Homoseksualizm - OK, bəs uşaqbazlıq?

Homoseksualizm - OK,  bəs uşaqbazlıq?
27 yanvar 2015
# 13:50

Alpay Azər

“Dünyada bir kabus dolaşmaqdadır. Homoseksualizm kabusu”… Alman filosofu və sosioloqu Karl Marksın bir zamanlar “kommunizm”lə bağlı dediyi bu fikiri günümüzün reallığına uyğunlaşdırsaq, yəqin ki, yanılmarıq. Azərbaycanda bir il öncə gənc homoseksualın məlum intiharından sonra bu mövzu yenidən müzakirə olunur.

İstər qloballaşmanın təsirindən, istərsə də elə bunun nəticəsi olaraq liberal düşüncəli gənclərin sayının artması nəticəsində, homoseksuallığı bir dəyər kimi əsasən konservativ dəyərlərin hökm sürdüyü cəmiyyətimizə sırımaq istəyənlər fəallaşıblar. Liberalların tez-tez təkrarladıqları, sual şəklində qoyduqları bir tezis var: əxlaqsızlıq Şərqdə yaranıb, indi durub texnologiyasını, inkişaf modelini əxz etdiyiniz, telefonlarını, kompyuterlərini istifadə etdiyiniz Qərbi hansı haqla qınayırsız? Məsələ burasındadır ki, tarixi az-çox bilən şərqlilər heç də bunu inkar etmir. Yəni dünyanın qədim tarixi öz başlanğıcını Şərqdən götürdüyü üçün əxlaqsızlığın orda peyda olması təbii idi. Amma bundan çıxış edib deyə bilmərik ki, əxlaqsızlıq Şərqdə yaranıb deyə, biz onu yaşatmağa davam etməliyik və ya onun müxtəlif şəkillərdə təbliğ olunmasına tolerant yanaşa bilərik.

Homoseksuallara tolerantlıq məsələsinə gəldikdə siə sual meydana çıxır: biz nəyə tolerant olmalıyıq, bu fenomenin mövcudluğuna, təbliğatına, yoxsa homoseksual evliliyin leqallaşmasına? Hələ ki, Azərbaycanda leqallaşma məsələsi heç ictimai müzakirə səviyyəsinə belə çıxarılmayıb.

Dünyəvi dinlərin mövcud olduğu məlum tarixi ərazidə dindar, ya adət-ənənəyə müəyyən qədər bağlı olan bir kəs, bir sözlə, istər yəhudi, xristian, istərsə də müsəlman olsun, əxlaqsızlıq sayılan homoseksualizmə tolerant ola bilməz. Elə homofobiyanın da kökü burdadır. Sadə dillə desək, dinin yanaşması belədir, – bunu etmə, meyl varsa, özündə iradə tap, uzaq ol Allahın lənətlədiyi bu haramdan, dua et Allaha ki, sənə qüvvət versin, iradəni gücləndirsin haramdan uzaq olmaq üçün. Sizə müsəlman saytlarından birində oxuduğum hadisəni misal çəkim.

Hansısa Avropa ölkəsində yaşayan bir müsəlman kişi forumların birində onda pedofiliyaya meyl olduğunu, amma dindar olduğu üçün bunu etmədiyini etiraf edirdi. Ehtiras bu adamda o həddə gəlib çıxıbmış ki, axırda psixoterapevtə müraciət edib, yanına bir neçə dəfə gedib müalicə kursu alandan sonra bu mərəzdən xilas ola bilibmiş. Və yenə də loru dillə desək, sonda dindar, ya lağ olunan mentalitet tərəfdarı homoseksuallıq ideologiyasını yayanlara bu sualı verir: Yaxşı, bunu edirsənsə, niyə bununla fəxr edirsən? Niyə bunu dəyər kimi təbliğ edirsən?

Adətən, homoseksualları əxlaqsızlıq hesab etməyən tolerantlar mentalitet tərəfdarlarına bu sualı verir: niyə rüşvətxorlara əxlaqsız demirsiz, amma o dəqiqə Allahın yaratdığı eynicinslilərə əxlaqsızlıq damğasını yapışdırırsız? Elə bu məntiqlə rüşvətxora da haqq qazandırmaq olar, demək olar ki, Allah başqalarıyla müqayisədə ona daha çox nəfs verib, – nəticədə rüşvətxor gündə balıq kürüsü yeməyi, yayda Kanar adalarında dincəlməyi, bahalı maşınlar sürməyi istəyir.

“Homoseksualların içində gözəl insanlar, istedadlı incəsənət adamları var” deyənlərə də söyləmək olar ki, rüşvətxorların da arasında əliaçıq, ürəyigeniş, mehriban insanlar var: kasıb qohuma dərmana, əməliyyata pul lazım olanda, borc üçün rüşvətxor qohuma üz tutur, o qohum da, görürsən, borc kimi yox, elə yardım kimi cibindən çıxardıb iki min-üç min manat pul verir ehtiyacı olana. Rüşvətxor valideyn balaları üçün gözəl şərait yaradır, – övlad sevgisi dəyəri məgər pis şeydirmi?

Əlbəttə, rüşvətxorluq pis şeydir, çünki mülkiyyət və pul vətəndaşlar arasında düzgün və ədalətlə bölünmür. Ağrısını da əməliyyata pul lazım olanda, dövlətdən vəsait almalı olan, amma bunu ala bilməyən, üstəlik, varlı və səxavətli qohumu olmayan kasıblar çəkir. Sadəcə, bu misalları çəkməklə homoseksuallığı dəyər kimi sırımaq istəyənlərin məntiqlərinin əsassız olduğunu demək istəyirik. Onların məntiqiylə svinqerliyə də (Heteroseksual, yəni ənənəvi evli və ya sevgili cütlüklərin öz ər-arvadlarını, sevgililərini əks-cinslilik əsasında bir-biriləri ilə dəyiş-düyüş etmələri) “haqq qazandırmaq” olar, demək olar ki, burda nə var ki, hər şey “sivil” qaydada, zorakılıq olmadan, kiminsə haqqını pozmadan baş verir.

Homoseksuallıqla bağlı dünyada gedən proseslər onu göstərir ki, bu məsələdə demokratiyanın əsas prinsiplərindən biri olan insan haqları belə biabırçı şəkildə pozulur.

Söhbət artıq dünyanın aparıcı 14 Qərb ölkəsində eynicinsli ailələrə övlad saxlamaq hüququnun verilməsi, eləcə də bəzi Skandinaviya ölkələrində pedofiliyanın legitimləşdirilməsini istəyən partiyaların mövcudluğundan gedir. İş o yerə çatmışdı ki, keçən il Fransa prezidenti Fransua Oland Senatın qəbul etdiyi eynicinslilərə övlad saxlamaq hüququnu verən qanunu təsdiq edəndə, Parisdə bunun əleyhinə çıxış edən on minlərlə etirazçının arasında elə həmin cinsi azlıqların nümayəndələrinə rast gəlinmişdi. Bir vaxtlar atılmış uşaqları övladlığa götürmüş eynicinsli ailə nümayəndələri həmin nümayişlərə gəlmələrini belə izah edirdi: hətta Fransa kimi liberal bir cəmiyyətdə belə homoseksual valideynlərin himayəsində böyüyüb tərbiyə alan uşaqlar cəmiyyət içinə çıxanda, psixoloji rahatsızlıqla üzləşirlər. Faktiki olaraq, söhbət elə uşaqların hüquqlarının pozulmasından gedir, – bu, elə hardasa demokratiyanın psevdodemokratiya forması alması mənasına gəlir.

Deyə bilərlər ki, Azərbaycanda tolerantlıq, demokratiya nə qədər inkişaf etsə, təbliğ olunsa belə, bu fenomenin Avropa ölkələrində olduğu kimi, sözügedən formalarda legitimləşdirilməsi qeyri-mümkündür. Yaxşı, fərz edək ki, ölkəmizdə yaxın 30-50 ildə eynicinsli ailələrə hüquqi status verilməyəcək. Amma kim qarantiya verə bilər ki, tolerantlığı tələb edənlərin istəkləri başqa iyrənc formada həyata keçməyəcək. Məsələn, bəzi Qərb ölkələrini misal çəkərək, bunun az qala dəyər kimi orta məktəb dərsliklərinə salınması tələbləri irəli sürülməyəcək, beynəlxalq təşkilatlara petisiyalar-filanlar yazılmayacaq. Və təbliğat o səviyyədə aparılacaq ki, sonda əhalinin tutaq ki, 30-40 faizlik kəsimi tədricən homoseksuallığa adi dəyər kimi yanaşacaq.

Bu baxımdan, homoseksuallığa qeyri-tolerant yanaşan coxluğu başa düşmək lazımdır. Çoxluğun nəyisə qəbul etməməsi elə demokratiyanın göstəricisi deyilmi?

# 1751 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #