Qaçmış arvadını qaytarmaq istəyən haker

Qaçmış arvadını qaytarmaq istəyən haker
2 fevral 2015
# 17:51

Bu gün Gənclər günüdür. Etiraf edirəm, bu yazını yazmaq həvəsində gənclərə dəstək olmaq kimi bir məram da var. Ona görə yox ki, onlar zəifdirlər və ya, onları şişirtmək lazımdır. Ona görə ki, məhz onlar yeniliyə açıqdır, onlar hələ ştamplaşmayıblar.

Akademik Milli Dram Teatrında premyerası təzəcə keçirilən “Keçmişdən gələn zəng” tamaşasını gənc rejissor Ər-Toğrul Kamalov hazırlayıb.

Teatrın mətbuatda tez-tez çıxış edən narazı aktyorları buna “uşaq-muşaqlara tamaşa verirlər”, ya da “akademik teatr eksperiment üçün deyil” deyirlər. Bu mülahizələrin qarşılığında nəsə yazmaq niyyətim yoxdur, çünki onların sənət təəssübü ilə deyildiyinə bir az şübhə edirəm. Biz münasibət bildirməməli, faktı yazmalıyıq. Məsələn, “Keçmişdən gələn zəng”i.

Anatoli Krımın əsərini yazıçı Dilsuz tərcümə edib. Gənc rejissor Ər-Toğrul Kamalov Akademik Mili Dram Teatrının böyük səhnəsində tamaşaya qoyub.

“Keçmişdən gələn zəng” Akademik Mil Dram Teatrının digər tamaşalarından dinamik tempi, “ritmik vizaullığı” ilə fərqlənir. Əlbəttə, həm də yeni mövzusu, yeni texnoestetikası ilə də.

Tamaşanın qəhrəmanı eynəkli haker Andrey tənha adamdır. Plaşı, eynəyi və şlyapası ilə xəfiyyəyə oxşayır. Deməli, bir sirr üstü açılacaq. Sirr də nədir? 15 il əvvəl arvadı dostuna qoşulub qaçıb. Qaçmazdan əvvəl onun ideyası ilə qurulan firmanı da öz əllərinə keçirməyi unutmayıblar.

Andrey oğurluq mobil telefonların alqı-satqısı ilə məşğuldur. Anonim məşuqə xidmətinə qoşulub, tez-tez virtual Zoya ilə danışan, özünü ovudan qəhrəman bir gün özü “keçmişdən zəng” adlı virtual oyun qurur və keçmiş dostu ilə keçmiş arvadını bu oyuna iştirakçı edir. Bu oyunda o, qalib gəlir. Daha doğrusu, bu oyundan o, qalib çıxır.

Ər-Toğrul tamaşanı kompüter oyunu formatında başlayır: proyeksiya lövhəsindən tamaşanın adı yazılır. İlk mərhələ elan olunur və tamaşa başlayır.

Virtual oyun amansızdır. O, hamını hansısa məqsəd üçün qaçan, tullanan marionetə çevirə bilir. Ər-Toğrul tamaşanın canlı qəhrəmanlarını mümkün qədər virtual oyun personajlarına çevirir və məhz ona görə tamaşada obrazların daxili yaşantısına, hisslərinin ekspressiv təqdiminə yer verilmir. Tamaşa Hollivud filmləri kimi səthidir, tamaşaçının ruhuna toxuna bilmir. Amma Hollivud filmlərindən fərqli olaraq, Ər-Toğrul psevdo hisslər təqdim etmir. Tamaşada Andreyin dediyi kimi, virtual dünyada “bağışlanma” anlayışı yoxdur, deməli ki, mənəvi anlayışlar da yoxdur. Qəhrəmanlar oyun personajlarıdır.

Rəşad Bəxtiyarov (Andrey) məhz ona görə və haqlı olaraq qəhrəmanını oyunbaz təlxək kimi təqdim edir. Oyun dramatizm ətalətini sevmir. Yıxıldınsa, qalxıb getməlisən, yoxsa səni əzəcəklər. Azca dramatizm yaranan kimi, qəhrəmanlar emosional nitqə başlayan kimi rejissor virtual oyun atmosferini yada salır, nəinki yada salır, hətta “Azdrama” üçün görünməmiş interaktivliklə tamaşaçını da oyuna, oyunçuya qoşur, ən azı aktiv publikaya çevirməyə çalışır. Balaca bir imkan, psixoloji məqam tapan kimi Ər-Toğrul personajlarını boks meydançasına gətirib salır- İki kişi və bir qadın... Qadına-Ritaya erotik gecə paltarı geyindirir, kişilərə vuruşmaq üçün əlcəklər verir. Klassik situasiya. İşıqlar zalda gəzişir: “Xanımlar və cənablar!...”

Xanımlar və cənablar bu oyunun nə ilə bitəcəyi marağındadırlar: Andrey əlindən çıxmış pullarını, arvadını geri alacaqmı?

Amma bu sual, bu maraq boşuna imiş. Virtual oyundan çox vaxt əliboş çıxırlar - Andrey də oyundan oyuna girdiyi kimi çıxır. Amma o, əvvəlki Andrey deyil, azından 3 “level” keçib. Onu sevməyən qadından və puldan imtina edib; Virtual dünyaya yeni və yad olan ləyaqət anlayışını gətirib. Bu anlayış virtual oyun üçün keçərlıi deyil, ona görə missiya tamamlanmış sayılır və Andrey oyundan çıxır.

Elnar Qarayev kapitalist dünyasının nümunəvi qəhrəmanını dəqiq detallarla təqdim edir. Səliqəli geyimli, məntiqli, soyuq, amma həm də əsəbi. Hətta bəlkə dilənçiyə qəpik də verəcək qədər mərhəmətli. Ailəsinə qayğıkeş, qadınını sevən, nəzakətli. Amma həlledici anda pula ibadət etdiyi ortaya çıxır.

Rəşad Bəxtiyarovun qəhrəmanı isə oyuna aludə birisidir. Oyunbazlıq yalnız xarakteri yox, həm də vərdişidir. Səhnəyə ilk daxil olan andan tualet ehtiyacını ertələyə-ertələyə ən vacib zənglərə cavab verir. Virtual dünya onun zəruri təbii yaşamını belə əlindən alıb. Finalda onun virtual ünsiyyəti qırıb, həyata, canlı ünsiyyətə doğru addım atdığını görürük. Əşyaları evdən çıxara-çıxara o keçmişi həyatından çıxarır.

Samirə Həsənovanın tərtibatı səliqəli və dəqiqdir: eynəkli haker Andreyin evində ən mərkəzə kompüter qoyulub. Yataq, şkaf –hər şey fondadır. Tənha, meqapolis “siçovulu” kimi yaşayan insanın həyatını bu əşyalar, bu düzülüş dəqiq cıza bilir. Ritanın və ərinin evi isə komfort əhvalı ötürür. Pyesdə uşaqlar görünmür-Ritanın ikinci ərindən olan uşaqlarının söhbəti keçir, amma onlar gözə dəymirlər. Axı virtual oyunların belə bir (bəlkə də rəsmi) qadağası var-orada uşaqlar olmaz...

Uşaqlar olmaz və uşaqlara da olmaz; Belə zorakı virtual oyunları oynamağa uşaqlara icazə vermək olmaz. Ər-Toğrul uşaq deyil. Amma onun oynamaq həvəsi uşaqlardan da artıqdır.

Sonda “Akademik teatrda uşaq-muşağa tamaşa verirlər” iradına balaca bir andım var: sizi and verirəm akademikliyinizə, qoyun oynasınlar, uşaqdılar...

# 1979 dəfə oxunub

Müəllifin son yazıları

# # #