Başqasının yuxusunda soyunmağa utanan qadın - ALİYƏDƏN HEKAYƏ

<b>Başqasının yuxusunda soyunmağa utanan qadın</b> - <span style="color:red;">ALİYƏDƏN HEKAYƏ
24 avqust 2017
# 21:00

Kulis.az Aliyənin “A. xanım üçün kamera” adlı yeni hekayəsini təqdim edir.

A. xanım yuxusunda bir bəhanə axtarırdı, tutarlı bir şey tapmırdı. Saçları tərdən başına və balınca yapışmışdı. Yuxusunda iş yoldaşı F. xanım əlindəki köynəyi necə olursa-olsun ona satmaq istəyirdi. “Xoşuma gəlmir”, “Mənim ölçüm deyil” kimi arqumentlər F. xanımın vecinə də deyildi. F. xanım görünməmiş bir inadla “Sən geyin!” deyirdi, başqa bir şey demirdi. Köynəyi geyməsə F. xanımın qəlbi çox pis qırılacaqdı, həqiqəti demək də qəlb qırmaqdan min dəfə pis idi.

Çünki deməli olduğu həqiqət obyektiv reallığı yox edirdi. Bu elə F. xanıma “sən yoxsan ay bacı, amma qəm yemə, elə mən də yoxam” demək idi. F. xanım əlbəttə, bunu başa düşməyəcəkdi, hətta bərk inciyəcəkdi. Axı əlindəki koftanı filan qiymətə satmaq istəyən F. xanıma, özü də şöbə müdirinə necə deyəsən ki, bacı, biz ikimiz də indi O. müəllimin yuxusundayıq, o üzdən mən bu koftanı geyməkdən ötrü soyuna bilmərəm, hər şey cəhənnəm, istəmirəm ki, bədənimi O. müəllim görsün. Həm də nəinki mən, bütün bu redaksiya, qəzet, ordakı məqalələr, sərəncam və qərarlar, hesabatlar, bizi kurasiya edən qurum özü, elə sənin şöbən də O. müəllimin yuxusudur.

F. xanım nəinki bunu anlayar, heç dinləməzdi də. Çünki o, A. xanımdan anlaşılmaz çox “səfsəfə” eşitmişdi. Onun bu saat tək dərdi zorla bu koftanı A. xanıma geyindirmək idi. F. xanım redaksiya otağının kəlləsində oturmuş O. müəllimin varlığını belə unutmuşdu.

A. xanımsa O. müəllimin varlığını bir mistik hadisə kimi qəbul edirdi. Daim mürgüləyən, arada ölkənin müxtəlif sahələrindəki inkişafdan ümumi və çox bəsit metaforik təriflər yazan O. müəllim onda Budda təəssüratı yaradırdı. Yəqin ki, statikliyinə görə. A. xanım bu xatırlama ilə kifayətlənmirdi, obyektiv gerçəkliklə O. müəllimin varlığı arasında əlaqələr axtarırdı, bir yerə gedib çıxa bilmirdi.

Ondan söhbət düşəndə elliklə bu nəticəyə gəlirdilər ki, O. müəllim kənardan yatmış görünsə də, çox müdrik bir siyasətin obrazıdır. O. müəllim özü bunu dəfələrlə sübut etmişdu. Guya kütlüyünə güldükləri (bu gülüş həm də belə kütlərin arasında özünü bir şey hiss etmənin xoşbəxtliyi idi) O. müəllim arabir özü də gənclərə gülürdü, həm də pis gülürdü. Məsələn, kurator məmur redaksiya heyətini yığıb qəzetin bozluğundan, ölülüyündən narazılığını bildirəndə, qonşu ölkədəki analoji qəzetləri redaksiya işçilərinə örnək göstərəndə, tənqidi yazılar, canlı reportajlar istəyəndə O. müəllim bığaltı gülümsəyib öz yuxusuna qaldığı yerdən davam edirdi. A. xanımsa dövlət məmurunun nitqindən, redaktorun həyəcanından ruhlanıb reportajlar planlayır, iş yoldaşlarına mövzular təklif edirdi. Amma bu planlamalar absurd məqamlara gəlib dirənir, məsələni redaktora danışıb yazaqmı, yazmayaqmı deyə müzakirələr başlayır, sonra əlbəttə ki, mümkünsüzlüyü başa düşürdülər. Bəzənsə bu yazılar qurumun müvafiq işçilərinin göstərişi ilə korrektə olunurdu. Və bu onların yenidən bu əcaib qəzetin boz səhifələrə qayıtmağına bəs edirdi. O. müəllimsə küt bir atmaca atıb (O. müəllim iti yumoru da onlara qıymırdı, daha düzü onda beləsi yox idi), bığaltı gülür və mürgüləməyinə davam edirdi. Belə İiclaslardan sonra ən maraqlısı elə mürgüləmək idi – O. müəllim adamın ağlını itirə biləcəyi dərəcədə boz redaksiyada ən ağıllı işi görürdü.

İIş yerinin, nəinki iş yerinin yazdıqlarının, yazmadıqlarının, qurumun tədbirlərinin, qəzetdə yazılan xəbərlərin, işlədikləri binanın, binadakı adamların O. müəllimin yuxusu ola biləcəyi fikri A. xanımın beyninə düşəndən xanım tamamən işə yararsız olmuşdu. İşçisinin böhranını hiss edən redaktor ona redaksiya otağında filmə baxmağa icazə belə vermişdi. İndi A. xanım gizlində baxdığı filmlərə aşkarda baxa bilərdi, amma artıq o, filmlərə baxa bilmirdi.

A. xanım bütün otaqlara quraşdırılmış nəzarət kameralarını unuda bilmirdi, amma ən əsası o, baxdığı gözəl filmləri O. müəllimə qıymırdı. A. xanım küt zarafatlarını səxavətlə paylaşan O. müəllimdən daha simic idi.

Ümumiyyətlə, filmlərdən əvvəlki kimi zövq də almırdı. Hər şey mənasını itirirdi və nəsə isti redaksiya otağında oturub filmə baxıb zövq almağa, ya da sadəcə xumarlanmağa mane olurdu. Mane olurdu və əzab verirdi.

Xəbərlərdən izlədiyi, ölkədə, dünyada baş verən, insan hissiyyatına toxunan hər şey gəlib bu əzaba pərçim olurdu. A. xanım predmeti bulanıq, küt bir əzabla iş gününün bitməsini gözləyirdi, saatsa həmişə zamanı yox, olmalı olduqları yeri göstərirdi…

O. müəllimin yuxusunun bütün redaksiyanı əhatə etdiyini, yoxsa bütün ölkə haqqında olduğunu düşünmək A. xanımı dəhşətə gətirirdi; Bu haqda düşünmək istəmirdi. Hər halda belə olmadığına daha çox inanırdı. Gülümsəyən günəşə baxanda, narın yağan yağışı hiss edəndə, avtobusda uşaqları dindirəndə düşünürdü ki, bir adamın bu qədər işıqlı yuxusu ola bilməz, xüsusən O. müəllimin. Onda rahatlıq tapırdı. Amma O. müəllimin yuxusu fikri onu rahat buraxmırdı, son vaxtlar bunu hər gün düşünməsə belə, artıq beyni tamamən qəbul etmişdi...

...A. xanımın O. müəllimdən bədənini gizləmək istədiyi narahat yuxusunda qəfil hər kəs harasa yox oldu, əlində köynək yalnız qalan A. xanım bilmədi F. xanımdan yaxa qurtardığına sevinsin, yoxsa adamların yox olmasına təəccüblənsin. Belə qarışıq hisslər A. xanıma yuxudan ayılmağa kömək etdi. A. xanım öz yuxusundan ayıldı. Amma reallıq hissi hələ də bərpa olmamışdı. A. xanım yüngül həyəcan keçirdi: bəlkə o hələ də yuxuda idi, həm də O. müəllimin yuxusunda?...

A. xanım dər-divara baxıb özünü reallığa qayıtmağa köklədi. Divar saatı istehzayla çıqqıldayırdı. F.xanımdan ötən ay aldığı köynək stulun söykənəcəyində sahibini gözləyirdi...

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #