Gəlinlərin evdən qaçmasına niyə sevinirəm

Gəlinlərin evdən qaçmasına niyə sevinirəm
13 iyun 2017
# 11:03

Ara-sıra gəlinlərin evdən qaçması xəbəri yayılır. Əksəriyyət qaçaq gəlini qınasa da, səbəbi ilə maraqlanan çox az olur. Hələ qaynananı, əri tapıb dindirdilərsə, gəlin birdəfəlik “batdı”. Hərə əlinə bir “namus balta”sı götürüb, cumur qaçanın üstünə. Adətən ər evinin açıqlamaları da təxminən eyni olur, əxlaqsız imiş, xəyanət edirmiş, sevgilisi varıymış, bu məzmunda başqa “mışmış”lar və “mişmiş”lər.

Yanlış anlamayın, evdən qaçmağa nə haqq qazandırmıram, nə də təbliğ etmirəm. Amma gəlini “baltalamadan” əvvəl bəlkə niyəsini də düşünək? Bir kənddə, sadə bir ailədə, 3 uşaq anası övladlarını da atıb niyə qaçsın ki? Kifayət qədər müəmmalı və düşündürücü deyilmi?

Gəlinin evdən qaçması sadəcə nəticədir. Biz ancaq nəticədən xəbər tuturuq. Uzun, çətin, cəhalət dolu yolun son dayanacağıdır evdən qaçış. Nəticəyədək baş verənləri öyrənsəniz, o durumda olan digər gəlinlərin indiyədək qaçmadığına təəccüblənərsiniz. Səbəblər o qədər dərin və dolaşıqdır ki, hətta bəzən sevgilisinə qoşulub qaçan gəlini də qınamaq olmur. Çünki təqsir hamıda, daha çox da cəhalətdə boğulan düşüncələrdədir.

Siz cəmi 1-2 sinif oxumuş, toplama-çıxma bilməyən, 12 yaşında barmağına üzük taxılmış, 15 yaşında başına fata çevirib ər evinə yola salınan, özünün və ərin kim olduğunu dərk etmədən qucağına körpə alan gəlinlərdən nə gözləyirsiniz ki? Ailəni dərk etmədən, analığa hazır olmadan bir də gözlərini açırlar ki, 3 uşaqları var. Övladların qayğısı, ailənin ağır yükü, üstəlik qaynata-baldız hökmranlığı, ər kötəyi balaca canlarını o qədər əzir ki, yetkinləşməyə macal tapmırlar. Çoxu elə gəlin köçdüyü yaşda və dünyagörüşündə qalır.

Düzdür, bu şərtlərlə uğurlu ailə quran, yetkinləşən qızlar da var. Demək olmaz ki, erkən ərə gedənlərin hamısı eyni aqibəti yaşayır. Amma xoşbəxt sonluq çox azına qismət olur. Yaxud da xoşbəxt olmasalar da çoxunun ailəsi sonadək davam edir, dağılmır. Çünki dözürlər, dözə bilirlər. Əksəriyyəti də zənn edir ki, elə belə də olmalıdır. Ər ildə 1-2 dəfə “ruset”dən gəlsə bəs edər, hər ay pul göndərməsə də olar, evdə hər gücü yetən başına qapaz vura bilər. O isə bütün kobud rəftarlara rəğmən səsini çıxarmamalıdır. Səsini çıxarmayıb, hər rəftara boyun əyəndə isə zamanla sinir sistemi çökür, psixika zədələnir.

Çoxu dözür, azı evdən qaçır. Qaça bilməyən isə intihar edir. Bir də eşidirik ki, filan rayonda 4 uşaq anası tövlədə özünü asıb.

Deyə bilərsiniz ki, məgər ağılsızlığı ucbatından qoşulub qaçan, ailəsini atan gəlinlər yoxdur? Yaxud da elə hər çətinlik görən qadın evdən qaçmalıdır? Əlbəttə ki, yox. Amma axmaqlıq edən azdır və bu yazımın onlara aidiyyatı yoxdur. Həmçinin çətinliyə görə qaçmaq çıxış yolu deyil. Birinin ailə həyatı dözülməzdirsə, psixoloji-fiziki zərər görürsə, sivil qaydada boşana bilər.

Di gəl dərd orasıdır ki, bu biçarələr boşana da bilmirlər axı. Əvvəla erkən ərə getdikləri üçün nikah bağlanmır. Ən çoxu boğçasını götürüb ata evinə gedə bilərlər. O da hər ata qayıtmış qız istəmir. Gəlinlər də bunu yaxşı bilir. Yoxsa anaları ağız-burunlarının qanını silib, “bir az da döz, ərin yaşlaşanda düzələcək” deyib, yenə ər evinə yollamazlar. İndi təsəvvür edin, ər evi dözülməzdi, ata evi qəbul etmir, xoşbəxtlikdən özünü öldürməyə əli gəlmir, qaçmaqdan başqa çarə qalırmı?

Əslində çarə olardı, əgər o da təhsil alsaydı, əlinin sənəti olsaydı, bir peşənin qulpundan yapışsaydı, azdan-çoxdan hüquqlarını bilsəydi. O zaman cəhalətə belə müti qul olmazdı, təpik-şillələri sinəyə çəkib, hər təhqirə boyun əyməzdi, ləyaqətini alçaldan, özünə güvəni məhv edən rəftarlara “dur” deməyi bacarardı. Evdən gizlincə qaçmazdı, başını dik tutub ona zülm edənlərin gözünün içinə baxa-baxa qapını çırpıb gedərdi. Əliboş deyil, alçalmaqdan xilas etdiyi qadınlıq mənliyini və ləyaqətini götürüb elə gedərdi.

Ona görə məni qınamayın, “gəlin qaçdı” xəbərini eşidəndə sevinirəm, intiharı deyil, qaçmağı seçdiyi üçün...

# 1661 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #