Nazsızdır fahişələr... - Rüstəm Behrudinin yeni şeirləri

Rüstəm Behrudi, şair

Rüstəm Behrudi, şair

21 aprel 2025
# 16:50

Kulis.az Rüstəm Behrudinin "Darıxan ağac" və "Parisdə" adlı yeni şeirlərini təqdim edir.

Darıxan ağac

Görən kimi tanıdım..
Tanıdınmı məni sən ?
Ey meşədə darıxan,
Tənha ağac, necəsən?

Gəldim baxım boyuna.
Görüm neçə haçadır.
Gəldim görüm neynirsən,
Görüm, ölüm necədir?

Necədir yarpaq gözün?
Budaq əlin necədir?
Hələ kökün ölməyib...
Ölən qolun necədir?

Bu sarmaşıq tanışdır.
Solun, sağın necədir?
Boş qaranquş yuvası
Tənhalığın necədir?

Necədir yalqız olmaq
Fəsillərin birində,
De, bu boyda meşədə
Ağacların içində?

Mən də bezib, usanıb,
Gəldim evdən, necədir
Yarpağından de, əvvəl
Ölən gövdən necədir?


O yarpğın, bu gözün,
Bu qolun, o budağın...
Hönkürərlər üstünə.
Mənim təkin qonağın.

Görən kimi tanıdım...
Tanıdınmı məni sən?
Ey meşədə darıxan,
Tənha ağac, necəsən?

Parisdə

Paris - qürbətin adı
Qəm köklənir qəm üstə
Mən əbasız, xirqəsiz
Bir dərvişəm Parisdə.

Yenisey çölü yanır,
Alışıb gülü yanır
Rembonun külü yanır
Parisdə...

Yenilib Zəfər Tağı,
Baxır başı aşağı
Lüksemburq bağı... ağı
Parisdə

Qınından sıyrılacaq xəncərdi
Eyfelə bax
Yerə-göyə saplanacaq
Parisdə

Qıza bax, Ay üzlüdü,
Janna Darkın özüdü,
Yer üzü göy üzüdü
Parisdə

Ömür şərabdı camda
Ruhum küləkdi şamda
Dua idim Noterdamda
Parisdə

Halıma baxıb gülər,
Luvrda ilahələr
Nazsızdır fahişələr
Parisdə

Sena hüznlə axır
Axıb ruhumu yaxır
Sözümnən Allah baxır,
Allah baxır,
Parisdə

# 5401 dəfə oxunub

Oxşar xəbərlər

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

Soyuq mərmər, dəfn sükutu, daşlaşmış kədər... - Andrea Mantenyanın "Ölü Məsihə ağı"sı

13:30 13 sentyabr 2026
Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

Rəsmlərin musiqi ilə vəhdəti - Arif Məlikov onu narahat edən sualların cavabını tapmağı bacarıbmı?

10:00 13 sentyabr 2026
Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər