Orta əsr şəhərində Dədə Qorqud romanı REPORTAJ

Orta əsr şəhərində Dədə Qorqud romanı REPORTAJ
22 noyabr 2013
# 18:47

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının müzakirə və təqdimatı üçün Avstriyadayıq. Avstriyanın Qraz şəhərində. Müzakirəni Qraz Universitetinin “Germanistika” İnstitutu keçirir.

Vikipedik haşiyə: Qraz Universiteti 1585-ci ildə yaradılıb. Avropanın ən qədim ikinci universitetidir. Yaradıldığı gündən kilsə və sarayla başı dərddə olub. 1782-ci ildən 1827-ci ilə qədər qapadılaraq litsey kimi fəaliyyət göstərib. Universitetin 9 professoru Nobel mükafatına layiq görülüb. Fizikanın tanrılarından sayılan Ervin Şrödinger bu universitetin rektoru olub.

İlk dəfə gördüyüm Avstriyanı elə bu cür təsəvvür edirdim. Hər tərəfdə qəhvə qoxusu, hər zaman əlində nəsə oxuyan adamlar, qulağa dəyən almanca, rusca, ingiliscə, türkcə sözlər.

Qraz cəmi üç yüz min əhalisi olan kiçik bir şəhərdir. Amma Qraz universiteti Avropanın ən qədimi universitetlərindəndir.

Kitabın təqdimatı 18 noyabr, axşam saatlarında olacaqdı, amma təqdimat iki professorun - “Germanistika İnstitutu”nun direktoru Portman və Almaniyanın Vürstburq universitetinin professoru, “Osvald fon Folkenştayn” fondunun prezidenti xanım Ziqlinde Hartmanın dəvət etdiyi Hersoq qəsrindəki muzey gəzintisi ilə başladı.

Muzeydə İsanın, Məryəmin və başqa müqəddəslərin heykəllərinə, rəsmlərinə baxdıqca xristianlığın incəsənətə nə qədər təsir etdiyi haqda düşünməli olursan. İsanın kədərli aqibəti, əslində, hardasa alman yazıçılarının da taleyidir, dünya müharibələri, yarıda qalan həyatlar, repressiyalar, ölüm düşərgələri...

Bunlar hamıya bəlli olan şeylərdir. Amma mən həmişə o illər haqda düşünəndə gözümün qabağına oxuduğum sözlərlə yaddaşıma çəkdiyim bir foto gəlir. Dahi filosof Martin Haydegger Münxen universitetinin rektorudur və öz müəllimi, ondan heç də aşağı filosof olmayan Husserli yəhudi olduğuna görə universitetin kitabxanasına buraxmır. Kitabxananın qarşısında dayanan dünyanın yazığı bir qoca... Və pəncərədən üzüaşağı onu soyuqqanlılıqla süzən rektor. Haydegger bunu etmişdisə, gör sadə xalq neyləyərdi?

...Amma xoşbəxtlikdən bizim professorlar Haydegger kimi zalım deyildilər, tam əksinə, son dərəcə mehriban, bildikləri hər şeyi son zərrəsinə qədər bizə öyrətməyə çalışırdılar. Hər rəsmin qarşısında dayanıb bu rəsmin estetik keyfiyyətlərini, əsasında duran mifləri, o miflərin digər miflərlə müqayisəsi, üstəlik hər mif haqda orijinal fikir söyləmək bacarığı, tarixə bələdlik-doğrudan da əsl professorluq budur. Onların bizə verdikləri bu məzmunlu ekskursiyadan sonra onlar və digər yerli dostlarımız (mən bu tədbirə Almaniyadan gələn yeni dostlarımı da əlavə edirəm) bizi nahara qonaq edirlər. Alman savadı, alman nəzakəti... Haydeggeri çoxdan unutmuşam.

Və “Yarımçıq əlyazma”nın müzakirəsi də İsanın çoxlu təsvirlərinin asıldığı, heykəllərinin nümayiş edildiyi kitab mağazasında başlayır.

Fürsət tapıb kitablara baxıram. Burda kimlər yoxdu? Lyosadan tutmuş Murakamiyə, Tolstoydan tutmuş Umberto Ekoya qədər.

Həmişə xarici ölkə kitabxanalarında Orxan Pamuku axtarmışam. Və hər yerdə də tapmışam, fərəhlənmişəm. Bu mağazada dörd kitabı vardı.

Amma indi daha çox fərəhlənmək olar, çünki Dədə Qorquddan bəhs edən “Yarımçıq əlyazma” romanı da rəflərdədi.

Kitab alman dilində keçən ilin may ayında çap edilib. Nəşriyyat kitabı öz hesabına çap edib, əldə edilən gəlirin bir hissəsi yazıçıya qonorar şəklində ödənilir. Naşir Elmar Weixlbaumer “Yarımçıq əlyazma”ya maraqdan razılıq edir. Avstriyada çap edilmiş əksər kitablar kimi bu kitab Almaniyada da satılır. Naşir almanların kitaba olan marağın azalmasından, insanların televiziyaya, internetə daha çox zaman ayırdığından da şikayətlənir. Ondan bu ilin ən çox satılan kitabının tirajını soruşuram. 1 milyon 200 min!!! Almaniyanın gələcəyi haqda yazılan siyasi bir kitabdır. Kitabın adını təqribən bu cür dedi naşir: “The end of Germany”.

Tədbiri professor Portman açır.

Professor Ziglende Hartman kitabın ön sözünün müəllifi kimi çıxış edir. Xanım Hartmanın nitqi almanca olsa da qulağa tez-tez doğma sözlər dəyir: Nizami Gəncəvi, Füzuli, Nəsimi, Xətai, Dədə Qorqud və əlbəttə ki, Kamal Abdulla...

Umberto Eko keçən il çap edilən bir yazısında avropalı professorlara şərqli professorları nümunə göstərərək deyirdi ki, şərqlilər Avropa mədəniyyətini çox gözəl bildikləri halda avropalı elm adamları Şərqə bir elə də maraq göstərmirlər. İxtisası germanistika olan professor Hartmanın Şərqi, Azərbaycanı bu qədər gözəl bilməsi xoş təəssürat oyadır.

Professor Portman əvvəlcə Kamal Abdulladan “Yarımçıq əlyazma”nın bəzi parçalarını oxumağı xahiş edir. Kamal Abdulla əsərin Nur daşı və Gəncə zəlzələsi hissələrini oxudu. Bu qiraət dörd dəqiqə çəkdi.

Ardınca isə professor Portman düz otuz səkkiz dəqiqə “Yarımçıq əlyazma”nın almancasını gözəl ifa, hər bir obrazın dünyasına girməyi bacarmaq ilhamıyla qiraət edir. Almaniyadan fon Ditsin kitabxanasından dünyaya və Azərbaycana dastan kimi yol alan “Kitabi-Dədə Qorqud” əlyazması bu dəfə bir roman kimi “Yarımçıq əlyazma”ya çevrilərək Avstriyanın bu gözəl Orta Əsr şəhərinin bir xudmani kitabxanasına qayıdır.

Çıxış edən Mayns Universitetinin (Almaniya) professoru Heynrix Bushoten türkoloq olduğu üçün türkcəsi çox səlisdir. Təsadüfi deyil ki, o, “Kitabi-Dədə Qorqud” dastanının holland və alman dillərinə hələlik son tərcümələrinin müəllifidir.

Tədbirin sonunda o bizə vərəqlər payladı. Vərəqin birində Xətainin alman dilinə professorun tərcümə edib Kamal Abdullaya bağışladığı qoşmanın yanında isə bir qəzəl var. “Gəl, könül, incimə məndən...” misrası almanca belə səslənir: “Komm Herz, sei uns nicht böse”.

...Tədbirin sonu bizim alışdığımız kimi deyil. Hamı bir-biri ilə roman, Dədə Qorqudla bağlı söhbət edir, təəssüratlarını bölüşür. Kitabı alanlar Kamal Abdullaya yanaşıb avtoqraf xahiş edirlər. Bu mənzərədən bir yazıçı və bir azərbaycanlı kimi mən də çox məmnun oluram.

“Yarımçıq əlyazma”nın növbəti duracağı London olacaq. “Dumanlı Albion”da babası Şeyx Səfi xalçasının qorunduğu muzeyin qonşuluğundakı müzakirədə “Yarımçıq əlyazma”nın qəhrəmanlarından olan Şah İsmayılı görəsən nə gözləyir?

# 5302 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi prosesin və ədəbi mühitimizin 2024-cü ili - Cavanşir Yusifli ilə Yeni il söhbəti

Ədəbi prosesin və ədəbi mühitimizin 2024-cü ili - Cavanşir Yusifli ilə Yeni il söhbəti

11:00 30 dekabr 2024
"Azərbaycan nəsri ingiliscə tərcümədə” – yeni toplu təqdim olunub

"Azərbaycan nəsri ingiliscə tərcümədə” – yeni toplu təqdim olunub

10:21 30 dekabr 2024
"Müəllif, təəssüf ki, tələsib..." - Hekayə müzakirəsi

"Müəllif, təəssüf ki, tələsib..." - Hekayə müzakirəsi

15:00 28 dekabr 2024
Kələkbaz dul qadın - Elçinin təqdimatında

Kələkbaz dul qadın - Elçinin təqdimatında

12:00 28 dekabr 2024
Ədəbi qarşıçıxmaların səbəbi nədir? - Tənqidin tarixi və metodları

Ədəbi qarşıçıxmaların səbəbi nədir? - Tənqidin tarixi və metodları

12:00 25 dekabr 2024
Heç kimin yadına düşməyən müəllif, yerpulu, "Haxışta" - Kitab sərgisində biabırçılıq

Heç kimin yadına düşməyən müəllif, yerpulu, "Haxışta" - Kitab sərgisində biabırçılıq

12:15 24 dekabr 2024
# # #