnədə parlamaq... Məncə onunla bir səhnədə parlamaq barədə düşünməkdənsə, ondan öyrənmək lazımdır. 37 yaşım var, bildiyimi bilirəm, amma bilmədiyim də çoxdur. Mənə çox məsləhətlər verib. Onunla işləmək həm maraqlı, həm məsuliyyətli, həm də rahatdı. Ondan yaradıcılıq enerjisi alırsan.

- Anar bəy, rolun böyüyü kiçiyi varmi?

- Niyə yoxdu? Var. Biz məcbur qalıb o sözü deyirik, hamı deyir, biz də ağıllı görünmək üçün özümüzü sındırmayıb deyirik. Rolun böyüyü kiçiyi var. Amma gərək hər ikisinə eyni peşəkarlıqla, məsuliyyətlə yanaşasan.

- Hazırda çəkildiyiniz film varmı?

- Hazırda yox. Amma Vaqif Mustafayevin filminə dəvət almışam. Oynayacağım adam rabitəçidir.

- Teatrda, ya kinoda oynamaq istədiyiniz obraz varmı?

- O vaxt da qismət olmadı, oynaya bilmədim. Kefli İsgəndəri oynamaq istəyirdim...

# 6954 dəfə oxunub

Müəllifin son yazıları

# # #