Martin Skorsezenin "Kazino" kriminal dramında Çarli Klark və "Ofis məkanı" filmində Tom Smıkovski rolları ilə tanınan amerikalı aktyor Riçard Rili vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
78 yaşlı sənətkarın ölüm səbəbi hələlik açıqlanmayıb.
Aktyorun nümayəndəsi jurnalistlərə verdiyi müsahibədə onun sənət irsini və insani keyfiyyətlərini yüksək qiymətləndirib: "Teatr, kino və televiziyada karyerası təxminən beş onillik davam edən və 400-dən çox layihəni əhatə edən möhtəşəm aktyor Riçard arxasında böyük bir irs qoydu. Nəhəng istedadı ilə yanaşı, o, həm də səmimi xeyirxahlığına, xüsusən də hər fürsətdə həvəsləndirdiyi və dəstəklədiyi gənc aktyorlara, yeni başlayan rejissorlara göstərdiyi misilsiz səxavətinə görə yaddaşlarda qalacaq".
Qeyd edək ki, Rili fəaliyyəti boyunca "Las-Veqasda qorxu və nifrət" (Fear and Loathing in Las Vegas) və "Fotoqraf" (One Hour Photo) kimi məşhur filmlərdə, eləcə də "Təcili yardım" (ER) və "Barri" (Barry) kimi reytinqli seriallarda yaddaqalan obrazlar canlandırıb. Mərhum aktyorun Ceyn Lethem adlı həyat yoldaşı və dörd övladı yadigar qalıb.