Kulis.az Elçin Köçərlinin "Çayın gətirdiyi adam" hekayəsini təqdim edir.
Uşaqlığı haqqında yadında qalan çox az şey vardı. Ətrafındakı insanlar ona ad qoymamışdı. Həmişə, sadəcə, "O" idi. Anası uzun illər əvvəl yoxa çıxmışdı – niyə getmişdi, nə səbəbə onu tərk etmişdi, bilmir. Bütün bunları dərk edə biləcək əqlə sahib deyildi. Əvvəlcə kəndin bir küncündə, köhnə bir daxmada yaşayırdı. Adamlar ondan qorxurdu, çünki o, çox böyük idi. Deyirdilər ki, o, nəsə başqa cürdür. "Başqa cür" deyəndə nəyi nəzərdə tutduqlarını anlamırdı, amma bunu yaxşı bir şey kimi demədiklərini bilirdi. Onu görəndə yollarını dəyişirdilər. Qonşu qadınlar uşaqlarını onun həyətyanı sahəsinə yaxın buraxmırdı. Heç kim onunla danışmırdı.
Bir dəfə onu kənddən uzaqlaşdırdılar. Əvvəlcə anlamadı, elə bildi, sadəcə, bir neçə günlük gedir. Amma sonra geri qayıtmaq istəyəndə daxmasının uçurulduğunu gördü. Heç kim qapısını açmadı. Ona meşəni göstərdilər. "Orada yaşa" dedilər. Başqa çarəsi yox idi. Seçimi yox idi. İlk vaxtlarda kimlərsə evinin yanına yemək qoyub sakitcə uzaqlaşırdı. Bir adamı ikinci dəfə görmürdü. Bir gələn sanki bir daha o evə yaxın gəlmək istəmirdi. Daha sonralar bir gələn də olmadı heç.
İndi orada - meşədə, çayın kənarında bir daxmada yaşayırdı. Daxma çox köhnə idi, sanki yüz il əvvəl kiminsə unutduğu bir ev idi. Divarları nəm idi, döşəməsi soyuq. İçəridə sadəcə taxtadan düzəlmiş bir çarpayı, köhnə bir masa, soba, sobanın üzərindəki divardan asılı bəzi əşyalar və yerə sərilmiş qalın, kirli bir neçə yorğan vardı. Masanın üstünə həmişə yağış yağanda tavandan su tökülürdü, o elə bilirdi ki bu su çaydan tökülür. Su ilə oynamağı çox sevirdi.
Axşamlar çayın kənarında oturub əlləri ilə suda dalğalar yaradırdı. Bu çay hər şeyi idi onun. Yaşadığı dünyanın son hüdudu idi. Başqa dünya var idimi çayın o biri sahilində? Bilmirdi. Çayı keçməyə can atırdı, amma qorxurdu. Mümkünsüz idi çayı keçmək. Çayı keçə bilsə artıq başqa dünyaya qədəm qoyacağını düşünürdü. İstəmirdi başqa dünyaya keçmək. Hər suya ayaq basanda çönüb yaşadığı daxmasına baxıb geri addım atırdı.
Gecələr isə hər şey dəyişirdi. Meşə qaranlıq olurdu, səslər qorxudurdu. Xüsusilə hardansa yaxından, lap yaxından it səsi eşidirdi hər gecə. Bu səs ürəyini tez-tez döyündürürdü. Pis xəbərin gətiricisi kimi hiss edirdi it səsini. Hər eşidəndə yorğana bürünüb gözlərini sıx bağlayırdı - bütün qorxularını yatıb unuda biləcəyini düşünürdü.
O axşam hər şey fərqli idi. Hava qaralanda adəti üzrə çayın kənarında oturmuşdu. Əllərini suya salıb titrək dalğalar yaradırdı. Axşamın sərinliyi üstünə çökəndə daxmasına qayıtdı. Yorğanına bükülüb tavana baxmağa başladı. Hər axşamkı kimi tənha idi. O axşam it də fərqli hürürdü.
Sonra qapı döyüldü.
Əvvəlcə inanmadı. Bəlkə səhv eşidirdi? Meşənin qəribə səslərindən biri idi bəlkə? Amma yox, qapı yenidən daha şiddətlə döyüldü. Ürəyi daha tez döyünməyə başladı. Bir anlıq qorxdu - bəlkə dəhşətli bir şey idi? Yoxsa itlər gəlmişdi?
Qapıya yaxınlaşdı. Ağır taxta qapını ehtiyatla araladı. Və qarşısında bir neçə balaca uşaq gördü. Hamısı həyəcanlı gözlərlə ona baxırdı. Nəfəs-nəfəsə qalmışdılar, üst-başları palçıqlı idi. Bir müddət heç kim danışmadı. Sonra uşaqlardan biri, ən cəsarətlisi, titrək səslə dilləndi:
- Biz... biz itmişik. Evimizin yolunu tapa bilmirik. Burada qala bilərik?
Ağlamsınan digər uşaq da dostunun sözü bitməmiş səhərə qədər burda gözləyə bilmələri üçün Ona yalvarmağa başladı..
O, onların qorxduğunu hiss edirdi. Amma niyə qorxduqlarını anlamırdı. Axı o, pis və ya kimisə qorxudacaq heç nə etmirdi. Sadəcə, böyük idi. Sadəcə, fərqli idi. Uşaq vaxtı eşitməkdən nifrət etdiyi “başqa cür” idi. Gülümsəməyə çalışdı, çünki anasının nə vaxtsa dediyi bir şeyi xatırladı: "Gülümsəyəndə insanlar daha az qorxur..."
- Hə, əlbəttə qalın... — dedi. Səsindəki kobudluqdan utandı özü də.
Uşaqlar ehtiyatla daxmaya daxil oldular. Onun evində ilk dəfə qonaq var idi. Öz yatdığı otağı çoxdan gözlədiyi qonaqlarına verib özü kandarda oturub qapının arxasından gələn pıçıltılara qulas asırdı. Amma heç nə eşidə bilmirdi. Bəlkə üşüyürdülər? Bəlkə ac idilər? Niyə otağa girən kimi qapını arxaları ilə bərk çırpmışdılar? Bütün bu suallara cavab tapmaqdan çox səhərin açılmağını gözləyirdi təzə dostları ilə oynamaq üçün. Nə qədər tez yatsalar səhər də bir o qədər tez açılar düşünürdü.
O qədər sevinmişdi ki, səhərə qədər dözə bilmirdi. Uşaqlar yatmağa çalışırdılar, amma o, hər dəqiqə qapıya yaxınlaşıb səs gəlib-gəlmədiyinə qulaq asırdı.. Səssizlik düşən kimi otağa girib uşaqların yatıb-yatmadıqlarını soruşurdu. Oyun oynamaq istəyirdi. Çünki ilk dəfə dostları olmuşdu.
Uşaqlardan ən balacası oyaq idi. Elə o da ona gözəl bir oyun təklif etdi. Suyu aşsüzənlə gətirmək. Çox qəribə idi, amma o, su ilə oynamışdı, su ilə oynamağı sevirdi. Demək ki, bu oyunu da oynaya bilərdi! Sevinclə çaya qaçdı. Çayın kənarında diz çöküb aşsüzəni suya batırdı. Gözləri sevinclə parıldayırdı. Uşaqlar ona oyun tapşırmışdılar - suyu gətirməliydi! Amma hər dəfə aşsüzəni qaldıranda su içindən süzülüb gedirdi. Bir dəfə yoxladı, olmadı. Yenə yoxladı, yenə alınmadı. Alnında iri tər damlaları parıldayırdı. Əsəbiləşməyə başladı.
- Niyə olmur?! – deyə qışqırmağa başladı.
Səsi meşənin içində əks-səda verdi. Öz səsindən özü də qorxdu. Amma indi daha vacib bir şey vardı - o, bu oyunu udmalı idi!
Suyu daha bərk sıxdı. Yenə töküldü. Ürəyi sıxıldı. Uşaqların pəncərədən onu izlədiyini hiss edirdi. Bəlkə də gülürdülər? Bəlkə ona görə oyun tapşırmışdılar ki, gülsünlər?
Yenə yoxladı, yenə alınmadı.
Elə bu an pəncərədən bir kölgə sıçradı. Sonra daha biri. Onlar qaçırdılar?
O, əvvəlcə anlamadı.
Bir anlıq elə bildi, bəlkə oyun belə davam edir? Bəlkə indi onları tutmalı idi? Axı oyunlar həmişə belə idi - biri qaçır, biri tutur!
Amma uşaqların üzündəki ifadə ona qəribə gəldi. Onlar sevinclə qaçmırdılar. Qorxmuşdular.
Onlar ondan qorxmuşdular.
Onlar ondan qaçırdı!
Bu fikir beyninə bir qılınc kimi sancıldı. Çaşqınlıqla ayağa durmağa çalışdı, ayaqları titrədi. O, onlara pislik etməmişdi. O, sadəcə onlarla dost olmaq istəmişdi!
- Dayanın! - deyə kobud səsi ilə yalvarırdı. Gecənin sakitliyində onun yalvarış dolu qışqırığı bir anda itdi. Amma uşaqlar getdikcə uzaqlaşırdı.
İri cüssəsi ilə onları qovmağa başladı. Ağır addımları torpağı titrədirdi, budaqlar ayaqlarına dolaşırdı. Təngnəfəs olmuşdu. Hər dəfə əllərini uzadanda onlar bir az da uzağa qaçırdı.
Meşənin içində bələd olmadığı yollara gəlmişdi. Bura onun dünyası deyildi. O həmişə evinin yaxınlığında qalmışdı. Amma indi qovuşmaq istədiyi dostları onu uzaqlara aparırdı.
Çayın kənarına çatanda dayandı.
Uşaqlar artıq suyun o biri tayında idi.
Çayı necə keçəcəyini bilmirdi.
- Mən də gəlmək istəyirəm! - deyə səsləndi. Səsindən yalvarış yağırdı.
Uşaqlardan biri gülümsədi. Səs tonunda bir oyunvari şirinlik vardı.
- Sən də keçə bilərsən! Çox asandır. Belinə böyük daş bağla, onda keçə biləcəksən!
O, şübhələnmədi.
O, heç vaxt şübhələnmirdi. Axı dostlar dostları aldadarmı?
Əlinə keçən ilk iri daşı belinə sıx bağladı. Çaya doğru addımlayarkən suyun soyuqluğu ayaqlarına yayıldı. Hiss etmirdi. Sadəcə davam etmək istəyirdi, çünki dostlarına hələ də inanır, onlarla oynamaq istəyirdi. Çox yaxşı hiss edirdi, bəlkə də həyatında ilk dəfə olaraq. Həyatında ilk dəfə çayın digər sahilinə keçmək qərarı vermişdi. Yeni dostları ona bunu vəd etmişdi.
Son dəfə olaraq evinə - demək olar ki ömrünü keçirdiyi o köhnə daxmasına baxdı. Həmişə elə düşünürdü ki onu bu daxmaya çay gətirib. Və eləcə də indi onu həmin daxmadan çayın aparacağını hiss edirdi. Bütün həyatı çayın bu üzündə keçmişdi. Dünya çayın bu sahilindən ibarət idi. Başqa dünyaya – çayın o biri sahilinə keçmək arzusu ilə yanıb tutuşurdu.
Su çox soyuq idi. Üşüyürdü. Bir addım daha atdı. Hər yeni addımını atanda əllərini çayın kənarında onu izləyən dostlarına tərəf daha çox uzadırdı. Bircə dəfə toxuna bilsə başqa həyata qədəm qoyacaqdı sanki.
Su həmişəkindən soyuq və sakit idi. Külək yüngülcə əsib qamışları titrədirdi, amma ətrafda qəribə bir sükut vardı - sanki meşə də nəfəsini saxlamışdı.
Uşaqlar bir neçə addım arxada dayanmışdılar. Onların gözlərində həyəcan və qorxu vardı. Heç biri danışmırdı, amma ürəkləri sürətlə döyünürdü. Kiçik ayaqları palçıqda batıb çıxırdı.. Bütün bu baş verənləri bayaqdan sakit və təlaşla izləyən bayquşun səsindən diksinib hamısı bir-birinə qarışaraq qaçmağa başladı. Birinin ayağı sürüşdü, biri torpağa yıxıldı, qaçarkən bir-birilərini itələdilər, amma heç biri geriyə baxmadı. Qalın otların arasından keçib, meşənin dərinliklərinə doğru yox oldular.
O, artıq başa düşmüşdü: nə qədər desə də, nə qədər gözləsə də, heç kim onunla qalmayacaqdı. Su belinə çatanda son dəfə çayın axarına baxdı. Dalğalar yumşaq şəkildə ayaqlarını əzizləyirdi, sanki onu çağırırdı. O, bir anlıq gözlərini yumdu və irəli addımladı…
Su Onun başı üzərindən keçəndə, dünya sakitləşdi. Artıq nə küləyi, nə də çayın səsini eşidirdi. Sadəcə dərin, qaranlıq bir boşluq vardı. Və o an, uzun illərdir unutduğu bir şey yadına düşdü: anasının səsi.
O, çox balaca idi. Hələ nəhəng deyildi, hələ qorxulu sayılmırdı. Anasının iri, isti əlləri onun başını sığallayır, yumşaq səsi qulağında pıçıldayırdı:
- Sən bu dünyada tək olacaqsan. Amma qorxma.
Uşaqlıqda bu sözlər ona qəribə gəlmişdi. Tək? Niyə tək olsun ki? Axı insanlar var, kənd var… Onlar onu sevirdi, elə deyilmi? Amma indi, suyun içində o səslər ona həqiqətin ən sadə izahı kimi gəldi. Bəli, tək idi. Həmişə də tək olmuşdu. Anası bunu bilirdi. Ona görə də bu qədər incə danışmışdı, ona görə də onu qucağına alanda hər şey başqa cür hiss olunurdu.
Dodaqları titrədi, amma su səsini boğdu. Kaş ki, anası indi yanında olaydı. Kaş ki, son anında tək olmayaydı. Bədəni axının dərinliklərinə batanda, anasının səsi getdikcə uzaqlaşırdı. Son dəfə onun isti nəfəsini hiss edirmiş kimi gözlərini yumdu. Son dəfə… və sonra heç nə qalmadı. Yalnız meşənin kənarında bir neçə çiçək, çayın sahilində əyilmiş bir neçə ağac bu səhnənin şahidi oldu.
Xoşbəxtlik müddəti nə qədər çəkdi bilinmir, amma o anlar həyatı boyu yaşadığı ən sevincli anlar oldu. Hər çabaladıqca çayın o biri sahilindəki yeni həyata çatacağını düşünüb daha da dərinə gedir, suyu bulandırır, nəfəs alması çətinləşirdi. Qorxmurdu. Dərk etmirdi. Üşüyürdü. Boğulurdu.
Artıq onun iri əlləri boş, gərginliyini itirmişdi, sanki bütün gücünü suya təslim etmişdi. Gözləri artıq açıq deyildi, dodaqları isə susqun idi. O, illərdir danışmadığı, amma içində saxladığı hər şeyi özü ilə aparırdı. Bulanıq su burulğanı axıb təmizləndikdə çayın üstü ilə axan 3 alma bir-birini qovaraq gözdən itdi.
Meşənin içinə incə bir duman yayılmışdı. Çayın suları ağır-ağır axır, sahildəki qamışlar yüngülcə yellənirdi. Axşamdan yağan yağış torpağı islatmış, meşənin qoxusunu dəyişmişdi. İndi hər yerdə yaş torpaq, yosun və çürümüş yarpaqların qoxusu duyulurdu.
Çayın sahilində tək-tənha çinar dayanmışdı. Kökləri suya doğru uzanır, sanki Onu öz qoynuna çəkməyə çalışırdı. Xəfif və sərin meh yavaş-yavaş meşənin içində pıçıldayır, qurumuş budaqların xışıltısı sanki nəyinsə sonunu xəbər verirdi. Günəş meşənin arxasından boylanırdı, amma onun işıqları bu gün daha solğun görünürdü—sanki meşənin özü də bir sirr saxlayırdı.
O gün heç kim bu yox oluşu bilmədi. Meşə öz sirrini qoruyub saxladı, çay isə axmağa davam etdi - sanki heç nə olmamış kimi.