Fuad Poladov: “Sənətkarın mövqeyi olmalıdır”

Fuad Poladov: “Sənətkarın mövqeyi olmalıdır”
27 oktyabr 2016
# 12:03

Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından istefasının doğurduğu əks səda davam edir. İndi Fuad Poladov susmağa üstünlük versə də 3 il bundan əvvəl Kulis.Az-a verdiyi müsahibədə sənətkarın ictimai mövqeyi, sənətdə fikir plüralizmi haqqında danışıb. Məsələnin aktuallığını nəzərə alaraq müsahibədən bir hissəni təqdim edirik.

- Necə düşünürsünüz, sənətkarın, yaradıcı adamın ictimai mövqeyi olmalıdırmı? Həmkarlarınızın çoxu deyir ki, sənətkar yalnız sənəti ilə məşğul olmalıdır...

-Sənətkarın ilk növbədə mövqeyi olmalıdır ki, sonra ictimai mövqeyi də olsun. Xüsusən də yaradıcı adamın. Sadəcə bizdə buna düzgün yanaşmırlar, o saat bunu siyasətə, müxalifətə bağlayırlar. Əgər ölkədə fərqli düşünən, başqa cür danışan adamlar varsa, bunun nəyi pisdir? Yeri gəlmişkən, Gənc Tamaşaçılar Teatrında bir aktyor vardı, İlqar Cahangir, bir müsahibəyə görə çıxardılar işdən. Çox da istedadlı aktyordur. Belə insanların qol-qanadını sındırıb, inkişafdan saxlayırlar. Yaradıcı adamın fikrini sıxmaq, qolunu-qanadını sındırıb ondan necə sənət tələb edə bilərsən? Rusların bir maraqlı ifadəsi var: “Palyot mısli” – fikir uçuşu. Bunun qabağını almaq günahdı sadəcə. Bir yaxşı atalar misalı da var “Ətrafda hamı hinduşkadırsa, qartallarla cütləşmək çətindir”. Özü də bu qadağaları kim qoyur? Onu başqa yerlərə kim yozur? O adamlar ki, yerinə, mənsəbinə, kreslosuna görə qorxurlar.

Rəngarənglik, zənginlik, fikir müxtəlifliyi yalnız sözdə olmamalıdır. Yoxsa tamaşa, əsər və ya film cəmiyyətə necə toxuna, əks-səda doğura bilər? Senzura ləğv olunur, amma adamların daxilində bir senzura yaradırlar.

- Bəs sizdə yarada bilməyiblər?

- Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. Ölkədə çoxlu ölüm hadisələri olur. Bilirsiniz niyə? İnsanlar deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? Deni Didronun bir sözü var, deyir biri var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. Öləndə də biləsən nəyə görə ölürsən.

# 1922 dəfə oxunub

Müəllifin son yazıları

# # #