Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert

Ağbaba-Çıldır aşıq sənətinin ustadlarına həsr olunan konsert
24 sentyabr 2026
# 18:00

Beynəlxalq Muğam Mərkəzində Ağbaba–Çıldır aşıq mühitinin görkəmli nümayəndələri, ustad sənətkar Aşıq İsgəndər Ağbabalının 110 illik, Aşıq Faxfur Ağbabalının isə 70 illik yubileylərinə həsr olunmuş konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, proqram Mədəniyyət Nazirliyi, AMEA-nın Folklor İnstitutu, Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Sazın səsi – sözün nəfəsi” layihəsi çərçivəsində reallaşıb. Tədbir Azərbaycan aşıq sənətinin zəngin ənənələrinin, xüsusilə Ağbaba–Çıldır aşıq mühitinin bədii irsinin təbliği və yaşadılması, ustad–şəyird ənənəsinin davamlılığının nümayiş etdirilməsi məqsədi daşıyıb.

Tədbirdə Amasiya İcmasının sədri akademik Abel Məhərrəmli qeyd edib ki, belə sənət gecələri yalnız ustad sənətkarların xatirəsinə ehtiram göstərilməsi baxımından deyil, həm də xalqın mənəvi yaddaşında mühüm yer tutan aşıq sənətinin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyət daşıyır. Akademik vurğulayıb ki, Aşıq İsgəndər Ağbabalının yaradıcılığı Ağbaba–Çıldır aşıq mühitinin ənənələrinin yaşadılmasında, milli musiqi və saz-söz irsinin qorunmasında mühüm rol oynayıb. Onun sənət yolu həm də ustaddan şəyirdə ötürülən zəngin aşıq ənənəsinin nümunələrindən biri kimi səciyyələnir.

Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan folklorunun mühüm qollarından biri olan aşıq yaradıcılığının xalqın saz-söz yaddaşının formalaşmasında və yaşadılmasında xüsusi yer tutduğunu deyib: “Aşıq İsgəndər Ağbabalı həmin zəngin ənənənin XX əsrdəki mühüm daşıyıcılarından və Ağbaba-Çıldır aşıq mühitinin sonuncu azman sənətkarlarından biri olub. O, yalnız saz ifaçısı deyil, həm də yaradıcı aşıq və güclü dastançı kimi seçilib. Aşıq İsgəndər Ağbaba-Çıldır mühitinin saz repertuarını dərindən mənimsəyərək “Ağbabayi”, “Ağbaba qaytarması”, “Çalpapax”, “Dəli hicranı”, “Dərbədəri”, “Qars gözəlləməsi”, “Baharı”, “Rəhmanı”, “İsgəndəri”, “Ağbaba gülü”, “Gəlin nanayı” və digər havaları yaşadıb və ifa edib. Mənbələrdə onun 33 dastanı sinədən bildiyi, həmçinin Ağbaba mühitinə məxsus bir sıra regional dastan və rəvayətləri qoruyub yaşatdığı qeyd olunur. Aşıq İsgəndər Ağbabalının sənət irsinin əhəmiyyətli cəhətlərindən biri də onun yaddaşında böyük bir dastan və saz-söz repertuarının yaşaması idi. O, xalq dastanlarını yalnız ifa repertuarında deyil, canlı aşıq yaddaşında qoruyan sənətkar kimi Ağbaba-Çıldır aşıq ənənəsinin mühüm halqalarından birini təşkil edib. Onun sənət yaddaşında əvvəlki nəsil ustadların yaradıcılığının qorunması və sonrakı nəsillərə ötürülməsi aşıq sənətində ustad-şəyird ənənəsinin davamlılığını göstərən mühüm faktlardan biridir. Aşıq İsgəndərin şagirdləri sırasında Aşıq Faxfur Ağbabalının da adı çəkilir”.

Milli Məclisin deputatı Hikmət Baboğlu, professor Afdandil Ağbabalı, Əməkdar jurnalist Səyyad Ağbabalı, filologiya üzrə fəlsəfə doktoru Tacir Səmimi ustad aşıq, Əməkdar mədəniyyət işçisi Məhəmmədəli Məşədiyev, Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova hər iki sənətkarın həyat və yaradıcılıq yolundan bəhs ediblər.

Proqram çərçivəsində Aşıq İsgəndər Ağbabalının həyat və yaradıcılığına həsr olunmuş qısa sənədli film göstərilib. Tədbir konsert proqramı ilə davam edib.

Sonda Aşıq Faxfur Ağbabalı 70 illik yubileyi münasibətilə təltif olunub.

# 53 dəfə oxunub

Oxşar xəbərlər

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

Hansı müğənni vəfat edəndən sonra üç günlük yas elan edildi?

18:40 24 sentyabr 2026
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açıldı

17:30 24 sentyabr 2026
“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

“Euronews”: "Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır"

17:27 24 sentyabr 2026
Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq

Türkiyə Mədəniyyət Yolu Festivalı baş tutacaq

17:00 24 sentyabr 2026
Niderland “Avroviziya”da yenidən iştirak edəcək

Niderland “Avroviziya”da yenidən iştirak edəcək

16:30 24 sentyabr 2026
Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək

16:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər