“Şir evdən getdi” filmində meymunu mən oynamışam”

“Şir evdən getdi” filmində meymunu mən oynamışam”
20 dekabr 2013
# 09:00

Publika əməkdar artist Almaz Mustafayevanı “Üç bacı” serialındakı Kübra rolundan tanıyır. Həqiqətən serialın ən dadlı-duzlu epizodları Maarif və Kübra (Cəfər Namiq Kamal və Almaz Mustafayeva) cütlüyünün macəralarıdır. Bir obraza bu qədər yumoristik nüanslar, xırdalıqlar qatmaqla Almaz xanım epizodlarını əsl bayrama çevirib. Əlvan qırmızı…

“Allah heç bir uşağı yetim eləməsin...”

- Bu qədər müsbət enerji. Bunun mənbəyi nədir?

- Bilmirəm, yəqin təbiətən beləyəm. Yaşımı hiss etmirəm. 64 yaşım var, amma qətiyyən bu yaşda deyiləm. Gənclərlə ünsiyyətdə olmağı sevirəm. Oğlanlarımın dostları ilə dostluq edirəm, mənə onlarla maraqlıdır.

- Almaz xanım, uşaqlığınız necə keçib?

- Bakıda yaşamışıq. Atam məmur, anam ev xanımı idi. Uşaqlıqda çoxlu dərnəklərə getmişəm. Əfsər müəllimin xor dərnəyinə gedirdim. Tanınmış aktyorların çoxu o xora gəlib. O, xorda oxuya-oxuya AzTV-nin uşaq redaksiyasının verilişlərində - “Qaranquş” da, “Tonqal”da, “Gecəniz xeyrə qalsın”da iştirak edirdim. Bu redaksiyada tanıdıqlarınızın çoxu var idi: Fuad Poladov, rəhmətlik Yaşar Nuri, Pərviz Bağırov... On ilə qədər “Cücələrim” xor ansamblında oxumuşam, baletə də getmişəm. O zaman indiki kimi deyildi, uşaqların təhsilə də, əlavə maraqlara da vaxtı çatırdı. İndi uşaqlar hər şeydən məhrum olublar, nə dərnəklərə gedə bilirlər, nə musiqiyə vaxtları qalır.

Məktəbdə oxuyanda “Sehrli xalat” filmində Səidə roluna çəkildim. Nitqim filmin rejissoru Əlisəttar Atakişiyevin elə xoşuna gəldi ki, o, uşaq rollarını səsləndirmək üçün məni dublyaj şöbəsinə apardı. O vaxtdan, 1964-cü ildən bu günədək mən dublyajda çalışıram.

Gənc Tamaşaçılar Teatrında Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” əsərini tamaşaya hazırlayırdılar. Çox gözəl əsərdir. Mən o əsərdə baş qəhrəmanı Sadığı verdilər. Firəngiz xanım, Şərifova mənim bibimi oynayırdı. Bu, teatrın bir nömrəli tamaşası idi. Bu tamaşa ilə Gənc Tamaşaçılar Teatrına gəldim və direktorun da təkidi ilə burada qaldım. Sonralar çoxlu baş rollar oynadım, hətta “Qaraca qız” tamaşasını məhz mənə görə hazırlamışdılar.

Tamaşada Qaraca qız qavalla rəqs edib pul yığır. Bunu o qədər canlı oynadım ki, tamaşaçılar səhnəyə xırda pul atırdı.

Bir dəfə də “Əlvida, Hindistan!” tamaşasında oynayırdıq. Orada mən yoxsul, hindlini-Ramonu oynayırdım. Tamaşada elə bir situasiya oldu ki, kahin məni itələyəndə yıxılıb ayağımı sındırdım. Amma o vəziyyətdə epizodu sonadək oynadım. Tamaşa bitən kimi məni elə səhnə geyimindəcə xəstəxanaya apardılar. Təsəvvür edin, çirkli, yamaqlı bir hindli uşaq geyimində xəstəxanaya çatdırılmışam. Oradakı xəstələr mənə baxıb deyirdilər: “Vay-vay! Allah heç bir uşağı yetim eləməsin...” (gülür)

- Kinodakı işləriniz...

- Çoxları bilmir, amma “Şir evdən getdi” filmində meymunu mən oynamışam (gülür).

- “Üç bacı” serialındakı Kübra ilə daha çox populyar oldunuz...

- Özümdə komediya cəhətinin güclü olduğunu bilmirdim. Bir dəfə Nicat Kazımovun “Ah qadınlar, qadınlar...” tamaşasında “Zaqs” işçisi rolunu oynadım. Nicat əvvəlcə bu rolu verməkdə tərəddüd edirdi ki, Almaz xanım həmişə baş rollarda oynayıb, ona kiçik rol verməyim. Amma rolu bəyəndim və istədim. Hind rəqsi ifa etdim, o qədər gözəl alındı ki. Azər Mirzəyevlə oynadığımız o epizoddan sonra beş dəqiqə əl çaldılar.

O, məni dəlicəsinə sevirdi

- Almaz xanım, mərhum həyat yoldaşınız Vaqif Mustafayev də teatrda rəssam işləyirdi. Necə tanış olmusunuz?

- Onunla təsadüfən tanış olduq. Ümumi tanışımız olan bir rəssam tanış etdi bizi. Sonra uzun müddət dostluq etdik. Dostluğun nə zaman sevgiyə çevrildiyini özümüz də bilmədik. O məni, doğrudan da dəlicəsinə sevirdi. Elə mən də onu. Məncə, hər insanın həyatında belə böyük bir məhəbbət olmur (gözləri dolur).

Vaqif o zaman bizdə bəlkə də yeganə ali təhsilli modelyer rəssam idi. Vyaçeslav Zaytsevin tələbəsi olmuşdu. Yüngül sənaye texnikumunda dərs deyirdi. Bizdə bu sənət o qədər də ciddi qavranılmır. Amma bu, göründüyü qədər də asan sənət deyil. Vaqif bir neçə filmdə, o cümlədən “Qətl günü” filmində geyim üzrə rəssam kimi çalışmışdı.

Çox gözəl, ürəyiaçıq insan idi. Bilirsiniz, rəssamlar qeyri-ordinar adamlar olur. Gecə saat üçdə qonaq gələ bilirdilər, qalxıb süfrə açırdıq, məclis qururdular. Tələbələri onu o qədər sevirdilər ki...

Çoxlu planları vardı.

O vəfat edəndə uşaqlar balaca idilər. Turalın 11, Mustafanın 14 yaşı var idi.

- Nədə stimul tapdınız?

- Mənə çox çətin idi. (gözü dolur). Elə bil, öldüm, sonra təzədən dirildim. Elə depressiyada idim ki, həftələrlə yataqdan qalxmırdım. Uşaqlarıma baxmırdım. Bir an başa düşdüm ki, belə getsə uşaqlarımı da itirəcəyəm. Toparlandım...

Qızıllarımı, xalçalarımı, ətirlərimi belə satdım

- Ailə üzvləriniz yaradıcı insanlardır. Oğlunuz Tural Lənkəran teatrının baş rejissorudur, Mustafa teatr rəssamıdır. Gəlininiz də opera müğənnisidir. Belə mühitdə yaşamaq necədir?

- Hamımız bir-birimizi anlayırıq. Söhbətlərimiz tutur.

- Teatrla məşğul olub maddi ehtiyaclarını ödəmək mümkün deyil az qala. Ailə başçısını itirmiş və teatrla məşğul olan, üstəlik övladları da bu sahəyə yönəlmiş qadın...

- Həmişə deyirəm, 90-cı illər ömrümə yazılmasın. 95-ci ildə həyat yoldaşımı itirdim. Maaşlarımız cüzi idi və aylarla verilmirdi. Bütün qızıllarımı satdım ki, uşaqlar ehtiyac çəkməsin. Qədimi xalçalarımı, hətta Vaqifin bağışladığı sevdiyim ətirləri, bəzək əşyalarımı belə dəyər-dəyməzinə satdım. Allah mənim əziyyətimi yerdə qoymadı. Uşaqlarımın tərbiyəsi ilə öyünə bilərəm. Sağ olsun, Rəssamlar İttifaqı, bizdən Vaqifin emalatxanasını almadılar ki, oğlu da rəssamdı, ona lazım olacaq.

- Almaz xanım, bu məhrumiyyətləri görəndən sonra, uşaqlarınızın bu sahəyə yönəlməsinə qarşı çıxmadınız?

- Mustafa 3 yaşından rəsm çəkirdi. Onun qabağına keçmək mümkün deyildi. Tural məktəbi yaxşı oxuyurdu. İstəyirdim ki, həkim olsun. O, tibb kollecini belə oxudu. Eyni zamanda teatrda səhnə maşinisti işləyirdi. Vaqif İbrahimoğlu ilə qonşu idik. Onu teatrda işləməyə də o aparmışdı. Dedi ki, tələbələrimin içində Tural kimi biri olsa elə bilərəm ki, dərsim hədər getməyib. Turalın arzularının qarşısına keçə bilmədim. Dedim ki, get, acların komandasında biri də artsın. Bəlkə də yaxşı oldu, çünki Tural öz sənətini çox sevir.

- Elə rollar varmı ki, onu arzulayırsınız, amma hansısa səbəbdən mümkün deyil?

- Heç vaxt öz boyuma görə kompleksim olmayıb. Axı niyə ananı oynaya bilmərəm, bir halda ki, həyatda anayam, nənəyəm. Məgər bunun standartları var? Fakturam məhdudluq yaratmamalıdır. Aktyorun istedadı, bacarığı, obrazı necə görməsi əsasdır.

- “Üç bacı”da gizli sevgi yaşayan ahılların-Maarif və Kübranın romanının axırı necə olacaq?

- Bunu heç mən də bilmirəm. Elə bil o ssenarini yazan məni tanıyan adamdır. Bu serialdan qazandığım maddi baxımdan simvolik olsa da mühitdən, auradan, prosesdən çox enerji alırıq. Bir ailə kimiyik orada...

# 5525 dəfə oxunub

Müəllifin son yazıları

# # #