Mikayıl Müşfiqin papirosu

Mikayıl Müşfiqin papirosu
24 yanvar 2014
# 11:53

İki gün öncə ədəbiyyat muzeyində oldum. Sahildə oturulası kafeler, alış-veriş ediləsi butiklər, dəniz kənarındakı karusellərdən yorulanda ora bir baş çəkin. Klassik dövrdən başlayan Azərbaycan ədəbiyyatına səyahət insanı elə fərəhləndirir ki, nadir hallarda baş qaldıran vətənpərvərlik hissi boğazında düyünlənir. Yanımızdakı xanım məlahətli səsiylə Şərqdə qurulmuş ilk demokratik respublikadan, ilk alleqorik pyesdən, ilk satirik jurnaldan bəhs edərkən qarşımdakı portret bir anlığa dondurdu məni. Artıq xanımın “Əkinçi” qəzetiylə bağlı dediyi sözləri eşitmirdim. Önümdə alovlu gözləriylə mənə baxan bir gəncin portreti var idi. O qədər təbii, mükəmməl işlənmişdi ki, gözlərimi dolduran bu portretdəki oğlanın bu dəqiqə dil açıb danışacağını zənn etdim. Portretdəki yaraşıqlı gənc Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Müşfiq idi, Mikayıl İsmayılzadə.

Bilmirəm niyə, amma Müşfiq daim mənim zəif nöqtəm olub. Hələ məktəbli ikən onun şeir kitablarını, Gülhüseyn Hüseynoğlunun Müşfiq haqda yazdığı monoqrafik əsəri, müxtəlif məqalələrini tapıb oxuyur və məhz bu şairi öyrənməyin borcum olduğunu düşünürdüm. Siz şəhərdə sorğu keçirib şəhər sakinlərinin Vurğuna, Rəsul Rzaya hətta Mirzə Cəlilə dair fikirlərini öyrənsəz paradoksal fikirlərlə qarşılaşa bilərsiz 10 nəfərdən mütləq biri adı çəkilən ədəbiyyatçıların yaradıcılığında, dünyagörüşündə, ictimai və ya elə ədəbi fəaliyyətində nəsə bir qüsur tapıb sizə deyə bilərlər. Amma mən Müşfiqi tənqid edəcək, bəyənməyəcək bir insana rast gələcəyimə doğurdan da inanmıram. Ona görə yox ki mən Müşfiqə aşiqəm və onun qüsursuz olduğunu düşünürəm, ona görə ki Müşfiq yaradıcılığı elə həssas, elə içdən, elə təbii tellər üzərində qurulub ki, bu bədii yaradıcılıq şedevri hər kəsin könlünü oxşamaq iqtidarındadır.

5 iyun, 1908-ci il, Bakının dağlı məhəlləsi, ikinci sovet küçəsi 6 nömrəli ev. Dövrünün qabaqcıl ziyalısı, şeirlər müəllifi, müəllim Mirzə Əbdülqədir İsmayılzadənin ailəsində doğulan dördüncü uşaq Mikayıl 6 ay sonra anasını itirir. Mirzə Əbdülqədir böyük bəstəkar Müslüm Maqomayevin şah İsmayıl, Seyfəlmülk operalarının librettosunu yazmışdı, Yusif və Züleyxa, Əlixan əsərlərinin mətni isə yarımçıq qaldı. Mikayıl 6 yasına çatanda atası qəfil vəfat etdi.

9-10 yaşlarında Mikayıl pul qazanmaq üçün papiros satırdı. Rəsul Rza xatirələrində yazır ki, Müşfiqə həmişə niyə belə çox papiros çəkirsən sualını verəndə o deyirdi ki, neçə illər mən çörək pulumu papiros satmaqla qazanmışam, necə ona vəfasız çıxa bilərəm?

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlayan şair Küləklər kitabıyla ədəbiyyatda yeni tufan qopardı. İlk dəfə Yazıçılar cəmiyyətinin iclasında Küləklər şeirini oxuyanda Hüseyn Cavid onu yanına çağırıb demişdi ki - oğlan sənin bu şeirin mənim daxilimdə üşütmə yaratdı.

Mikayıl Müşfiqin 90 illiyinə həsr olunmuş tədbir Gülhüseyn Hüseynoğlunun nitqi ilə başlayır. Bu nitqi dəfələrlə dinləməyimə baxmayaraq hər dəfəsində kövrəldir, göz yaşlarıma səbəb olur:

- Sən gedəndən sonra səni çox axtardıq. Bizə dedilər ki, sənə 10 il iş verilib. Mən çox adamdan soruşdum səni, Müşfiq. Sibirdən gələnlər arasında da onu gördüm deyən olmadı. Sonra öyrəndik ki, səni burda, sevdiyin Xəzərin yaxınlığında, Nargin adasında güllələyiblər və cəsədin sevimli Xəzərinin ağuşundadır.

Müşfiqlə bağlı bir məqalə oxumuşdum, müəllif Müşfiqi “həmişəcavan şair” adlandırmışdı. Müşfiq doğurdan da xatirələrdə ən gənc şair, ən cavan istedad öz diliylə desək “Bədr olmamış hilal” olaraq qaldı. Bəlkə də onun belə əfsanəvi obraz kimi sevilməsinin, əbədiləşdirilməsinin, daima sentimental, həssas qəlbli bir gənc olaraq yadda qalmasının əsas səbəbi çox gənc yasda repressiya qurbanı olması oldu. Repressiya bizdən nə mütəfəkkirlər, nə dahilər, nə oğullar aldı. Amma Müşfiqin yeri başqadı. Onun yeri daima boşdu. Müşfiq məndə SSRİ quruluşuna olan nifrətin əsas stimuludur.

Daima sairlərin yaşadıqları məhəbbətin çoxşaxəli, qeyri-müəyyən əsaslara söykəndiyi fikrində olmuşam. Deyəsən bu təsəvvürü məndə Molla Pənah Vaqif yaradıb. Amma Müşfiq yaradıcılığıyla tanış olduqda onun xanımı Dilbərə qarsı duyduğu məhəbbətin ilahi əsaslara söykəndiyi qənaətinə gəlmişəm:

- Sənsiz cənnətdə də darıxaram.

Bu Nizamidən, Füzulidən bizə yadigar qalan utopik Məcnun sevgisi deyil, Müşfiq hər qadının qibtə edəcəyi real aşiq obrazıdır. Düzü, Dilbər xanımın müsahibələrini izlədikdə, Müşfiqli Günlərim əsərini oxuduqda daxilimdə daima bir sual məni narahat edib. Niyə Dilbər Müşfiqin ölümündən sonra intihar etmədi? Bilirəm bu yanaşma əməlli-başlı qınaq obyekti olmağa layiq bir yanaşmadı, çoxları bu fikrə tənqidi yanasa bilər və yanaşacaq da. Amma o cür böyük məhəbbət, o cür dahi, real ola bilməyəcək qədər möhtəşəm bir aşiqi itirdikdən sonra insan necə yaşamağa özündə güc tapıb? Yəqin ki Dilbər xanımın bu mövzuda kifayət qədər güclü arqumentləri var. Hər halda dünyanın ən xoşbəxt qadınlarından biri olduğu şəksizdir qısa müddətli də olsa...

Müşfiq yaradıcılığının aliliyindən danısan, yazan dövrünün ədəbiyyatçılarını görəndə isə yadıma bir lətifə düşür. Veteran babayla nəvə müharibə dövründən söhbət edirlər. Baba deyir ki, almanlar bizim əsgərləri əxlaqsızlığa məcbur edir, bunu etməyənləri isə güllələyirdilər. Nəvə babasından soruşur ki, sən bəs? Dediklərini etdin? Baba deyir ki, təbii ki, yox. Nəvə cavabında deyir ki, bəs sən necə sağ qaldın?

Qızılgül olmayaydı, qızılgül solmayaydı...

# 3696 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #