Maral Tahirqızına yengəlik edən aparıcılar

Maral Tahirqızına yengəlik edən aparıcılar
9 may 2018
# 07:57

Səhər-axşam videolarını paylaşıb, ələ saldığınız xanım var ha, Maral Tahirqızı, elə bilirsiniz o təkdir? Sizə o qədər “Maral” sayaram ki, dastan olar. Guya özünüz tanımırsınız? Sadəcə o yazığı yiyəsiz görüb, üstünə çımxırırsınız. O gün də bir verilişə çağırıb, “biabır” ediblər. Mən də izlədim, aparıcı qəzəblə “Azərbaycan musiqisinin qara nöqtəsi, utanc yerisən”- dedi.

Düzü, Mətanətin şpaqatından, Zaurun hamam xalatından sonra fikirləşirdim ki, daha məni yerli kanallarda təəccübləndirən nəsə olmayacaq. Amma yanılmışam. Çağırdığı qonağı bu şəkildə aşağılayan aparıcıya hələ rast gəlməmişdim, bu da oldu. Tahirqızının musiqidə “törət”diyini aparıcı efirdə elədi. Peşəkar musiqiyə görə Maralın ifası nədirsə, televiziya standartlarına görə aparıcının öz qonağını təhqir etməsi odur.

BBC-dən Naomi Qoldsmit adlı müəllimim vardı. Hətta bir narkomandan, fahişədən müsahibə alan zaman elə təqdim edin, münasibət qurun ki, şərəf və ləyaqətinə toxunmasın, mənliyi alçalmasın, qüruru inciməsin deyirdi. Çünki aparıcı açdığı müzakirədə tərəf olmamalı, münasibət bildirməməli, əgər mübahisəli mövzudursa, əks mövqelərin birgə iştirakını təmin etməli və hər kəsə fikrini ifadə edə bilməyi üçün bərabər şərait yaratmalıdır. Əgər qüsur, problem varsa, aparıcı bunu ekspertlərin dili ilə gündəmə gətirməlidir. Bəzi istisnalar var, amma bunun bəhs etdiyimiz “Maral” söhbətinə aidiyyatı yoxdur. Odur ki, qınamaq, barmaq silkələmək, ağsaqqallıq və yengəlik etmək kimi cəhdlər aparıcılıq missiyasına daxil deyil. Mən qeyd etdiyim beynəlxalq TV standartlarıdır. Yəni peşəkarlıq şərtləri və tələbləridir. Bu qədər həssas və tələbkar bir jurnalistika məktəbi üçün bir aparıcının qonağı aşağılaması televiziyanın qara nöqtəsi, utanc yeridir. Gördüyünüz kimi musiqimizin olduğu kimi televiziyalarımızın da öz “Maral”ları var!

M.Tahirqızına gəlincə isə, nə səsi var, nə də sənəti. Paylaşdığı videolarla özünü lağlağı hədəfinə çevirir. Bəs niyə verilişlərə dəvət edirlər? Məgər ondan başqa oxumağı bacarmayan yoxdur? Əlbət ki, var. O zaman nə üçün məhz Maral? Çünki adam ciddi qəbul olunmasa da populyar biridir. Sosial şəbəkələrdə yerləşdirdiyi videolar yaxşı izlənir, xeyli rəy yazılır, bir aləm adam paylaşır. Verilişə gələndə də tamaşaçı toplaya bilir, baxılır, reytinq gətirir. İnsanlar onun oxumasına, danışığına gülsələr də həvəslə izləyirlər.

O da başqa bir mövzudur ki, niyə bir professorun ciddi çıxışı az, Maralın, Telli Borçalının söhbəti çox baxılır? Səbəbi çox uzun-uzadı olsa da, qısa nəticəsi budur ki, tamaşaçı kimə baxmaq istəyirsə, aparıcı onu dəvət edir. Yəni siz efirdə nə görmək istəyirsinizsə, onu da göstərirlər. Neçə layihə bilirəm ki, baxmadığınız üçün bağlandı. Hamısı da faydalı, maarifləndirici verilişlər idi. İntəhası o idi ki, qalmaqal, şou, musiqi, bədbəxt talelər yox idi. Di gəl, falçı Bayramın çığırtısı bir alimin nitqindən çox baxış toplayır. Yazıq aparıcılar da verilişlərinin davam etməsi üçün efirdə sizi maraqlandıran cürbəcür zadlar edirlər. Kimi sağlam adamı studiyaya xərəkdə gətirir, kimisi Bayramı çığırdır, bir başqası xələt geyinir. Hamısı siz tamaşaçılar üçündür. Baxmayın, onlar da məcbur qalıb ağıllı veriliş çəksinlər. Bəlkə özləri də bezib gündə bir hoqqa çıxarıb, sizi ekrana cəlb etməkdən. Belə davam etməyin, özünüz də yazıqsınız, elə o aparıcılar da...

# 2229 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #