Kişi və qadın xəyanətinin fərqi haqqında fəlsəfi esse

Kişi və qadın xəyanətinin fərqi haqqında fəlsəfi esse
20 may 2014
# 11:52

Elə bir cəmiyyətdə yaşayırıq ki, burda kişi dəyişir, qadın isə xəyanət edir. Haqsızlıqdı, amma belədi. Trotskinin çox sevdiyim bir sözü var. Bu sözü adamlar tez-tez xatırlasalar yaxşı olar. Trotski deyir: “Reallığı dərk etmək qələbənin yarısı deməkdi.”

Bu fikri məğlubiyyətlə və vəziyyətlə barışmaq kimi başa düşmək lazım deyil. Reallığı dərk etməkdə həmişə fayda var. Reallıq hissini itirən adamlar gec-tez karikaturaya, gülüş obyektinə çevrilirlər. Bəzən isə reallıq hissini itirmək faciə ilə nəticələnir.

Kişilər radara düşərkən (yaxalanarkən) adətən hadisələr belə cərəyan edir. Qadın qışqırır, ağlayır, sevgiyə, insanlara, bəşəriyyətə inamını itirdiyini isterik şəkildə ifadə edir. Əsəblərini sakitləşdirmək naminə cehiz gətirdiyi qablardan iki-üçünü sındırır. Şiddətli şəkildə emosional stabilliyi pozulmuşlar atası evinə gedir. Sonra ağsaqqal-qarasaqqal, ağbirçək-qarabirçək ortaya düşərək emosional stabilliyi pozulmuş qadını evinə gətirmək məqsədiylə xalq diplomatiyasının incəliklərindən istifadə edirlər.

Başa salırlar ki, qızım etmə-eləmə. Olan işdi. Adam hər şeyə görə ailəsini dağıtmaz. Başqalarının həyatından bir-iki əhvalat danışırlar. Gətirilən arqumentlər, danışılan hadisələr, əhvalatlar ortaya düşən adamların hansı səviyyənin yiyəsi olmasından asılıdı. Hərənin öz üslubu var. Nəhayət o qayıdır, bir müddət qaş-qabaqla gəzir. Daha sonra başqa söhbətlər də olur ki, o söhbətləri yazmağa, detallara varmağa heç bir ehtiyac yoxdu. Bircə onu deyə bilərəm ki, bəzi proseslərə cəzalandırmaq məqsədi ilə müvəqqəti olaraq embarqo qoyulur.

Gələcəkdə radara düşəcək gənc dostlar bir vacib məqamı unutmamalıdırlar. Heç vaxt heç bir halda hərəkət qaydalarını kobud şəkildə pozduğunu boynuna almamalıdı. Əsla. Qətiyyən olmaz. Lap gəlib yataqda yaxalasalar, maşını cərimə meydançasına aparsalar, sürücülük vəsiqəsini alsalar belə qaydanı pozduğunu boynuna almamalıdı.

Sənə deyəcəklər ki, boynuna al, səmimi ol, o zaman bağışlaya bilərəm. Aldanmayın. Əvvəla o özü də baş verənlərə inanmaq istəmir. Buna görə ona kömək etmək lazımdı. Onları da qınamaq olmaz. Bərk darıxırlar. Danışmaq üçün mövzu axtarırlar. Aldadılmış qadın hisslərini yaşamaq bir çoxları üçün hətta xoşdu. Yoxsa başqa halda necə diqqət mərkəzinə çevrilmək olar?

Bir şeyi başa düşməlisiniz, qadın və isterika bir-birinə çox bağlı, hətta doğma anlayışlardı. Yolu qırmızı işıqda keçsən də, içkili vəziyyətdə sükan arxasında otursan da qətiyyən qaydaları belə kobud şəkildə pozduğunu etiraf etmək olmaz. Üzünə mat-məəttəl qalmış bir adamın ifadəsini verərək qətiyyətlə deyirsən ki, bıy bu kimdi, gətirib mənim yanıma uzadıblar, mən burda tək yatmışdım. Hətta and da içmək olar. Bildiyim qədəri ilə belə məqamlarda yalandan and içməyə icazə var.

O qədər də narahat olmayın. Bir tanışımı cinayət üstündə yaxalamışdılar. Mərdimazarın biri zəng edib demişdi ki, ərin filan yerdə kef edir. Belə axmaq adamlar var. Təəssüf ki, biz belə axmaq adamlarla bir planetdə yaşamağa məhkumuq. Tanışım çox pis yaxalansa da heç nəyi boynuna almamışdı. Demişdi ki, bu dostunun evidi, qız da evi kirayə götürmək istəyir. Gəlmişdi evə baxsın. Arvadı da soruşmuşdu ki, bəs sən niyə dostunun evini başqasına göstərirsən? Tanışım bu haqlı suala da cavab tapmışdı. Demişdi ki, dostumun vacib işi vardı, gələ bilmədi. Xahiş etdi ki, qızı aparım, evi göstərim. Qoyub özün artistliyə. Deyib sənin başın xarabdı, dəlisən nəsən, mənim işim başımdan aşır, vaxtım var belə işlərlə məşğul olmağa? Ayıbdı, gör mənim haqqımda nələr düşünürsən. Eşidən-bilən haqqımda nə düşünər? El bilir ki, mənim belə işlərlə aram yoxdu, zad...

Başqa bir tanışımı isə kafedən çıxanda görmüşdülər. Görən adam mərifət sahibi olduğuna görə onlara yaxınlaşmayıb. Gördüyü mənzərədən dəhşətə və vəhşətə gəlsə də deyib ki, məsələni evdə dörd divar arasında müzakirə edərik. Küçənin ortasında qaraçılıq etmək mərifət sahibinə yaraşmaz. Bəs dörd divar nədən ötrüdü?

Özü də həmin günü tanışıma deyiblər ki, uşağı poliklinikaya aparıb həkimə göstərmək lazımdı. O da masanın üstünə çıxarıb 20 manat qoyub, bu gün vacib işim var, sən allah, uşağı özün apar həkimə deyib. Belə bir söhbətdən sonra radara düşmək iki qat cinayət sayılır. Adam and aman edib ki, gördüyün adam mən olmamışam. Sən məni o qədər sevirsən ki, qısqanclıqdan dəli olmusan. Gözünə başqa adamlarla görünürəm, zad...

İkinci bir vacib nüans da var. Gənc dostlar bu söhbəti də yaxşı-yaxşı yadda saxlasalar pis olmaz. Nədir bu vacib nüans? Nə qədər orda-burda sülənib dərədə-təpədə ovçuluq edirsinizsə edin, amma hər zaman evdəki bədbəxt üçün də bir patron saxlayın. Nə qədər yorulub əldən düşsəniz də özünüzü gümrah göstərin. Guya illərin acısınız.

Bir dostum sürətlə kökəlməyə başlamışdı. Dedim niyə belə kökəlirsən? Dedi ki, orda-burda yeyirəm, sonra evə gedəndə arvad gətirib qabağıma yemək qoyur. Yeməyəndə mısmırığını sallayır. Sən mənim bişirdiyim yeməyi yemirsən, filan. Ona görə də evdə yalandan iştaha ilə təkrar yeməyə məcbur qalıram.

Qərəz, kişilər radara düşdüyü zaman vəziyyətdən birtəhər çıxmaq olur. Bir az söz-söhbət olur, sonra həyat qaydasına düşür. Çox az adam ailəsinin dağılmasına imkan verər. Tək yaşamaq doğrudan da çətindi.

Əks cins radara düşəndə isə vəziyyət tamam dəyişir, hadisələr tamam başqa cür cərəyan edir. Bütün sistem dağılır. Bağışlamaq hədsiz dərəcədə çətinləşir. Münasibətləri bərpa etmək mümkünsüz olur. Bir çox hallarda qan tökülür. Faciə baş verir. Əlbəttə hər bir hadisə fərdi yanaşma tələb edir. İnsanlar çox vaxt özləri yaratdıqları qayda qanunun qurbanına çevrilirlər. Bəziləri yaradılmış qayda-qanunun diktəsi ilə istəmədikləri halda məcburiyyət qarşısında qalıb qan tökməli olurlar. Nəticədə bir neçə adamın həyatı məhv olur.

Real vəziyyətlə qarşılaşmayınca necə hərəkət edəcəyin haqqında düşünmək, bunu əvvəlcədən müəyyən etmək çətindi. Lakin nə qədər çətin olsa da başqasının axmaq hərəkətinə görə öz həyatımı məhv etməməyə çalışaram.

# 10938 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
# # #