Bicbala Qurban

Bicbala Qurban
10 dekabr 2014
# 14:14

Hamı yığılmışdı tamaşaya. Dalaşanları ayırmaq heç kəsin ağlına gəlmirdi. Cavanı da, qocası da qulaqlarını şəkləyib gözləyirdi ki, Qurban nə vaxt canından qopan ağrılara dözməyib anasını səsləyəcək.

Anası oğlunun səsini eşitsəydi, həyətə yarımüryan düşəcəkdi. Tamarzı gözlər zillənəcəkdi yeməli məmələrə. Sağ budundakı qara xal çoxunun yuxusuna haram qatacaqdı. Ağrısını içində azdırıb anasını ehtiraslı baxışlardan qorumaq istəyirdi səssizliyiylə.

Ağlağan söyüdün altında döyürdülər Qurbanı. Döyənlər bezib çəkildilər kənara. Qurban ayağa qalxdı. Bir-iki addım atıb dayandı. Dizindən qan gəlirdi. Başını qaldırıb ətrafına yığılmış insanlara baxdı. Və başladı zülüm-zülüm ağlamağa. Toz-torpağa bulaşmış əlinin arxasını çəkdi gözlərinə. Sonra yorulmuş səslə sanki özü öz qulağına pıçıldadı: hər şeyi atama deyəcəyəm...

12-13 yaşlı uşağın kəsərdən düşən hədəsini heç kəs eşitmədi. Eşitsəydilər, güləcəkdilər. Bu gülüş, dizinin yarasından daha bərk incidəcəkdi Qurbanı.

Əslində, atası yox idi. Anası Məleykə cavanlığını qucaqlarda soldurub ömrünün 38-ci pilləsinə çatanda qəfildən ayılıb ana olmaq istəmişdi. Bir neçə il itmişdi gözlərdən. Uzaqlara getmişdi. Qayıdanda uşağın biri qucağındaydı, biri qarnında.

Uşaqlar, ağlı kəsən kimi başlamışdılar atalarını soruşmağa. Suallardan təngə gəlib bir nağıl uydurmuşdu Məleykə. Bu nağılın baş qəhrəmanı Qürbət papaydı. Qürbət papa güclüydü, cəsuruydu. Əjdahalarla vuruşurdu. Divlərlə cəngə girirdi. Və bu döyüşlərdən sağ-salamat qurtulub üz tuturdu növbəti sərgüzəştlərə. Bircə Bakıya gələ bilmirdi Qürbət papa. Yol uzaq idi...

Məleykə müştərilərini evdə qəbul eləyirdi. Qapılarında siqnal səsi eşidən kimi bacı-qardaş qaça-qaça enərdilər aşağı. “Qürbət papa” deyib sarılardılar maşından düşən gonbul kişilərə. Maşının yük yerində nə vardısa daşıyardılar yuxarı. Sonra nənəsi, Qurban ilə bacısını yaxınlıqdakı bağa aparardı. Qonşular hər dəfə kef çəkməyə gələnlərin üzündə, gözündə uşaqlardan nəsə axtarırdılar. Tapa bilmirdilər ancaq. Gələnlərin heç biri Qürbət papa deyildi.

Uşaq idi o vaxtlar. Çox şeyi anlamırdı Qurban. Xətrinə dəyən həmyaşıdlarını - əl-ayağını cırmaqlayan pişikləri atası ilə hədələyirdi.

Bir də görərdin, məhlənin baş ağsaqqallarından sayılan Cabbar kişi Qurbanı oturdub yanında. Yetmiş neçənci dəfəsə cavabını aldığı sualı yenidən verir Məleykənin oğluna: “Bala, kimin oğlusan? Anan nə işlə məşğul olur?” Qurban başlayardı anasından eşidib əzbərlədiyi sözləri danışmağa. Boğula-boğula gülərdi Cabbar kişi.

Qurban böyüyürdü. Bacısı yekəlirdi. Onlarla bərabər ürəklərinin içində, gözlərinin dibində həsrət də böyüyürdü. Ata həsrəti...

Anasının kim olduğunu anlamışdı. Daha qapılarında əylənən maşınların qabağına qaçmırdı. Səhər çıxardı. Bir də məhlədən əl-ayaq çəkiləndən sonra qayıdardı evlərinə. Hamıdan asta gülərdi güləndə. Demək olar ki, danışmazdı. Kim istəsəydi, qulluğa göndərə bilərdi Qurbanı. Sözünü yerə salmazdı heç kəsin. Tək bircə istəyi vardı ürəyində: ona bicbala deməsinlər. Bicbala sözündən, bir də ölümdən çox qorxurdu. Artıq inanmırdı anasının uydurduğu Qürbət papa nağılına. Gözlərindən, beynindən, yuxularından silmişdi atasının şəkillərini. Dualarından, harayından çıxarmışdı atasının adını. Anlamışdı ki, yoxluq şəkillənmir. Yoxluğa surət vermək olmur-anlamışdı. Canını dişinə tutaraq həftədə bir neçə dəfə səsini içinə atıb döyülürdü Məleykənin oğlu.

Dözməmişdi...

Şaxtalı səhərlərin birində Qurban çıxmışdı yeddimərtəbəli binanın damına. Qollarını yana açıb üzünü tutmuşdu göylərə. Uçmaq istəmişdi. Bacarmamışdı. Yerə çaxılıb ölmüşdü...

Yas mağarı quruldu. Cabbar kişi oturdu yuxarı başda. Qonşu qadınlar, başsağlığına gələn kişilərin üzündə Qurbanı axtardılar yenə.

Ağlağan söyüdün altında qaynayan ehsanlıq samovarın istisinə növbə ilə qızınırdı insanlar...

# 957 dəfə oxunub

Oxşar xəbərlər

Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...

13:23 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
#
#
# # #