Başqalarına çamur atmaqla özümü təsdiqləyirəm

Başqalarına çamur atmaqla özümü təsdiqləyirəm
21 oktyabr 2019
# 12:41

Kulis.az Müşfiq Şükürlünün “Hər yetənə bir daş atan oğlan” adlı yazısını təqdim edir.

Xanəmir Telmanoğluya

Son zamanlar öz imzamla tez-tez qarşılaşıram. Əsas da gənc yazarları tənqid etməklə gündəm olmağa çalışmağım gözümə girir. Amma axtarsan bir-iki hekayəm var, ya yox. Ona görə imza demək bir az çətindir.

Gənc yazarlardan yazdığım tənqidi düşüncələrlə ədəbi mühitin diqqətini çəkməyə can atıram. Məncə, hətta bacarıram da. Nə yalan deyim. Amma özümü elə aparıram ki, sanki ədəbiyyat xilaskarıyam. Asta yeri, oğlaan, yıxılarsan.

Yenə də maraqlı gəldi və hekayələrimi təkrar oxudum. Əvvəlcə onu deyim ki, tənqidi yazılarımda qəribə təcrübəsizlik hiss olunur. Bunun nəticəsidir ki, yazılarım insanlarda qıcıq yaradır. Hamıya bir qulp qoyuram. Özümdən xəbərim yoxdur.

Cəmi-cümlətanı üç hekayəmi tapdım yayımlanan. Təqlid, pafos, emosionallıq var bütün hekayələrimdə. Təqlid o deməkdir ki, hələ yazı stilim yoxdur. Hər hekayəmdə bir hava çalıram. Özü də gənc yazarlara lağ edirəm ki, filan cümlənin quyruğunu niyə belə çevirdin.

“Mənim kiçik nağılım” adlı hekayəmdə yeddi aylığında ölmüş uşağın dili ilə danışıram. Hiss olunur ki, mütaliəliyəm. Ordan-burdan oxuyuram və yaddaşımda qalır nələrsə. İndi bu hekayəmdə də təhkiyəçi baxımından intellektual gediş etmişəm. Amma bu gün üçün belə sentimental hekayələr rüsvayçılıqdır. Hansı əsrdə yaşayıram görəsən?

Hekayədə fərqli bir olay da yoxdur, əslində. Ümumən, olay varmı? Ölmüş bir uşaq guya anasının bunu necə dünyaya gətirdiyini görüb və başlayır nəql etməyə. Əlbəttə, maraqlı məqamlar var. Uşağın anaya məhəbbəti bizə freydist baxışı xatırladır. Bütövlükdə isə hekayə saymazdım “Mənim kiçik nağılım”ı. Elə dediyim kimi, hekayədən çox məktubdur:

Anama bəlkə də uzun-uzun şikayətlərim var və bu şikayətləri üç-dörd səhifəlik bir məktuba sığışdıra bilmərəm.

Çünki nəinki ədəbi, heç həyat təcrübəm də yoxdur. Hiss olunur ki, danışmağa söz tapmıram. Maraqlı əhvalat qura bilmirəm. Bu səbəbdən yönəlirəm duyğular aləminə. Nəticədə isə bu gün üçün artıq gülüş hədəfi olan, üstəlik sınanmış, keçilmiş epoxa kimi nəzərə çarpan sentimentallıq yaranır.

“Dülgərin qövmü” hekayəmdə sentimentallıq azdır. Burda yazıçı kimi süjet qura bilirəm. Amma iş ordadır ki, əgər təqlid varsa, üslub yoxdursa, bütün cəhdlərim havayıdır.

Üçüncü hekayəm isə “Aleksandr”dır. Bu da hekayə deyil, təəssüf ki. Ağlıma gələni döşəmişəm.

Bundan başqa film və kitablar haqda məqalə-esselərim var. Gənclərin oxumaq, özünü inkişaf etdirmək həvəsi təqdirəlayiqdir. Buna görə öz adıma sevindim. Amma intellektual görünmək çabalarım daha çox özünü göstərir. Bəlkə dərinlərdə səmimiyəm? Özümü ifadə edə bilmirəm düz-əməlli? Məncə, bacarmıramsa, özümə çox da güc verməyim.

Özümü istedadsız saymıram. Yəqin ki, üzərimdə çalışsam, özümü doğrulda bilərəm. Amma inanmıram. Çünki mən da çoxları kimi asan yolu seçmişəm – başqalarına çamur ataraq özümü təsdiqləməyə çalışıram.

# 2001 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #