Obrazın müəllifə çevrilməsi

Obrazın müəllifə çevrilməsi
14 mart 2018
# 10:54

Kulis.az Şərif Ağayarın “Obrazın müəllifə çevrilməsi” essesini təqdim edir.

Postmodern epoxa sosial şəbəkələrin inanılmaz texniki imkanları hesabına əli klaviatura və qələm tutan hər kəsə yazmaq, özünü ifadə etmək, necə deyərlər jurnalist və yazıçı olmaq imkanı verib. Lakın hələ imkanın verilməsi hər kəsin jurnalistə, yazıçıya – müəllifə çevrilməsi demək deyildir.

Sosial şəbəkə istifadəçilərinin çoxu müəllif olmaq istədiyi halda obraza çevrilirlər. Hadisələrin içindən sıyrılıb ona yaradıcı-sənət rakursundan baxa bilmirlər.

Qısa bir test edək. Səkiylə açıq-saçıq geyinmiş gözəl bir qadın gedir və küçəylə maşın sürən A və B adlı iki nəfər qadını yüksək həssaslıqla müşahidə edir. A bu gözəlliyin fərqinə vararaq istədiyi həyəcanı yaşayır, lakin maşını da ustalıqla idarə edir. B qadının gözəlliyi qarşısında özünü itirir, çaşır və qəza törədir.

Bu analogiyada A təsəvvüründəki təsiredici gözəlliyə münasibətdə daha ayıqdır. Çünki tam olaraq özünü bu təsirə qapdırmır. Beləliklə, təsəvvüründəki gözəllik fiksiyasına kənardan baxa bilir və daha ağıllı nəticələr çıxarır. B isə kənar təsir sayəsində özünü itirir və hadisəyə ağılla, intellektlə yanaşa bilmir.

Yazı da bu cürdür.

A anasının vəfatı ilə bağlı təsirli bir status yazıb. B də eyni təsirə malik eyni məzmunda status paylaşıb. A müəllif kimi yazıb, B obraz kimi. A-nın yazısı təsirlidir, B-nin başına gələnlər. Ona görə A-nın mətninə münasibət bildirildiyi halda B-yə başsağlığı verirlər, könlünü almağa çalışırlar.

Misalımızı inkişaf etdirərək ciddi ədəbiyyata da şamil edə bilərik. Azərbaycan yazıçı və şairlərinin böyük bir nəsli yazdığı əsərlərin müəllifi yox, obrazıdır. Müəllif yerini nişan verdikcə, təsvir etdiyi hadisələrə açıq münasibət bəslədikcə mətnindəki “tanrılıq” funksiyasını itirib tərəfə çevrilir. Xırdalanır, balacalaşır, yazdığı mövzuya əzilir. Bu, komik aktyorun öz dediyi sözə gülməsinə, idmançının qaldırdığı ştanqın altına yıxılmasına bənzəyir.

Əgər sən obrazsansa, mətnindəki əhvalat, müəllifsənsə mətnindəki sənətkarlıq diqqət çəkir. Ədəbiyyat isə, biləsiniz, əhvalat danışmaq yeri deyil.

İşin bu incə tərəfini bilməyən sadəlövh oxucular və bəzən də yazarlar çox zaman müəllifdən soruşurlar: “Yazdığınız filan hadisə doğrudanmı olub?”

Suala sualla cavab verirəm: “Sizcə, məsələ yazılan hadisənin həqiqətən də olub olmamasındadır?”

Və dərhal cavab verirəm: “Əsla!”

Məsələ yazılanın söz sənətkarlığı səviyyəsinə qaldırılmasındadır.

Başına gələni qələmə alsan belə, onu elə yazmalısan ki, sənə səbr və dözüm arzulamaqdan çox mətnin gözəlliyi haqqında danışsınlar. Sən bununla obrazdan müəllifə çevrilmiş olursan.

Balaca bir misranın da, bir statusun da, bir deyimin də həm müəllifi, həm obrazı ola bilərsən.

Üzləşdiyin hadisəni “Sənə yaralı bacın qurban!” kontekstindən çıxarıb, oanki əhvalın poetik heykəlini yarada bilməlisən.

Dünyanın bütün ciddi qələm adamları özünü obrazdan müəllifə çevirənlərdir.

Bundan ötrü sözdən sənətkarcasına istifadə etməyi bacarmalısan.

# 2195 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #