Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri
27 iyul 2025
# 17:00

Kulis.az Xəyalə Sevilin şeirlərini təqdim edir.

Səninlə aramızda
Nə qaldı ki, bitdimi?
Darıxmaq tənhalığın
Ən sonuncu həddimi?..

Əvvəl-əvvəl çətindi,
Gündüz-gecə darıxdım.
Adam necə darıxar?
Bax, eləcə darıxdım.

Darıxdım sözün düşən
Hər kəlmənin başında.
Nə getmədin gözümdən,
Nə görmədim qarşımda.

Sonra qəfil oyandım,
Gördüm hər tərəf sudu.
Dedim, bu gündən sonra
Yığışdır bu buludu...

İçim axşamtərəfi,
Nə yazdı, nə payızdı.
Görmür ki, dəyişmişəm,
Deyir, həminki qızdı.

***

İndən belə nə mənası,
Az elədin, çox elədin.
Sən də belə sehrbazsan,
Öz-özünü yox elədin.

Gün batdı, Ayam özümə,
Səhvəm, cəzayam özümə.
Gül kimi payam, özümə
Gör kimi qucaq elədim!

And deyilsən, içim səni,
Yol verdin ki, keçim səni.
Saxlamağa gücüm səni
Çatardı, uzaq elədim.

***


Sonra hamı getdi, bir-bir, iki-bir,
Adamlar azaldı, səslər azaldı.
Təkləndim bu boyda dünya içində,
Ən yaxın, ən doğma kəslər azaldı.

Sonra unuduldu bütün pisliklər,
Sonra alışıldı olanlara da.
Sonra şükür dedim gündə yüz dəfə
Əlimdə, ovcumda qalanlara da.

Sonra sən də getdin - nə önəmi var?
Könlümdə yerini hər an saxladım.
Ən vacib işimin arasında da
Səni düşünməyə zaman saxladım.

Sonra anladım ki, həyat belədi,
İnsanı ən həssas vaxtında yorur.
...Kim gözündən salır məni, görəsən?
Bir biləydim, məni kim unutdurur...

***


Deyirdim dəə...
Ayrılmağa nə var ki?!
İndi səndən dönmək var e.
İndi səni unutmaq var,
İndi özümə söz vermək,
İndi sözümü tutmaq var.
Deyirdim dəə,
Deyirdim.
Səndən sonra nə qaldısa,
Şeirdi.
İndən belə deyiləsi
Söz yoxdu- yüzün bilirəm.
Gəlmirsənsə, get, yaşayım,
Bacarsan, öyrət, yaşayım,
Ölməyi özüm bilirəm.

***

İndən belə sən də lazım deyilsən,
Qırılmışam, tökülmüşəm, qəmliyəm.
Sən ki mənim alın yazım deyilsən,
Vaxt lazımdı ki, özümü cəmliyəm.

Nəyin var ki? Sözünü tutmağın yox,
Məni yaxşı unutmağın var sənin.
Ürəyimin heç xeyrini görmədim,
Ürəyimdən topladığım bar sənin.

Bu gecə də özün yoxsan, sözün var,
Sən bilməzsən, susub danışmaq olur.
Salamımız, sağolumuz yerində,
Görürsənmi? Küsüb danışmaq olur.

# 2645 dəfə oxunub

Oxşar xəbərlər

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

Füzuliyanə təbiət və Abşeron lirikası - "Torpağın arzusu" tablosu

14:00 17 sentyabr 2026
"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi  - Riçard Brotiqan kim idi?

"Anti-mədəniyyətin Bibliyası"nın müəllifi - Riçard Brotiqan kim idi?

16:00 16 sentyabr 2026
"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

"Baxışların artıq məni çağırır..." - Məşhur "Despacito" necə yarandı?

15:30 16 sentyabr 2026
Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

Kağız parçalarından sənət əsəri – Jan Arpın “Təsadüfi dördbucaqlılar”ı

13:30 16 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər