Professor İlham Rəhimli Kulis yazarları haqqında TƏHLİL

Professor İlham Rəhimli Kulis yazarları haqqında TƏHLİL
24 sentyabr 2013
# 12:40

Sözü uca tutanlara ucalıq ehtiramı

Hörmətli «Kulis» rəhbərləri!

Möhtərəm «Kulis» yazarları!

Yazdıqlarınızı oxuyanda çalışıram ki, onları öz hərarətində, öz səmimiyyətində, öz kövrəkliyində, öz yanğısında, öz harayında, öz hayqırtısında, öz közərtisində, öz işığında... qavrayım.

Xeyli müddətdir artıq «Kulis» yazarlarının əksəriyyətinin imzalarına baxmadan yazılarını oxuyanda kimin kim olduğunu əsasən düz tapıram. Bu, mənim oxucu vərdişim, oxucu qabilyyətim deyil, Sizin hər birinizin fərdi üsluba, dəst-xəttə, dil-ifadə cəbbəxanasına malik ola bilmək hünərinizdir. Düzdür, bəzən fərdi gileydən, şəxsi umu-küsüdən, az da olsa, şirə çəkən yazıları oxuyanda rahatsızlıq keçirirəm.

Təbii ki, onları oxumaq istəməzdim...

Amma və di gəl ki, dupduru fikir selinin şaqqıltısında həmin damcıların boğuq tappıltısı eşidilməz olur...

Bir neçə həftədir fikirləşirdim ki, qələmlərinə ehtiramla yanaşdığım gənc yazarların bir qisminə xoş sözlərimi çatdırım. (İnşallah, məqamı çatanda digər yazarlar, xüsusən Gülnarə İlham və keçmiş tələbəm Aliyə barədə də söz deməyə çalışacam)... Amma hiss edirdim ki, deyəsən söz sahiblərinə sanballı xoş SÖZ tapmaqda çətinlik çəkirəm. Düzdür, həmin qələm sahiblərindən bəzilərinə hansısa yazısı ilə bağlı təşəkkürümü telefonla bildirmişəm...

Etiraf edək ki, hər halda telefon söhbəti gec-tez yaddaşlardan silinir. «Kulis. az»ın isə elə yazıları var ki, tarixiləşməyə layiqdir.

Buna görə də rəğbətim olan yazarların mənim üçün seçilən yaradıcılıq özəlliklərini ünvanlarına çatdırmaq istəyirəm.

Yeri gəlmişkən, arzu edərdim ki, hər ilin yekununda seçilən müəlliflərin 3, 5, 7... ən yaxşı yazısı bir toplum şəklində çap olunaydı. Olunub kitabxanalara və kitab mağazalarına veriləydi... Fikrimcə, kitab kitabxanada yoxdursa, deməli gələcək nəsillər üçün də yoxdur.

Bir ricam da var: söylədiyim fikirləri, Sizə ehtiramımı səmimi qəbul edin.

Əvvəl adların sıra düzümünü şərti prinsipdə vermişdim. Fikirləşirdim ki, bu sıra düzümü kimin mənim üçün neçənciı pillədə durmasının göstəricisi deyil.

Sonra qəraralaşdırdım ki, imzaları əlifba sırası ilə verim, qoy heç kəsin qəlbində tərəddüd qalmasın...

***

CAVİD ZEYNALLI. Gənc nəsl yazarlarının arasında özünün fəlsəfi qənaətləri, mövzuya dörd tərəfdən cəsarətlə yanaşmaq məharəti, cümlələrinin lakonik cazibəsi, estetik tutumu ilə yadda qalır. Gündəmdə «xatırlanmaq» naminə deyil, sözlə cəmiyyət, sosial həyat, məişət, hətta siyasət müstəvisində kamil fikirlər söyləməyə qadirdir. Söz «xəsisliyində» qanadlı fikirlərə uçuş yaratmağı xoşlayır.

CƏLİL CAVANŞİR. Yazıçı qururunun şax görkəmi, kamil vətəndaş mövqeyindəki mətin dözümü, mövzusundan asılı olmayaraq, bütün yazılarında apaydın görünür. Fikirlərinin dərinliyi bədii-estetik, mənəvi-əxlaqi ölçülərinin zindan cingiltisi ilə heyranlıq doğurur. «Kiçik» mövzularda monumental problemlərə fəlsəfi don biçməkdə təcrübəli və səriştəlidir. Daha qlobal mövzulara girişmək üçün kifayət qədər təcrübəyə malikdir.

KƏNAN HACI. Kiçik görünən mövzularda insan və cəmiyyət, vicdan və həqiqət, münasibətlər burulğanında ləyaqətin qorunması yazılarının şah damarıdır. Dərs verməyi yox, həyat hadisələrindən nəticə çıxarmağı tövsiyyə etməsində səmimi və inandırıcıdır. Bəzi məqamlardakı kövrəkliyində cazibəli məhrəmlik var. Özünü fəlsəfəyə meylli kimi göstərməyə çalışmır, əksinə, yazılarında karvan ləngərinin ahəngdar ritmi duyulur.

QAN TURALI. Yazılarının fəlsəfi dərinliyi, insanlarda kamilliyə önəm verməsi, qənaətlərində idrak işığına söykənməyə çalışması ürəkaçandır. Hissiyyata qapılmaqdan uzaq durmağa çalışması və idraka söykəncliyi ilə qürurludur. Sısqa bədənindəki güclü həyat enerjisi, yaradıcılıq ehtirası, fikir coşqunluğu ilə müqayisədə bənzərsizdir. Gözlənimlməz mövzularda bədii obrazlı lövhələr, poetik mənzərələr yarada bilir. Sözləri canlı və dinamik, məntiqli və sərrastdır.

QİSMƏT. Hərdən mənə elə gəlir ki, onun gözlərindəki eynək yaxından oxumaq və ya uzağı görmək üçün deyil. Bu, həyatı, həyatdakı müərəkkəblikləri, haqsızlıqları, müşkülləri, mürvətsizlikləri daha aydın, daha parlaq görmək üçün zərrəbindir. O zərrəbinin arxasındakı məsum və aydın baxışlardakı həyat eşqi, haqqa tapınmaq ehtirası sözdə özünün vüsətli bədii təcəssümünü tapır.

MİRMEHDİ AĞAOĞLU. Məncə, Mirzə Cəlil qələminin hikmətinə ehtiramı, «Molla Nəsrəddin» məktəbinə dərindən bələdliyi ilə daha çox xoşa gəlir. Yazısını oxumağa başlayanda yarımçıq qoymaq olmur, çünki sözlərinin dartı gücü qüdrətlidir. Əbdürrəhim bəy Haqverdiyevin «marallarını» XXI əsrdə də tapmaqda, tapıb qınağa çəkməkdə, qınağa çəkiib onlara həqiqət aynası tutmaqda cəsarətlidir.

RAMİLƏ QURBANLI. Teatrdan yazan və teatrşünas olmayan jurnalistlər arasında səhnə sənətinin incəliklərini hamıdan yaxşı duyub dərk etmək qabiliyyəti var. Fakta səbrli münasibəti, müraciət etdiyi obyekti ətraflı öyrənməyə çalışmaq cəhdi ilə xoş təsir bağışlayır. Həyatdakı insanlarla, sənət adamları ilə ünsiyyət qurmaq bacarığı yazılarında da hiss olunur. Mövzya dərindən müdaxilə cəsarətindəki səmimiyyəti yazılarına şirinlik və sadəlik gətirir. Əsas faktları seçməkdə, seçib ələməkdə, ələyib ümumiləşdirməkdə kifayət qədər təcrübə toplayıb.

RƏFİQƏ MƏMMƏDOVA. Aydın təfəkkürü var. Ədəbiyyata maraqlı, orijinal fərdi münasibət bildirməyi bacarır. Obyektivliyi, cümlələrinin bədii tutumu fikir dərinliyi və səmimiyyəti ilə seçilir. Fikrimcə, bəzi məqamlardakı sərtliyi ləyaqətinin ucalığından və qələminin qürurunun əzəmətini qorumasından irəli gəlir. Kiminsə barəsində ən sərt qənaətlərində də ləyaqət tarazlığını, etika meyarını itirmir.

SEVDA SULTANOVA. İncəsənətdən bəhs etdiyi yazılarda sözlər sanki onun dodaqlarından kəpənək kimi uçur. Hətta ironiyalı, kəskin sarkazmlı fikirlərində də özünün xoşsima çöhrəsindəki lətafətin işıq yağışında yuyunmaq olur. Müəlliflik cəsarəti adi zahiri mahiyyət daşımır. O, bu cəsarətilə cəmiyyətin hansısa dərdinə, hansısa yarasına fikir məlhəmi axtarmaqda qətiyyətli və inadcıldır. Mövzu əlvanlığına can atmasının mayasını istedadının qaynarlığı təşkil edir.

ŞƏRİF AĞAYAR. Mövzu üçün cibə «girmir». Həm də ən kəskin, ən mübahisəli, hətta ən dolaşıq mövzular burulğanına cəsarətlə baş vura bilir. Baş vurur və həmin mürəkkəb məqamlarda da yazar ağayanalığı qələminə qahmar durur. Qələminə ehtiramı olan məslək dostlarına bəzən ürək yanğısı ilə atmacalar atanda da məhəbbət və səmimiyyətini unutmur. Sözün müqəddəsliyinə mənəvi ibadətini yaddan çıxarmır.

VÜSALƏ MƏMMƏDOVA. Yeri gələndə kişi qələm sahiblərinə kişilik qürurundan dərs verməkdə haqlı görünür. Fikirlərinin kükrəməsi və təlatümü, çılğınlığı və ehtirası insanlara ehtiramlı sevgiyə söykənir. Gənc yaşlarında da ana qucağında «kişi olmaq istəyənlərə» qeyrətli bir şapalaq ilişdirən xanım söz üçün heç vaxt mürgü vurmur. Həm də sözün ağzını boş yerə boza vermir. İfadələrindəki sözaltı mənaların kəsəri itidir, qənaətlərində qəlbinin nurunu fikirlərinə çıraq tuta bilir.

***

Hamınıza hörmət və ehtiramla, yeni-yeni yaradıcılıq uğurları arzusu ilə:

İlham RƏHİMLİ

# 3370 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #