“Vikipediyada Nizami fars şairidir”

“Vikipediyada Nizami fars şairidir”
27 dekabr 2012
# 08:00

Vikipediya 2001-ci ildə yaradılmış azad onlayn ensiklopediyadır. Vikipediya havayalıların dilində “viki” (“tez”, “cəld”) və “ensiklopediya” sözlərinin birləşməsidir. Dünyanın əksər dillərində istifadə olunan saytın yaradılmasında məqsəd insanların məlumatlardan istifadəsini asanlaşdırmaq, məlumatları əlçatan etməkdir. Vikipediya hazırda dünyada ən çox istifadə olunan saytlardandır. Hər bir internet istifadəçisi Vikipediyaya məlumat yerləşdirə bilər.

Kulis.az Vikipediya könüllülərindən biri Cavid Ağa ilə müsahibəni təqdim edir.

- Nə vaxtdan Vikipediya könüllüsüsən?

- Dəqiq yadımda deyil, amma 1 ildən çoxdur ki, Vikipediyaya məlumat yerləşdirirəm. Ondan əvvəl isə saytın daim oxucusu olmuşam.

- İlk məlumat nə haqda idi? Daha çox hansı sahə ilə bağlı məlumatlar yerləşdirirsən?

- İlk məlumat “Burzum” adlı blək metal qrupu haqda idi. Mən ən çox dinlədiyim musiqi növünə və tarixə aid məlumatlar yerləşdirirəm. Xüsusilə qədim türk və İsveç tarixi haqqında.

- Məlumatlar hansı dillərdə olur?

- İngilis dilində olan Vikipediyada Azərbaycana aid yazılar yerləşdirirəm. Orda Şirvanşahlar, Azərbaycanda bütpərəstlik kimi mövzularda məlumat vermişəm. Azərbaycan dilində olanlar isə əsasən digərindən olan tərcümələrdir.

- Deməli həm Azərbaycan haqqında məlumatları ingilis dilində, həm də Azərbaycan bölməsində Azərbaycan haqqında məlumatlar yerləşdirirsən. Azərbaycan bölməsində daha çox hansı materiallar olur?

- Aha, ikisi də. Azərbaycan dilində olanlar fərqlidi. Əsasən Azərbaycandakı yer adları, Azərbaycan tarixi və dinə aid materiallardı.

- Azərbaycan bölməsində bəzən elə yazılara rast gəlirsən ki, qeyri - professional hazırlanıb, Vikipediya standartlarına uyğun gəlmir, elə bil hardansa “copy-past” edilib. Vikipediyanın strukturu necədi? Materiallara necə nəzarət edilir?

- Çoxu elədi, amma bizim Vikipediyada hələ az məlumat olduğu üçün irəliləyiş yoxdur. Lazım olanda, mən dəyişirəm. Vikipediyada struktur belədir ki, mənbəyi olan hər bir məlumat mənbəsizlərə nisbətən daha arzu olunandır. Materiallara nəzarət Vikipediya qaydaları çərçivəsində gedir. Bu qaydalara nəzarət edən 14 idarəçi var. Onlar da “məlumatın olmamağından “copy-past” yaxşıdır” deyirlər.

- “Copy-past”lar da arzulanan səviyyədə olmur, bəzən heç yaramır da. İdarəçilər kimlərdi? Hansı ölkələrdəndi?

- Elədir, buna görə də aktiv istifadəçilərin olması əsasdır ki, daim redaktə etsinlər. Azərbaycanda 92 minə yaxın istifadəçi var, amma onların heç beş yüzü aktiv deyil. İdarəçilərin hamısı Azərbaycandandır. Düzü dəqiq ad çəkə bilmirəm. Çünki Vikipediyada istifadəçilər adlarla yox, “niklər”lə qeydiyyatdan keçirlər. Adları ilə də fəaliyyət göstərənlər var, amma azdır. Amma onu deyə bilərəm ki, bu idarəçilərin hamısı Azərbaycandandır. Ümumiyyətlə, bütün dillərdə olan vikipediyaların idarəçisi isə "Cimbo" ləqəbli Cimmi Uelsdir.

- Vikipediya bir ara bağlanmaqla üz-üzə qalmışdı, problem necə həll olundu?

- Tez-tez belə problemlər olur. Vikipediya istifadəçilərin ianələri hesabına fəaliyyət göstərir və hərdən serverlərin pulunun ödənməsi vaxtı çatanda bu ianə kompaniyaları işə başlayır.

- Azərbaycan istifadəçiləri komanda halında işləyirlər, ya fərdi şəkildə?

- Komanda halında işləyən istifadəçilər varsa da, xəbərim yoxdur. Əsasən fərdi şəkildə işləyirlər. Bəziləri mənim kimi hər bir mövzu haqda əsas məlumatları yerləşdirib sonra genişləndirməyi planlaşdırsa da, bəziləri bir mövzunu işləyir və əsas o məlumatı yeniləmək, yaxud genişləndirməklə məşğul olur.

- Azərbaycan haqqında yerləşdirdiyin məlumatlar yəqin təbliğat xarakteri daşıyır.

- Qətiyyən, mən neytral yazıram. Bu, Vikipediya prinsiplərindəndir. İstəyirəm ki, "Azərbaycandanam" deyəndə xarici vətəndaş " hə, mən oranı tanıyıram " desin.

- Məlumatlar idarəçilərin xoşlarına gəlməyəndə çıxarırlar? İstənilən internet istifadəçisi Vikipediyaya məlumat qoya bilərmi?

- Əsasən ingiliscə məlumatlar yerləşdirsəm də nadir hallarda türkcə materiallar da olur. İdarəçilərin "xoşuna gəlməməyi" Vikipediyanın prinsipi deyil. Məsələn, bir yazının mənbəyi varsa, onu mənbəsiz olan versiyası ilə dəyişmək qaydaları pozmaqdır. Hərçənd bu kimi vandalizmlər olur. Çünki istənilən internet istifadəçisi məlumat qoya bilər. Buna görə də Vikipediyada "Məqalələrin redaktə qaydaları", "Yeni istifadəçilərə kömək" kimi başlıqlar var. Azərbaycan dilindəki Vikipediya hər iki hərf sistemində-ərəb, latın-fəaliyyət göstərir. Qeydiyyatdan keçənlər məqalə yarada bilərlər, keçməyənlər isə sadəcə redaktə edir.

- Yaxşı məsələyə toxundun. Azərbaycan bölməsində ərəb əlifbası ilə olan yazılar var. O bölmədə əsasən hansı mövzuda yazılar olur?

- Ərəb əlifbasında 12 mindən çox məqalə var. Amma o məqalələrin mövzuları ilə tanış deyiləm. Oxumağı bacarsam da buna fikir verməmişəm.

- Azərbaycanca olan məlumatın başqa dilə keçirilməsi necə olur, onu kimlər edir, bu da könüllülərin işidi, yoxsa məlumat o dəqiqə başqa dillərə də çevrilir?

- Vikipediya könüllü iş prinsipi üzərində qurulub. Azərbaycan dilində olan məlumatların digər dillərə tərcümə olunmasına spesifik baxmaqla məsul olan şəxs yoxdur.

- Operativlik nə səviyyədədi? Soljenitsin vəfat edəndə onun ölməsi barədə dərhal Vikipediyanın rus bölməsində məlumat yerləşdirilmişdi. Bizdə isə, məsələn Kələntər Kələnətərli noyabrda vəfat edib hələ də onun Vikipediya səhifəsində ölümü barədə məlumat yoxdu. Belə bir mənzərə yaranır ki, bizim könüllülər bu işi çox könülsüz görürlər.

- Deməzdim, sadəcə olaraq yetərli sayda könüllü yoxdur. Mən Kələntər Kələntərlini tanımırdım, onu haqqında son xəbərləri izləməmişdim. Könüllülük prinsipi belədir. “Burzum” qrupu nə vaxtsa dağılsa, mən bunu dərhal yerləşdirəcəyəm, çünki mənim maraq dairəmdədi. Ədəbiyyat, publisistlər, yazarlar və şairlər haqda əsasən ədəbiyyata marağı olan adamlar yazır. Deməli ədəbiyyata marağı olan könüllülər azdır.

- Vikipediyanın hansı portallara bölünür? Hansı layihələri həyata keçirir?

- Vikimedia Fondunun başqa layihələri də var. Məsələn, sitatların toplandığı VikiSitat, onlayn kitabxana olan VikiKitab, orijinal mətn bazası olan Vikimənbə kimi layihələr. Vikipediya “Tarix”, “Coğrafiya”, “Mədəniyyət” kimi portallara bölünür. Bunların da subportalları var. İsveçə həsr olunmuş ayrıca portal belə var.

- Vikipediyanin elə məlumatları varmı yalnız ödəniş əsasında açılsın?

- Qətiyyən, Vikipediya açıq ensiklopediyadır. “Britannika” kimi pulla deyil.

- Material yerləşdirərkən Azərbaycan Sovet Ensiklopediyasının məlumatlarından istifadə olunur?


- Əlbəttə.

- Googleda axtarış zamanı birinci Vikipediyaya aid məlumatlar çıxır. Yaxın illərdə Vikipediyaya rəqib gözlənilir?

- Google axtarışlarında birinci Vikipediyanın görünməsi SEO-nun-Search Engine Optimization - Axtarış Mühərriki Optimizasiyası- işidir. Yəni açar sözlərin bolluğudur. Həm də reytinqi çox yüksək saytdır. Ən azından yaxın gələcəkdə ona rəqib olacağını düşünmürəm. Çünki “Britannika” kimi illərin ensiklopediyası belə rəqabətə dözmədi.

- İdarəçilər necə seçilir? Hər ölkənin özünün idarəçiləri olur?

- İstifadəçilərin səs verməsi ilə, tam demokratik şəraitdə seçilir. Seçkilərin keçirilməsi barədə elan verilir, müəyyən tarixlər arasında seçki olur. Lehinə, bitərəf, əleyhinə olan səslər hesablanır və bu status verilir. Vikipediyada vəzifə bölgüsü bu cürdür - idarəçilər, bürokratlar, arbitraj komitəsi kimi "dövlət"ə bənzər sistem mövcuddu.

- Seçkilərə nəzarəti Vikipediyanın rəhbəri Cimmi Uels özü edir? Kimlərin vəzifələrinin artması şansı daha çox olur? Aktiv istifadəçi olmağın buna təsiri varmı?

- Bəli. Biz sadəcə Cimmi Uelsin başladığı işi davam etdiririk. Səsvermədə də müəyyən stajı olan qeydiyyatlı istifadəçilər iştirak edir, hər yoldan keçən yox. İdarəçiliyə seçilmək istəyənlərin Azərbaycan dilindəki Vikipediyada qeydiyyat stajı 6 aydan az olmamalı və redaktələrinin sayı 1000-dən az olmamalıdır.

- İdarəçilər məlumatların dəqiqliyinə baxırlarmı? Bir dostum özü haqda məlumat yerləşdirmişdi, sonra pozdular.

- Vikipediya istifadəçiləri ensiklopedik şəxs deyillərsə, özləri haqqında məqalə yarada bilməzlər. Məlumatların dəqiqliyinə gəldikdə, idarəçilər bunun haqqında araşdırma aparmırlar. Hər məqalənin müvafiq "Müzakirə" bölməsi olur. Vandalizmə qarşı mübarizə aparmaq, səhifələri silmək, silinmiş səhifələri bərpa etmək, artıq vandalizmə uğramaq təhlükəsi olan səhifələri mühafizə etmək kimi vəzifələri icra edirlər.

- Müzakirə olunan məsələlər öz həllini necə tapır? Məsələn Azərbaycan bölməsində Nizami Azərbaycan, İran bölməsində fars, kürd bölməsində isə kürd şairi kimi yazırlar. Bundan başqa Qarabağ və bu kimi bir sıra münaqişəli məsələlər necə həllini tapır?

- Vikipediyada istinad edə biləcəyin mənbə varsa müzakirənin qalibi sən olursan. Mübahisələr çox az olur. Məsələn, bir fars nadir halda bizim Vikipediyaya girib Nizaminin fars olduğunu deyər. Bu kimi mübahisələr ingiliscə Vikipediyada olur ki, orda da mənbəyə istinad edən haqlıdır. Hazırda ingiliscə Vikipediyada Nizaminin fars şairi olduğu yazılır. Azərbaycan Vikipediyasında isə Azərbaycan şairi.

- Bəs Qarabağ mövzusunda məsələ nə yerdədi? Üstünlük erməni istifadəçiləri tərəfindədi, ya bizim iştirakçılar tərəfində?

- İngilis dilli Vikipediyada Qarabağ nə türk torpağı, nə də erməni torpağı sayılır. Erməni krallığının Qarabağı yerli Qafqaz xalqlarının əlindən aldığını qəbul edir. Əgər daha güclü mənbə çıxarsa, vəziyyət dəyişə bilər.

- Azərbaycan internet məkanında yazarlar, şairlər və ya texnologiyalar haqqında dərc olunan məqalələrdən istifadə olunur? İdarəçilər bu materialları mənbə kimi qəbul edirlər?


- Bir qayda olaraq aznetdəki forumlar mənbə olaraq qəbul edilmir. Mənbə olaraq əsəsən bir alimin dissertasiya müdafiəsi, yayımlanmış araşdırması və s. qəbul olunur.

# 5912 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #