Aqşinin inandığı qadın

Aqşinin inandığı qadın
30 may 2014
# 08:00

Şəhriyar del Gerani

Elə cümlələr olub ki, o cümlələrin həqiqətinə çatıb sonra onu yazmışam. Elələri də olub yazmışam, daha sonra həqiqətinə çatmışam. Ya da heç çatmamışam. Bilmirəm niyə belədi, əvvəllər heç düşünməzdim bu barədə. Amma, son vaxtlar mənə elə gəlir ki, ədəbiyyat bir cümlənin həqiqətindən başlayır. Ola bilsin sən hadisəni bir cümləylə ifadə eləyə bilməzsən. Amma, sözü bilən adam, içində “söz” olan adam səni bir cümləndən tanıyır. Bu dünyada ədəbiyyatdan savayı tutunacaq bir şeyləri olmayan adamlar ömür boyu bir cümlə əsiri olurlar. Zatən bu adamları ayaqda saxlayacaq heç nə yoxdu...

Bir dəfə yazmışdım bunu: iki vur iki 4 edirsə - riyaziyyatdı, 5 edirsə - ədəbiyyat, yox elə 2 olaraq qalırsa - həyat! Bu cümlə həqiqətinə çatıban yazdığım cümlələrdəndi. Nədənsə həyatda həmişə belə olur, kimi kimə vurursan “heç kim” alınır, nəyi nəyə vurursan “heç nə”. Əlbəttə bu yazı-pozu adamının taleyidi, cümlə əsiri olanların yaşantısı. Ona görə belə adamlar həmişə həyatdan qaçır, riyaziyyatı danır, ədəbiyyatda isə öz istədiklərini alırlar. Daha doğrusu öz istədikləri nəticəyə gəlirlər. Məsələn, ikini ikiyə vurub 5 almaq kimi...

Adamları bir cümləsindən tanımaq olur. Bunu yuxarıda demişdim...

Aqşinin xəstəxanaya aparıldığını eşidəndə Cavidlə işdən çıxıb yollandıq “Semaşko”ya. Uzun çək-çevirdən sonra yerləşdirdilər infeksiya şöbəsinin 3-cü mərtəbəsində 10 nömrəli təkadamlıq palataya. Tibb bacısı “narahat olmayın, təkadamlıq sakit palatadır” - deyəndə bədənimdən tanış sızıltı keçdi. Axı nə qədər olar bu təkadamlıq?...

Tibb bacısı palatada geyinməsi üçün çəkələk lazım olduğunu da dedi. Gedib alıb gəldik. Biz gələndə dostlar şairlə sağollaşıb düşmüşdülər. Qalxdıq həm çəkələkləri verək, həm də bir “darıxma” deyib düşək. Liftdə mərtəbənin sanitarı ahıl yaşlarında olan bibiylə qarşılaşdıq. Bibi soruşdu ki, bala, siz hamınız şairsiz? Dedim, hə, bibi, siz də yazırsızmı? Dedi, yox, mən Yusif Vəzir Çəmənzəminlinin qohumuyam bala, o xəstə oğlana da dedim bayaqları...

Gəldik palataya. Bibi də bizimlə gəldi. Aclığı-susuzluğu varmı deyə soruşdum Aqşindən. Çay olsaydı yaxşı olardı dedi. Bu dəm bibi “Tefal gətirməmisiz?” - deyə reaksiya verdi. Dedim, bibi, narahat olma, sabah gətirəcəyik, bu günlük siz çayı kəm eləməyin, xahiş edirəm. Mən bibiylə bu kiçik dialoqu eləyəndə Aqşin sarsılmış səsiylə əlavə elədi: “Abi, narahat olma e, bibi Çəmənzəminlinin qohumudu”...

Bəli, əfəndilər, Aqşinin həmin vaxt həkimlərdən, tibb uzmanlarından da çox inandığı həmin o sanitar bibiydi. Ona görə ki, Çəmənzəminlinin qohumuydu. O, Aqşini çaysız qoymazdı. Yeri gəlsə, Aqşini sağaldardı da! Çünki, bibinin zatında ədəbiyyat vardı.

Aqşinlə çox yeyib-içmişik. Əlbəttə, məhz içmişik. Gözlərinizi bərəltməyin. Yeməyimiz olmayıb, hətta, şəkərburayla da içdiyimiz olub. Amma, Aqşinin özünü bir cümləylə bu qədər ifadə elədiyini görməmişdim...

Bizim tutunacağımız heç nə yoxdu, əfəndilər! Biz, maaş kəsə bilmirik, rüşvət ala bilmirik. Əlimizdən heç nə gəlmir. Biz, alver də eləyə bilmirik. Bir dəfə dostumun marketinə getmişdim. Ucdantutma vitrinlərin üstünə vurulmuş elanlarda, bildirişlərdə, reklamlarda redaktə səhvləri tuturdum. Dostum əlini çiynimə qoyub dedi: “Sən nə bədbəxt adamsanmış, bu səhv tutduğun adamlar “Ferrari”də gəzir, sən də cırıq ayaqqabıyla gəlib onları redaktə eləyirsən”. Dostum haqlıydı, əlbəttə. Amma, bir şeyi unutmuşdu. Nə bilim e, özünüz tapın nəyi unutduğunu. Daha yorulmuşam. Yorğunam...

# 3964 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #