Ələm və qələm...

Ələm və qələm...
19 noyabr 2013
# 18:46

"525-ci" qəzetin redaktoru Yusif Rzayev Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlunun "Uçan ələm" yazısına cavab verib. Kulis.Az həmin cavabı təqdim edir.

Özünün və sözünün səmimiyyətinə inandığım, Qabil Abbasoğlu! “Uçan ələm” yazını indicə oxudum – yəni gec oxudum. Amma soyuq plovun da bir özgə dadı olur ha, dadaş!

Dadaş dediyimə baxma, yazını bəyənmədim. Məramın, niyyətin aydındı və bu yerdə səmimiyyətinə yüzdə yüz inanıram. Fəqət, əziz qardaş, inanmadığım, daha gerçəyi, razılaşmadığım ciddi məqamlar var.
Ona görə razılaşmıram ki, prokuror kimi ittiham eləyirsən.
Ona görə razılaşmıram ki, polis rəisi kimi hökmlə danışırsan.
Ona görə razılaşmıram ki, hakim kimi (səhra hakimi!), ədalətli olanı yox, doğru bildiyin hökmü kəsirsən.
Düz deyirsən, bu görüntü, bu mənzərə –
1. yumşaq desək, arzuolunmazdı.
2. yumşaqdan bir az ötə desək, xurafat və cahillikdi.
3. ondan da bir az o tərəfə desək, ... nə desək, pisdi, çox pisdi, ən pisdi...
Niyə?
1. Ona görə ki, biz bu lotuluğu tarix boyu laaap çoxdan görmüşük.
2. Ona görə ki, bizim tarix boyu bu lotuluğa tüpürən və buna görə söyülən, lənətlənən Axundov, Mirzə Cəlil kimi qibləgahlarımız olub.
3. Və bir də ona görə ki, bütün bunlar hüquqi sənədlərdə üzünü Avropaya tutan Azərbaycanda yaşanır.
Amma həm də düz demirsən:
1. Ona görə ki, prokuror kimi ittiham eləməkdən asan şey yoxdu.
2. Ona görə ki, polis rəisi kimi hökm verməkdən asan şey yoxdu.
3. Ona görə ki, səhra hakimi kimi qərar çıxarmaqdan asan şey yoxdu.
Niyə?
1. O ələm uçuran adam heç kimdi.
2. Ələm uçuran o “heç kim” heç kimin adamı-zadı deyil.
3. Və nəhayət: problem ələm uçuranda da o adamda yox, başına yığışıb ona inananlardadı.
Əziz dost! Ən çox biz bilirik – sən və mən. Çıxdığımız o kənd-kəsəkdən bu neçə ildə nə qədər adam sənə və mənə müraciət edib deyib ki, haqqımı tapdalayırlar? Yəqin ki, çox, laaap çox. Neçəsinə kömək eləmişik – yəni neçəsinə kömək eləməyə gücümüz çatıb? Laap azına. Əvvəla, biz nəyə görə adamlara haqqı olan işə görə kömək eləməliyik, ya da niyə o bizə buna görə ağız açmalıdı? Sonrasına qalanda, bəs biz kömək eləmədiklərimiz, bəs qalanı? Onlar haqqını harda tapsınlar?
Prokurorda? – Axı o, ittiham eləyir...
Polis rəisində? – Axı o hökmlə danışır...
Hakimdə? – Axı o, ədalətli olan yox, doğru bildiyi hökmü kəsir.
Bax onda, əziz dost, əli hər yerdən üzülmüş savadsız, oxumamış adamlar – bu ölkənin vətəndaşları pirə, ocağa üz tuturlar, “ələm uçuran”lara, dinə oyuncaq kimi baxan şarlatanlara pənah aparmalı olurlar.
Qoca Servantes dünyaca məşhur “Don Kixot”un proloqunda oxucuya xitabən yazırdı - mən də istəyərdim ki, yazdığım bu əsər sənə zövq versin, amma bu zindanda, mənim bu dar düşüncəm ancaq bu arıq-uruq, sür-sümüyü çıxmış ərköyün oğlan haqda (Don Kixotu deyir) yazmaqdan savayı heç nəyə yaramır. Ancaq sakit məkan, dinclik, göz oxşayan vadi, açıq səma, şırıldayan bulaqlar – bunlar ən qısır ilhamı da hərəkətə gətirə bilər və bunun sayəsində həmin o ilham sahibinin yaratdığı dünyanı heyran qoyar.
İncə duyğulu, zərif yazılar gözəl məkanda yaranır – gözəl çiçəklər gözəl bağlarda, bağçalarda yarandığı kimi.
İnsan da belə yetişir – gölməçədə qurbağa olur, gülüstanda ceyran!
Həlləm-qəlləm dünyadı, dost!
Yazı Yusif Rzayevin Facebook səhifəsindən götürülüb.
# 2647 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #