“Ramil Səfərov buraxılanda üzüldüm, çünki...” MÜSAHİBƏ

“Ramil Səfərov  buraxılanda üzüldüm, çünki...” MÜSAHİBƏ
15 oktyabr 2012
# 16:23
Layihə: Ekran üzü

Kulis.az saytının suallarını tanınmış aparıcı Günay Novruzqızı cavablandırır.

- Sizi daha çox Lider televiziyasından tanıyırıq. Bəs Lider TV-dən əvvəl hansı media orqanlarında çalışmısınız?

- Şablon səslənsə də deyim ki, televiziyaya uşaqlıqdan həvəsim vardı. Məktəbdə tədbirləri aparırdım, divar qəzetlərinin hazırlanmasında yaxından iştirak edirdim. Sonra Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə daxil oldum. Vəkil olmaq istəyirdim. Ancaq sonra fikrim dəyişdi, düşündüm ki, vəkil kimi çalışmağım çətin olar. 2-ci kursda oxuyanda AzTV-yə sınaq çəkilişlərinə getdim. Çəkilişlərdə iştirak edəndən sonra İsmayıl Ömərovla Qulu Məhərrəmli onların redaksiyasında çalışmağı təklif etdilər. 1997-ci ildən 2000-ci ilə qədər AzTV-də Qulu müəllimin rəhbərlik etdiyi “Səhər” proqramında xəbər aparıcısı kimi çalışdım. 2000-ci ildə Lider televiziyasında çalışmağa başladım. Lider TV-də ilk dəfə “Axşamınız xeyir olsun! Səda İnformasiya Buraxılışı efirdədir” deyən aparıcı oldum. Sevinirəm ki, bu tarix mənim adımla bağlıdır. “Səhər” proqramında çıxışımı izləyənlər var idi. Ancaq məni xəbər aparıcısı kimi “Səda” informasiya buraxılışından tanıdılar. İnsanlar elə bilir ki, mən hələ də Lider TV-də xəbərləri aparıram. Halbuki, 4 ildir bu kanaldan ayrılmışam.

- Niyə ayrıldınız ki?

- 2008-ci ildə analıq məzuniyyətinə çıxdım. Məzuniyyətdən qayıdanda dedilər ki, üçüncü uşaqdan sonra çətin işləyəsən. Bu söz xətrimə dəydi və ərizəmi yazıb dərhal işdən çıxdım. Bir müddət Xəzər televiziyasında “Dəyişmək istəyirəm” adlı qadın proqramı hazırladım. Prodakşın verilişi idi. Problemləri olan qadınları yenidən həyata bağlamaq istəyirdik. Sponsor problemi olduğu üçün veriliş fəaliyyətini dayandırdı. Verilişlərin sponsordan asılı olmasından çox narazıyam. Bu, məni üzür.

- Bəlkə proqramınızın reytinqi aşağı olub?

- Reytinq məsələsini qətiyyən qəbul etmirəm. Reytinq xətrinə özümüz öz əlimizlə uşaqlarımızı, gənclərimizi mənəvi terror etməliyik?! Televiziyalarda küçə söhbətlərini insanların evinə daşıyırlar. Tamaşaçının dünyagörüşünün formalaşmasına kömək etmək əvəzinə bayağı üsullara əl atırlar. Reytinqə görə bunları etməyə dəyərmi? Evlilik proqramlarında vəziyyət daha acınacaqlı idi. 18 yaşlı gənclərin evlilik proqramında iştirakı anormaldır. Nə məcburdur axı 18 yaşlı gəncin o yaşda evlənməyi? Yaşı ötmüş, fiziki cəhətdən qüsurlu insanların evlənməsini daha normal hesab edirdim.

- Artıq evlənmə proqramlarını bağladılar...

- Bağlasalar da tamaşaçının zövqü korlandı. Tamaşaçıya verilişi sevdirib sonra da əlindən aldılar.

- Əcnəbi aparıcılardan daha çox kimləri bəyənirsiniz?

- Rusiya kanallarını daha çox izləyirəm. Onların süjet hazırlamasını çox bəyənirəm. Rus aparıcılardan Yekaterina Andreyeva və Svetlana Sorokinanı xüsusi qeyd edərdim. Türkiyəli Uğur Dündarı da bəyənirəm. Mehmet Ali Birand da yaxşı aparıcıdır, ancaq Azərbaycana soyuq münasibətinə görə onu sevmirəm. Bu yaxınlarda CNN TÜRK kanalında onların rəhbərliyi ilə görüşümüz keçirildi. Dedim ki, bizim media Türkiyə haqda yetərli məlumat verir, ancaq siz biganəsiniz. Məsələn, bu il ölkəmizdə keçirilən “Avroviziya” ilə bağlı onların mediasında demək olar ki, heç bir məlumata rast gəlmədim. Onu da dedim ki, niyə Hrant Dink öldürüləndə “Hepimiz ermeniyiz, hepimiz Hrantız” şüarı, “Sarı gəlin” mahnısı səsləndirildi?

- Öldürülən Türkiyə vətəndaşı olan jurnalist idi axı...

- Etiraz etmələrinə bir söz demirəm. Etirazlarını bildirsinlər. Amma “Hrantız, ermeniyiz” nəyə lazım idi? Təbii ki, mən də jurnalistlərin öldürülməyini istəməzdim.

- Çalışdığınız Xəzər televiziyasında niyə “Xəzər Xəbər”-i aparmırsınız?

- “Xəzər Xəbər”-i səhər proqramında aparmaq üçün dəvət etmişdilər. Ancaq səhər işləyə bilməyəcəyim üçün baş tutmadı. Xəbər aparmağı çox sevirəm. Məni aparıcı kimi başqa verilişlərdə görmürlər. 8 il bir kanalın siması olmuşamsa, yəqin iddialarımın da böyük olacağını düşünürlər.

- “Xəzər Xəbər”-də xəbər fərqli verilir. Ümumiyyətlə aparıcının əl-qol hərəkətləri, xəbərə münasibət bildirməsini necə qarşılayırsınız?

- Çağdaş televiziyada xəbər vaxtı verilən effektlər, musiqilər yığışdırılır. Kanal D-nin də xəbərlərini izləmişəm, artıq onlar da bu üsullardan istifadə etmirlər. Türkiyənin NTV kanalının xəbər verilişi heç bir türk xəbər proqramına bənzəmir. Aparıcı sərbəstliyi isə o demək deyil ki, o, mütləq əl-qol hərəkətləri etməlidir. Aparıcı oxuduğu xəbəri əvvəlcə özü başa düşməlidir. Bütün bunlar hamısı sırf yaş və təcrübə ilə bağlıdır. Düşünürəm ki, indi xəbər aparıcısı olsam əvvəlkindən daha yaxşı aparardım. Xəbərə münasibət bildirməyin tərəfdarı deyiləm, ehtiyac görmürəm. Birand və Dündar xəbərə daha çox münasibət bildirirlər. Onlar peşəkardırlar və düşünürəm ki, buna haqları çatır.

- Aparıcılıqdan əlavə müxbir kimi çalışmısınız?

- Aparıcı olduğum üçün hadisə yerinə getməyə də bilərdim, ancaq özüm təşəbbüs göstərirdim. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi, Roma papası II İohan Pavelin Bakıya səfəri barədə süjet hazırlamışam. 2001-ci il 11 sentyabrda erməni Karen Ohancanyana şillə vurulan zaman mən də aeroportda idim. Bilmirdim nə siyasət idi, ancaq Karenin vurulmasını nədənsə ANS çəkmişdi. Bizdə o vaxt belə fikir var idi ki, bu işi ANS özü təşkil edib. Bəlkə də elə deyildi. O anı çəkə bilmədiyimiz üçün yolda Allaha yalvarırdım: elə bir hadisə baş versin ki, bu xəbər arxa plana keçsin. İnanırsınız ki, ABŞ-da əkiz qüllələrə hücum olundu. Allah səsimi eşitmişdi (gülür).

- Elə xəbər olubmu ki, insanlara çatdırmaqda çətinlik çəkmisiniz?

- Macarıstanda həbs olunmuş zabitimiz Ramil Səfərov azadlığa buraxılanda üzüldüm ki, bu xəbəri niyə mən vermədim. Halbuki o, həbs olunanda bu xəbəri insanlara mən çatdırmışdım. İnşallah Qarabağ işğaldan azad olunsa və mən o xəbəri verə bilməsəm, üzülərəm.

- Bu yaxınlarda ANS televiziyasında canlı yayımda xoşagəlməz olay yaşandı. Bu hadisəyə münasibətiniz necədi?

- Qayınana-gəlin söhbətini efirə çıxarmağın nə adı var axı? Məişətin ən mənasız problemlərini efirə çıxaranda bu cür xoşagəlməz hadisələr yaşanır. Əvvəllər insanlar efirdən özləri üçün nümunə götürərdilər. İndi isə vəziyyət dəyişib. Savadlı insanlar yerində sayır, savadsızlar isə başqa şeylərin hesabına irəliləyirlər. Sevə-sevə onların adını çəkərdim. Ancaq efirdə olmadığım üçün onların adından istifadə edib reklamda məni günahlandıracaqlar deyə ad çəkməməyə məcburam.


Fərid MİRZƏYEV

EKRAN ÜZÜ:

Nanə: “Diş düzəldəndə həyatım mənasız idi”
Cəlalə Nəzəroğlu:“Şou-biznes proqramlarını efirdən yığışdırardım”
Elgiz Əkbər: “Mentaliteti qəbul etmirəm”
İlkin Həsəni: “Bir toyda qazandığım TV-nin iki aylıq maaşı qədərdir”
DJ Fateh: “İnsan fərqli olanda uğur qazanır”
İradə İsaq: “Jurnalistikada qeyri-ciddi heç nə etməmişəm”
Fikrət Adıgözəlli: “Gəncliyimdə boş ştat olan kimi yerimi dəyişmək istəyirdim”
# 4127 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #