Vəziyyət çox ağırdır – Akif Əlinin yazısı...

Vəziyyət çox ağırdır – Akif Əlinin yazısı...
9 sentyabr 2019
# 11:38

Kulis.az tanınmış yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlinin “Söz haqqı” rubrikasından “Gərək dözəsən, Rasim Balayev” yazısını təqdim edir.

Vəziyyət çox ağırdır...

Görkəmli kinoaktyor, böyük sənətkar Rasim Balayev, - kinoda ondan başqa böyük Rasim Balayevimiz yox, - “təqlidçiliyi sənətlə səhv salanların bayağılığını, şitliyini, səviyyəsizliyini” görüb və “düşük, yüngül, hır-hır, axmaq, mənasız sözlərlə, hətta söyüşlə insanlarda maraq yaratmağa çalışanlarda” sənət anlayışının olmadığını deyib. “Telekanallarda alçaq dağları yaradanların insanların zövqünü korlamaqla məşğul olduğuna” yanıb-yaxılıb və ekran, efir mədəniyyətinin tənəzzülünə qarşı haray çəkib...

***

Rasim Balayevin içindəki sənət yanğısını sənətdən xəbərsiz olanlara anlatmaq, ulu Babəkin içindəki Azadlıq yanğısını canında köləlik olanlara anlatmaq qədər ağırdır.

Rasim Balayevin həqiqi yaradıcılıq haqqını puldan başqa haqq tanımayanlara başa salmaq, Nəsiminin “Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, Qorxdular Həqq deməyə, döndülər İnsan dedilər!”- fikrini ruhu sönüklərə başa salmaq qədər ağırdır.

Rasim Balayevin özfəaliyyət həvəskarlarına dərin mətləblərdən söhbət açması, İç Oğuzdan gələn Bamsı Beyrəyin Banıçiçəklə görüşündə “Beyrək üç öpdü, bir dişlədi, “düyün qanlı olsun, xan qızı!” – deyə barmağından qızıl üzüyü çıxardıb qızın barmağına keçirməsi” məqamındakı dərin mətləbin açması qədər ağırdır.

Rasim Balayevin kiçik oyunçulara böyük yaradıcılıq sirlərini izah etməsi, Cəbinin ürək ağrısı ilə müstəntiq Gündüz Kərimbəyliyə dediyi, - “Adam var ona az qala Allah qədər inanırsan, amma sonra görürsən çaqqalın biridir…” - sözlərindəki istintaq sirrini izah etmək qədər ağırdır. Və s. və i.

***

Şərəfli və şöhrətli kino ömründə nə qədər belə mənalı, ibrətli, gözəl insan taleləri yaşaya-yaşaya klassik obrazlar yaratmış və adı artıq Azərbaycan mədəniyyətində brendə çevrilmiş görkəmli sənətkara dil uzadan diletanta kim necə anlada bilər ki, sən Rasim Balayevin adı gələndə başındakı dimdikli şapkanı çıxartmalısan, dilini yox.

Bunun niyəsini o kəsə izah etmək isə ala-bula geyinib ortada gəzən xoşbəxt özündənmüştəbehə etiketin nə olduğunu izah etmək qədər ağır işdir, çox ağır. Çünki bütün bu mübhəm zövq məqamlarını zövqsüzlərə anlatmaq üçün gərək onlar gedib təzədən gələlər, hər şeyi sıfırdan başlayalar.

Məsələn, belə:

...Əvvəlcə, xəyalında yaradıcılıq eşqi gəzdirən həvəskarlar öz daxillərində həm də Yaradıcılıq Ruhunun olub-olmadığını bilməlidirlər.

...Əgər o Ruh varsa, bundan sonra yaradıcılıq eşqi ilə gəzən ruhlanmış həvəskarlar bir-neçə il ərzində bir-neçə yüz kitab oxuyub bir-neçə ustaddan dərs almalıdırlar ki, sənətin əlifbasını öyrənələr.

...Əlifbanı mənimsəyəndən sonra kiçikdən böyüyə, ibtidaidən aliyə doğru yavaş-yavaş nələrisə, kimlərisə yamsılaya-yamsılaya, təqlid edə-edə özləri də nəsə yaratmağa cəhd göstərməli, illər uzunu çoxlu təcrübə toplamalıdırlar ki, özfəaliyyətdən uzaqlaşıb peşəyə üz tutalar.

...Yaradıcılıq eşqi, ruhu, sənətin əlifbası, mütaliə, yamsılama, təqlid, yaradıcılıq təcrübəsi toplanıb həvəskarı özfəaliyyətdən uzaqlaşdırandan sonrakı mərhələdə gərəkdir dünyada mövcud olan sənət məktəblərini öyrənmək, özündən əvvəlki dahilərin, istedadlı yaradıcıların, böyük sənətkarların yoluna bələd olmaq, yenə çoxlu oxumaq, öyrənmək, bilmək, görüb-götürmək, düşünmək, düşünmək və düşünmək ki, sənətin sirlərini dərindən anlayıb dərk edələr.

...Peşəyə məxsus əlifbanı bilib, təcrübə toplayıb, canlı və klassik sənətkarları tanıyıb, öyrənib, düşünüb, düşünüb, düşünüb dərk edəndən sonra, yaradıcılıq zövqünü cilalamaq mərhələsi gəlir. Ki, o mərhələdə yaxşını-pisdən ayırd etmək vərdişinə yiyələnəsən, öz yolunu axtarıb öz simanı tapasan, sənət aləmində bişib, bərkiyib, püxtələşəsən.

Və nəhayət, bütün bu uzun incə yoldakı mütəmadi öyrənmələr, müşahidələr, təcrübələr üstündə öz əsərini, özünün orijinal dəyərlərini yaratmaq, özünə məxsus olanı, kənardan yox, öz içindən gələn mənalı, məqsədli, tutarlı sözü deməyə çalışasan, yəni artıq orijinal yaradıcı peşəkar kimi özünü təsdiq edəsən. Və s. və i.

***

Bu minvalla əlbəttə, əsil sənətin yolu çox uzun və çox da ağır yoldur. Yalnız bu uzun və ağır yolu keçib gələ bilən aşiqlər yekunda peşəkar ola bilərlər. Və yalnız peşəkar olanlar qarşısındakı istedadın qədrini bilib qiymətini verər...

Amma yolun başlanğıcda “əlifbanı” alayarımçıq atıb, “təqlid, yamsılama” mərhələsində ilişib, kitablardan bezib “bu qədər bəsdir” deyən, yerində sayan, sənətin yox, pulun dalınca qaçan həvəskar, nəticədə örtülü yerdə şəstlə şapkayla gəzən, ala-bula geyinən, alçaq dağları yaradan, burda mən – Bağdadda Kor Xəlifə deyən özündənrazı bir şey olacaq. Bu cür kütləvi oyunçıxaran diletant əlbəttə, Rasim Balayev kimi böyük sənətkarı görəndə şapkasını çıxartmaq əvəzinə dilini çıxaracaq. Hələ bəlkə özünəməxsus “xoruz” banı eşitməmiş əyləncəli-öyrəncəli bir söyüş də söydü...

***

Bəli, o göstərgə aləmində vəziyyət çox ağırdır. Niyəsinin otuz doqquz səbəbi var, birincisi - barıt məsələsidir... Hələ yüz il qabaq böyük şair M.Ə.Sabir, - ədəbiyyatda ondan başqa böyük şair Sabirimiz yox, - eynən içi yana-yana deməmişdimi: “Naəhl olana mətləbi qandırmaq olurmu?!”

Üstəlik, vay o gündən ki, sənətin “əlifba”sına çatmamış ilişib qalan həvəskar təqlidçilərin yığışıb meydan teatrında hoqqa-, lağ-, şər-, şəbədə-, məzhəkə-, qaravəllisayaq tamaşalar göstərdikləri məskənlərin qapısını açıb-bağlayan, girən-çıxana yol göstərən başbilən də piyada ola...

Odur ki, sən gördüyün sənət meydanında vəziyyət çox ağırdır, Rasim Balayev. O yaxşı kişilər yaxşı atlara minib gediblər, daha at qalmayıb. Meydan boşalıb, məskən daralıb. Gərək dözəsən...

29.08.2019

# 2094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #