"İl boyu ölənə qədər işlədikdən sonra..." - Mənasız həyəcan və təşviş düşüncəyə necə təsir edir?

"İl boyu ölənə qədər işlədikdən sonra..." - Mənasız həyəcan və təşviş düşüncəyə necə təsir edir?
28 avqust 2025
# 18:15

Kulis.az Lalə Bağırovanın “Bir ananın qayğıları…” yazısını təqdim edir.

Mükəmməl ana olmaq mümkün deyil, amma yaxşı ana olmağın minlərlə üsulu var…
Cill Çörçill, yazıçı

45 gün idi ki, ana olmuşdum. Bu xoşbəxtliyi ikinci dəfədir yaşayırdım. Bilirdim ki, uzun illərdən bəri dostluq etdiyim, uşaqlıq rəfiqəm Xəyalə yaxın günlərdə Bodruma ailəvi istirahətə gedəcək, hətta onunla aramızda bu müharibələr (İran və İsrail) dövründə təyyarədən istifadə etməyin nə dərəcədə təhlükəsiz olması barədə müzakirəmiz də olmuşdu.

İl boyu ölənə qədər işlədikdən sonra yay aylarında Türkiyə otellərinə səyahət insan əziyyətinə sərin su səpmiş qədər yaxşı təsir edir.

Amma mən tələsmədim. Düşündüm ki, istirahət hələ tezdir, qoy körpəm Cavad bir az da böyüsün, sentyabr ayında heç olmasa dörd ayı tamam olsun, ətə-cana gəlsin, yalnız ondan sonra səyahəti gerçəkləşdirək.

Həyat yoldaşım çox ani, spontan qərarlar verən biridir (adətən bu cür qərarlar mənim üçün əvvəlcə gözlənilməz və təhlükəli, sonda isə gözəl nəticələnir), buna görə də mənimlə müzakirəsiz-məsləhətsiz, rəfiqəmgilin əvvəlcədən kirayələdiyi otelə və eyni reysə bilet alaraq, birlikdə dincəlməyimizə qərar verdi və mənim üçün sürpriz etmiş oldu.

Sürprizi dilxor, sevinci alaçiy vəziyyətdə qarşıladım. Əvvəlcədən deyim ki, körpənin təyyarə sərgüzəştinin öhdəsindən necə gələ biləcəyi qorxusu məni bərk narahat edirdi, amma həyəcan, stres sən demə macəranın hələ yarısı imiş. Necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır...

Getməyimizə üç gün qalmış bildim ki, digər övladım, beş yaşlı qızımdan xəstəliyə - göy öskürəyə yoluxmuşam. Uşaq peyvəndli olduğundan xəstəliyi yüngül və gizlin keçirmişdi.

Əslində uşaq vaxtı mən də peyvənd olunmuşdum, amma artıq gəlib yetişdiyim qırx yaşımda peyvənd öz effektini itirmiş sayılırdı. Onu deyim ki, böyüklər bu xəstəliyə nadir hallarda yoluxur, fəqət görünür, immunitetim aşağı düşübmüş.

Boğucu öskürək tutmaları (göy öskürəkli xəstələr yaxşı bilir, belə vəziyyətdə göz bərəlir, oksigen çatmır, halsızlıq baş verir), üstəlik hələ yaşı çatmadığından peyvənd olunmamış 45 günlük körpəni yoluxdurmaq qorxusu, yeni doğumdan sonra hormon oynamasının orqanizmə göstərdiyi əks təsirlər, bir də bu istirahət məsələləri, hər şey bir birinə qarışdırmışdı.

Başımı tamam itirmişdim. Ürəyim getmək istəmirdi, istirahət planını ləğv etmək qərarına gəlmişdim.

Dərin depressiya və düşüncə içərisində vurnuxub qalmışdım. Bilirdim ki, çağalar bu bakterioloji xəstəliyi çox fəsadlı keçirə bilərlər.

Tibbi savadın mənfi xüsusiyyətlərindən biri də hər hansı bir xəstəlikdə fəsadların baş verməsi haqda geniş məlumatın olmasındadır. Bu da əlavə stress gətirir. Xəstəliyin sağalma perspektivi, nikbin düşüncələr qalır bir tərəfdə, sən yalnız mənfi şeyləri düşünürsən.

Həyat yoldaşım söylədi ki, Bakıda müalicə işi çətin vəziyyətə salacaq, depressiyadan çıxa bilməyəcəksən. Təbii ki, ilk zəngim pediatra oldu. Səyahətə birgə çıxacağım rəfiqəm Xəyaləyə. Savadına hər zaman güvəndiyim doktor hansı müalicəni yazdısa - antibiotik, inhalyasiya, öskürək siropu, allergiya dərmanı – onu da etdim və nəticəsini gördüm.

İki gündən öskürək xeyli azaldı və biz səyahətə çıxdıq. Təyyarədə iki qat maska ilə uçdum, körpəni isə yoldaşıma tapşırdım. Səmaya yüksələn kimi öskürəyim tam kəsdi, Bodrumun möhtəşəm dağları və Egey dənizinin sahilləri mənə məlhəm kimi təsir göstərdi.

Orda səhər saatlarında oyanıb dəniz sahilinə gedirdik. Həm mənim, həm də beş yaşlı qızım Selcanın boğaz qıcıqlanmaları dayanmış, körpə isə tam sağalmışdı.

Sonda onu da əlavə edim ki, daim təşviş içində olmaq, mənasız həyəcan insanın sağlam düşüncəsinə mənfi təsir edir, ona düzgün qərar verməsinə əngəl yaradır.

"Yaxşı ki, həyatımda var” dediyim insanların sayəsində həm depressiyadan çıxdım, həm sağaldım, həm də övladlarımla bəs deyincə dincəldim.

Hər kəsə sağlam düşüncə, açıq fikir arzu edirəm. Çünki həyatımızda nə baş verməsindən asılı olmayaraq, düzgün və zamanında verdiyimiz qərarlar gələcək yolumuzu müəyyən edir.

Yolumuz həmişə işıqlı olsun.

# 1713 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər