Rejissor həmkarının həbsinə görə mükafatdan imtina etdi

Rejissor həmkarının həbsinə görə mükafatdan imtina etdi
6 noyabr 2017
# 11:50

Rusiyalı rejissor Anatoliy Vasilyev Teatr Xadimləri İttifaqının hər il təqdim etdiyi “Qızıl maska” teatr mükafatına nominantlıqdan imtina edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Anatoli Vasilyev açıq məktubunda imtinasını rejissor Kiril Serebrennikovun həbsi ilə əlaqələndirib.

“Hörmətli xanımlar və cənablar! “Qızıl maska”nın ekspert şurasının üzvləri! Xanım Mariya Yevseyevna Revyakina! Sizdən xahiş edirəm ki, mənim və müəllifi olduğum “Qoca və dəniz” tamaşasının adını afişadan çıxarın”- deyə Vasilyev yazıb.

“Mən “könüllü sürgün” adlandırdığım yolu seçdim!” yazan rejissor Moskvada ona ögey münasibətdən bəhs edib və Kiril Serebrennikovun həbsi məsələsinə toxunub:

“Elə bir səbəb var ki, onu düşünəndə ümumiyyətlə, hər söz artıqdır. Kiril Serebrennikova “Qızıl maska” yox, azadlıq lazımdır.”

Məktub “Qızıl maska” mükafatının nominantları elan olunandan sonra çap olunub.

Xatırladaq ki, Rusiyanın məşhur teatr və kino rejissoru, “Qoqol teatr mərkəzi”nin bədii rəhbəri Kiril Serebrennikov vəsait mənimsəməkdə ittiham olunaraq həbs edilib, məhkəmə onu ev həbsi ilə əvəz edib.

Rejissorun həbsi Rusiyanın tanınmış kino və teatr adamları tərəfindən etirazla qarşılanıb və onu siyasi həbs adlandıranlar olub.

# 1196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #