Kulis.Az amerika şairi və yazıçısı Çarlz Bukovksinin şeirlərini təqdim edir
Rəhmətlik atam
Atam görüb-götürmüş adam idi.
Həyatda özünə görə bir ideyası vardı.
Deyərdi:
«Oğulbala, bax,
mən ömrümün axırınacan
bu ev üçün ödənişlər etsəm,
o, mənimki olacaq.
Dünyadan köçəndə onu
sənə miras qoyacağam.
Sən də
ömrün boyu işləyib
özünə ev ala bilsən,
onda iki evin olacaq
və sən
bu evləri öz oğluna
miras qoya biləcəksən.
Əgər o da bir ömür əlləşib-vuruşmaqla,
özünə ev ala bilsə,
sən öləndən sonra oğlunun…»
«Qoy sən deyən olsun» - deyərdim ona.
Bir stəkan su içdiyi yerdəcə keçinən atamı
mən qara torpağa tapşırdım.
Tabutu palıdı rəngdəydi, iriydi.
Dəfndən dərhal sonra mən
stadiona yollandım və orada
ucaboylu sarışın bir qızla tanış oldum.
Cıdır yarışından sonra
onun evinə getdik ki,
yeyib-içək və əylənək.
Atamdan qalan evi düz bir ay sonra satdım.
Onun maşınını və mebelini də satışa çıxartdım.
Birini çıxmaq şərtiylə,
bütün tablolarını ona-buna peşkəş elədim.
Hər il yayın bürküsündə
sərin kompotla doldurub, süfrəyə düzdüyü vazaları da
birbəbir satdım getdi.
Onun sevimli itini
Sahibsiz Heyvanlar Bürosuna təhvil verdim.
Ahıl atamın sevişdiyi gənc qızı
iki dəfə görüşə çağırdım.
Bir şey çıxmayacağını görüncə
bu daşı birdəfəlik ətəyimdən tökdüm.
Əlimdəki bütün pulları
qumara qoydum, içkiyə verdim.
İndi Hollivuddakı
ucuzvarı bir otaqda özümə sığınacaq tapmışam
və kirəni vermək ötrü
başqalarının zibilini daşımağa məhkumam.
Atam görüb-götürmüş adam idi.
İçdiyi bir stəkan su nəfəs yoluna getdiyindən
o, çeçəyib boğulmuş
və sadəcə xəstəxana arxivində
özündən sonra
bircə sətir iz buraxmışdı.
Nəbatat düşkünü
Valkiriya dağlarında,
tovuz quşlarının arasında
mən
az qala başım boyda
bir çiçək tapdım
və özümə tərəf çəkməklə
onu qoxladım…
O çiçək uğrunda qurban verdim
bir qulağımın sırğalığını,
burnumun pərəsiylə
bir gözümü.
Və on dənə siqaretimi…
…sabahısı gün
təkrar həmin yerə, geri döndüm ki,
o gözəl çiçəkdən
itkilərimin intiqamını alım
və onu tikə-tikə doğrayım!
Ancaq o,
gözümü-könlümü yenə də elə oxşadı ki,
tovuzquşunun başını üzməkdən başqa
əlimdən heç nə gəlmədi…
Abajur
Bu son beş ildə
gözlərimi yağır edib
eyni abajur.
Subay ömrümün
tozu yığılıb onun üstünə.
Bu mənzilə gətirdiyim məşuqələrin başı
eşqə-məşqə qarışdığından
abajurun tozunu almaq
ağıllarına da gəlməyib.
Ancaq onu da etiraf etməliyəm ki,
indiyədək
işim başımdan aşdığından
bu barədə ilk dəfə nə isə yazıram.
Həm də qalın toz qatı ucbatından
son beş ildə
bu masa lampasının saldığı işıq
yarı-yarıya öləziyibmiş.
Dahiyanə kəşf
Bu gün
qatarda
altıyaşlı dahi ilə rastlaşdım.
Düz qarşımda oturmuşdu o.
Qatar
okeanın sahili boyu
irəliləməyə başlayanda o,
məni süzüb dedi:
«Əcəb çirkinmiş…»
Mən isə ilk dəfə
bunun
fərqinə vardım.
Fuzz
Fit çalaraq mənə tərəf qaçan
üç uşaq çığırır:
«sən həbs olunursan!»
«sən sərxoşsan!»
və əllərindəki
oyuncaq dəyənəklərlə
baldırlarımı döyəcləyirlər.
Onlardan birinin yaxasında
polis nişanı,
digərinin isə hətta qandalı olduğundan
əllərimi başımın üstünə qaldırıram çarəsiz…
mən şərab dükanına girəndə
onlar pətəkdən topayla uçan arılar kimi
yaxamdan əl çəkirlər…
içəri keçib,
özümə
yarım qallon ucuz viski
və üç dənə
nabat alıram.
Qeyd: Qallon – 3,78 litrə bərabər maye ölçü vahidi
Borodinin taleyi
Gələn dəfə Borodinin bəstələrini dinləyəndə
unutma ki, o, adi aptekçi imiş və
sadəcə ürəyini boşaltmaq üçün musiqi bəstələyirmiş.
Həm də evi həmişə cürbəcür adamlarla:
tələbələr, rəssamlar, əyyaşlar və BLUMSlarla dolu olurmuş.
Çünki o, heç kimə və heç vaxt «Yox» deyə bilmirmiş.
Gələn dəfə Borodinin bəstələrini dinləyəndə
unutma ki, arvadı onun not vərəqlərini
pişiyinin yuvasına döşəyirmiş,
ya da turşumuş süd bankalarının ağzını
onlarla qapayırmış.
Xanımı astmadan və yuxusuzluqdan əziyyət çəkib
və əri üçün sadəcə qayğanaq bişirə bilirmiş.
Ətrafındakı hay-küydən qurtulmaq üçün
ev sahibi başını, qulaqlarını bürümək,
sarımaq istəyəndə
arvadı ona adi mələfə uzadırmış.
Bundan əlavə, Borodinin yatağında
həmişə yad birisi yatırmış.
Yatmağa imkan tapanda bu ər-arvad
onsuz da ayrı-ayrı yataqlarda uyuyurmuş.
Bütün stullara o-bu yiyələndiyindən
zavalı bəstəçi
adətən köhnə bir şala bürünüb,
pilləkəndə yatırmış.
Dırnaqlarını da arvadı qırxırmış və
evdə mahnı oxumağı, fit çalmağı, çay stəkanına
çoxlu limon salmağı yasaqlayıbmış qadın.
2 nömrəli simfoniya, si major
Knyaz İqor Orta Asiya çöllərində.
Gözlərini əl boyda qara parçayla örtməsə,
yuxulamazmış o.
1887-ci ildə
Tibb Akademiyasında təşkil olunan rəqs gecəsinə
məzəli və milli kostyumda gedibmiş.
Huşsuz halda döşəməyə sərələndiyi vaxt
başına toplaşanlar
bunu da onun növbəti hoqqası sayırmışlar.
Gələn dəfə Borodinin bəstələrini dinləyəndə
unutma ki, o…
Qeyd: BLUMS – (burada) yontanmamış tiplər
Dilimizə çevirdi – Azad YAŞAR